Elşən Manafov: “Üzdə sülh istəsə də, bölgənin təhlükəsizlik arxitekturasının dəyişdirilməsində maraqlı olan Qərb...”
Məlum olduğu kimi, Ermənistanda konstitusiya dəyişikliyi və yeni milli təhlükəsizlik konsepsiyası gündəmdədir. Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan xalqa “ideoloji müraciət” edərək konstitusiyanın dəyişdirilməsi üçün referendum keçirilməsinin vacibliyini bildirib.
Onun sözlərinə görə, hazırkı konstitusiyanın qəbul edilməsi ilə bağlı keçirilən əvvəlki referendumlar legitimlik baxımından cəmiyyət tərəfindən ciddi sual altına qoyulub. Baş nazir vurğulayıb ki, yeni konstitusiyanın qəbulu mühüm məsələdir. O, Ermənistanı “dövlətsiz xalq” statusundan çıxararaq, dövlətçilik fəlsəfəsinə sahib bir millətə çevirmək üçün konstitusiyanın dəyişdirilməsinin əsas strateji məqsəd olduğunu bildirib. Bununla yanaşı, Paşinyan ölkənin milli təhlükəsizlik strategiyasının nəzərdən keçirilməsi üçün idarələrarası komissiyanın yaradılması haqqında fərman imzalayıb. Fərmana əsasən komissiyanın tərkibinə nazir müavinləri və təhlükəsizlik orqanlarının rəhbərləri, parlamentin müdafiə və xarici əlaqələr komissiyalarının rəhbərləri də daxil olacaq.
Bütün bu deyilənlərin fonunda maraqlıdır, Ermənistan konstitusiya dəyişikliyi və yeni milli təhlükəsizlik konsepsiyasını nə məqsədlə ortaya atıb?
“İrəvan region üçün təhlükə mənbəyinin rəsmi Bakıdan gəlməsi fikrini qabartmaq istəyir”
Sözügedən məsələyə aydınlıq gətirən politoloq Elşən Manafov “Bakı-Xəbər”ə açıqlamasında bunda Ermənistanın bir neçə məqsədinin olduğunu bildirdi: “İstənilən ölkənin konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi həmin ölkənin siyasi, iqtisadi və sosial sistemində baş vermiş dəyişikliklərlə əlaqədar olur. Bunlar qanunvericilikdə müəyyən boşluqlar yaradır və onların hüquqi baxımdan tənzimlənməsi zərurəti ölkənin əsas qanununa əlavə və dəyişikliklərin edilməsini qaçılmaz edir. Ermənistan Konstitusiyasına dəyişikliklər isə həm də onun Azərbaycanla sülh danışıqlarına mane olan konstitusiyanın bəlli müddəaları ilə bağlıdır. Daha doğrusu, ölkənin müstəqillik bəyannaməsində Azərbaycana yönəlik ərazi iddiaları var. Bu baxımdan rəsmi Bakı haqlı olaraq bu müddəaların ölkənin əsas qanunundan silinməsini tələb edir. Bu isə referendumun keçirilməsi və qanuna müvafiq dəyişikliklərin edilməsindən keçir. Bunsuz Ermənistanla imzalanmış sülh müqaviləsinin uzunmüddətli siyasi, hüquqi effekti və ya təminatı ola bilməz. Ölkənin təhlükəsizlik konsepsiyası da, yenə də Azərbaycanla regional təhlükəsizlik problemlərinin həllinə fərqli baxışlardan irəli gəlir. Ermənistan üzdə sülh istəsə də, bölgənin təhlükəsizlik arxitekturasının dəyişdirilməsində maraqlı olan Qərb dövlətlərinin, xüsusilə Fransanın vasitəsilə surətlə silahlanır. Beləcə, yeni təhlükəsizlik konsepsiyası ilə bu siyasətini ört-basdır etmək, region üçün təhlükə mənbəyinin rəsmi Bakıdan gəlməsi fikrini qabartmaq istəyir”.
Vidadi ORDAHALLI