ABŞ prezidenti Tramp Ukrayna prezidenti Zelenskinin qiymətli metallarla bağlı sazişi imzalamaq üçün bu həftə və ya gələn həftə Vaşinqtona səfər edəcəyini açıqladı. Tramp razılaşmanın yekunlaşmağa çox yaxın olduğunu bildirib.
Tramp həmçinin Ukraynadakı münaqişənin bir neçə həftəyə sona çata biləcəyini dyib: “Ağıllı olsaq, müharibə yaxın həftələrə bitə bilər. Əks halda, lazımsız can itkisi davam edəcək və bunu heç kim istəmir”.
Bu arada, Kiyevə səfər edən Avropa Komissiyasının rəsmiləri Ukraynaya ABŞ prezidenti Donald Trampın “nadir metallara çıxış” haqqında təklif etdiyi sövdələşməyə alternativ təkliflə çıxış edib. Belə bir bəyanatla Avropa Komissiyasının sənaye strategiyası üzrə komissarı Stefan Sejourne çıxış edib.
O, qeyd edib ki, Ukrayna Avropa üçün 30 mühüm resursdan 21-ni təmin edə bilər və bu, qarşılıqlı faydalı tərəfdaşlığın bir hissəsi kimi qiymətləndirilə bilər.
Sejourne vurğulayıb ki, Avropanın təklifi ilə ABŞ-ın təklifi arasındakı fərq onun mütləq qarşılıqlı maraqlara söykənməsidir. Lakin təklifin təfərrüatları açıqlanmayıb.
Xarici media yazır ki, ABŞ və Ukrayna arasında aparılan ikitərəfli danışıqlara əsasən, Ukraynanın yenidən qurulması üçün yaradılacaq fondun həcmi 500 milyard dollara çata bilər. Qeyd edilir ki, saziş layihəsinə əsasən, Ukrayna təbii ehtiyatlar, infrastruktur və digər aktivlərdən əldə etdiyi gəlirin 50%-ni bu fonda köçürəcək. Eyni zamanda Ukraynanın ABŞ-dan aldığı yardımın iki qatını fonda ödəməsi nəzərdə tutulur. ABŞ-ın Maliyyə Nazirliyi, Ticarət Departamenti və Vitse-prezident ofisi tərəfindən idarə olunacaq fond, Amerikanın iqtisadi maraqlarını qorumaq və Ukraynanın sürətli yenidən qurulmasını təmin etmək məqsədi daşıyır.
TAHİR