Rusiya və Ukrayna arasında müharibənin üçüncü ilinin bitməsinə saatlar qalmış Ukrayna Müdafiə Nazirliyi Baş Hərbi Kəşfiyyat idarəsinin (GUR) tərəfindən şok iddia ortaya atılıb. Kəşfiyyat Rusiya prezidenti Putinin qələbəsini elan etməyə hazırlaşdığını iddia edib.
Sülh danışıqlarının yenidən başladığı və Ukraynasız davam etməsi ilə bağlı müzakirələrin qızışdığı bir vaxtda bu iddianın ortaya atılması Avropada da narahatlığa səbəb olub.
Kiyev kəşfiyyatının iddiasına görə, Putinin bununla bağlı açıqlaması təkcə Ukraynaya deyil, həm də NATO-ya qarşı qələbə kimi təqdim olunacaq və bununla da "Qərbin daha geniş məğlubiyyəti" kimi qələmə veriləcək.
Üstəlik, Putinin 2025-ci il fevralın 24-də, Ukrayna müharibəsinin üçüncü ildönümündə qələbəni elan etməyə hazırlaşdığı bildirilib. Qərb mediası isə Putinin qələbəni elan etməyi planlaşdırdığı tarixin məhz Rusiya və ABŞ-ın danışıqlar masasına oturduğu vaxta təsadüf etdiyinə diqqət çəkib.
Ukrayna kəşfiyyatına görə, Kremlin strategiyasının əsas məqsədlərindən biri Putini danışıqlara hazır dövlət xadimi kimi göstərmək və Rusiyanın ərazi qazanmalarına qarşı çıxan ölkələri "sülh düşməni" kimi qələmə verməkdir.
TAHİR