ABŞ mediasının “İsrail İranın nüvə obyektlərinə zərbə endirəcək” xəbərini təsdiqləyən başqa bir iddia İran mətbuatından gəlib. İran mediasına danışan yüksək səviyyəli avropalı diplomat deyib ki, Tehran oktyabra qədər ABŞ-la razılığa gələ bilməsə İsrail İranın nüvə obyektlərinə zərbə endirəcək.
İranın həmişəkindən daha zəif olduğunu və danışıqlara məcbur olduğunu bildirən diplomat “Al-Hadath”a deyib ki, İran sanksiyaların ləğvini ehtiva edən istənilən razılaşmanı qəbul edəcək. Diplomat iddia edib ki, İran ABŞ-ın danışıqlar aparan şəxsi təyin etməsini gözləyir və onlarla gizli danışıqlar aparmaq istəyir.
Avropalı diplomatın və ABŞ mediasının hücum iddialarından sonra İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbər şəxslərindən olan Əmir Əli Hacızadə İsrailin İranın nüvə obyektlərinə hücumunun görünməmiş yanğına səbəb olacağını və İsrail və ABŞ-a qarşı cavab tədbirinin həyata keçiriləcəyini bildirib.
“Əgər biz ABŞ-la münaqişəyə girsək, regionda ucuz raketlərlə vura biləcəyimiz kifayət qədər hədəfimiz var. 150 yox, 500, hətta 1000 dron istifadə etsək, onda nə edəcəklər?” – deyə Hacızadə bildirib.
Hacızadə, İranın ali lideri Əli Xamneyinin İranın tezliklə hazır olacağını bildirdiyi anti-ballistik raketdən müdafiə sistemlərini dəfələrlə şəxsən yoxladığını bildirib. İranın danışıqlara getməyəcəyi təqdirdə hücum olacağını iddia edənlərə cavab verən Hacızadə, ''Heç kim narahat olmasın. Qəti şəkildə onlar heç nə edə bilməzlər" deyib.
İranın öz raket məsafəsini 2000 kilometrə çatdırmağa çalışdığını bildirən Hacızadə, ABŞ hədəflərini daha az yüksək texnologiyalı sursatla asanlıqla vura biləcəklərini deyib: "ABŞ-ın ətrafımızda ucuz raketlərlə vurula bilən yaxın hədəfləri var, burada qitələrarası raketlərdən istifadə etməyə ehtiyac yoxdur".
Hacızadə İranın İsrailə üçüncü hücumunun, “Real Vəd 3”ün mütləq baş verəcəyini də bildirib.
TAHİR