Almaniyanın Münhen şəhərində keçirilən təhlükəsizlik konfransında iştirak edən avropalı müttəfiqləri sərt şəkildə tənqid edən edən ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens onları “daxildən gələn təhlükə”yə qarşı xəbərdar edərək, Avropa hökumətlərinin həddindən artıq senzura tətbiq etdiyini və “nəzarətdən çıxmış miqrasiya” ilə adekvat şəkildə məşğul olmadıqlarını vurğulayıb.
Sitat - “Avropa ilə bağlı məni ən çox narahat edən təhlükə Rusiya deyil, bu, Çin də deyil, başqa bir kənar amil də deyil. Məni narahat edən məqam daxildən gələn təhlükə və Avropanın bəzi ən fundamental dəyərlərindən, o cümlədən Amerika Birləşmiş Ştatları ilə ortaq dəyərlərindən geri çəkilməsidir” - sitatın sonu. Vens onu da qeyd edib ki, Avropa və ABŞ-ın üzləşdiyi bütün aktual problemlər arasında “miqrasiyadan daha aktual heç nə yoxdur”.
Tramp administrasiyasının “Avropanın təhlükəsizliyindən çox narahat olduğunu və Rusiya-Ukrayna münaqişəsinin həllinə nail olacağına inandığını qeyd edən vitse-prezident Vens əlavə edib ki, biz hesab edirik ki, qarşıdakı illərdə Avropanın öz müdafiəsini təmin etmək üçün səylərini artırması vacibdir.
Maraqlıdır doğrudanmı Avropa demokratik dəyərlərdən ABŞ-ı və dünya ictimaiyyətini narahat edəcək dərəcədə uzaqlaşıb? Söylənən fikirlərlə bağlı Demokratik Dəyişim Partiyasının lideri, politoloq Əli Mustafa “Bakı-Xəbər”ə açıqlamasında Avropada demakratik dəyərlərin kövrək olmasını, başqa ölkələrə münasibətdə ikili standartlardan, Ermənistan-Azərbaycan münaqişəsində isə bir mənalı olaraq Azərbaycana qarşı qərəzli mövqe tutmasını önə çəkdi. Müsahibimiz qeyd etdi ki, doğrudan da Avropa demokratiyası çox kövrək durumdadır. Bu baxımdan ABŞ-ın vitse-prezidenti Vensin Almaniyanın Münhen şəhərində keçirilən təhlükəsizlik konfransındakı çıxışında Avropa liderlərini sərt şəkildə tənqid etməsi diqqət çəkir. Doğrudan da Avropa Şurası, onun aparıcı liderləri başqa ölkələrə qarşı ikili münasibət sərgiləyirlər. Belə ki, bir qayda olaraq Azərbaycan-Ermənistan münaqişəsində Azərbaycanın haqq işinə münasibətdə susqunluq, Ermınistanın mənafeyi gələndə isə bu susqunluğun yerini aşırı fəallıq əvəz edib. Təəsssüflə qeyd etməliyəm ki, bu günümüzün reallığıdır
İradə SARIYEVA