Azər Həsrət: “Paşinyan bununla bizə dolayı mesaj verir ki, həm narahatçılıqlar aradan qaldırılacaq”
Ermənistan baş naziri Nikol Paşinyan ölkənin milli təhlükəsizlik strategiyasının nəzərdən keçirilməsi üçün idarələrarası komissiyanın yaradılması haqqında fərman imzalayıb.
Fərmana əsasən komissiyanın tərkibinə nazir müavinləri və təhlükəsizlik orqanlarının rəhbərləri, parlamentin müdafiə və xarici əlaqələr komissiyalarının rəhbərləri də daxil olacaq. Milli təhlükəsizlik strategiyasındakı dəyişikliyi isə yanvarın 28-də baş nazir Nikol Paşinyan özü bəyan edib.
Məlumat üçün qeyd edək ki, yeni milli təhlükəsizlik strategiyası 2020-ci ildə qəbul edilib. Sənəddə Azərbaycan əleyhinə detallar da var. Belə ki, sənəddə ermənilərin öz ölkələrinin fəxri vətəndaşları, Üçüncü Ermənistan Respublikasını quran və "Artsax"ı (Qarabağa verilən qondarma ad) "azad edən" bir xalqın varisləri olduğu vurğulanır. Maraqlıdır, təhlükəsizlik strategiyası yenidən nəzərdən keçirilərkən Qarabağla bağlı deyilənlər oradan çıxarılacaqmı?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən siyasi şərhçi Azər Həsrətin fikrincə, Ermənistan yeni milli təhlükəsizlik strategiyasını qəbul edərkən orada artıq Azərbaycanı və Türkiyəni narahat edən məqamlara yol verməyəcək: “Onsuz da son vaxtlar Paşinyan ümumiyyətlə, həm Türkiyə, həm Azərbaycanı narahat edən məqamlarla bağlı bəzən birbaşa, bəzən dolayısı ilə açıqlamalar verir. Bununla bizə dolayı mesaj verir ki, həm narahatçılıqlar aradan qaldırılacaq. Yəni qondarma "Artsax" strategiyadan çıxarılacaq. Paşinyan hakimiyyətinin ümumi yanaşmasında bu elementlər hiss olunur. Bununla yanaşı, Ermənistanın ərazi iddiaları ilə bağlı Paşinyan açıq şəkildə deyir ki, o cür xəyallardan uzaqlaşıb reallıq üzərində dayanmalıyıq. Yəni mövcud Ermənistana fokslanmalıyıq. O baxımdan hesab edirəm ki, bu strategiya ilə bağlı müzakirələr zamanı həmin məqamlar da nəzərə alınacaq. Yəni Ermənistan onsuz da, istər-istəməz Azərbaycanla normal münasibətlər qurmaq məcburiyyətindədir. Paşinyan bunun fərqindədir və anlayır ki, Ermənistanın qurtuluşu bundan keçir. O üzdən, inanmıram ki, bundan sonrakı mərhələdə onlar durub Azərbaycanın xətrinə dəyəcək məqamları həmin strategiyaya daxil etsinlər. Yaxud da hansısa sənədlər qəbul etsinlər. Bu, real görünmür. Bu baxımdan düşünürəm ki, narahatçılıq üçün əsas yoxdur. Üstəlik, 2026-cı ildə yeni konstitusiyanın qəbulu ilə bağlı da xəbərləri səsləndirməyə başlayıblar. Çox güman ki, yeni konstitusiya qəbul ediləndə həm Azərbaycanı, həm də Türkiyəni narahat edən və Bakının xüsusən üzərində durduğu məqamlar mütləq nəzərə alınacaq. Ondan sonra yəqin ki, sülh müqaviləsi imzalanacaq”.
Vidadi ORDAHALLI