Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədridir və təşkilatın dünyanın çağırışlarını necə həll edəcəyini görmək çox vacibdir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin deyib.
O qeyd edib ki, qlobal problemlər indi xüsusilə iqlim dəyişikliyi məsələlərində xüsusi əhəmiyyət kəsb edir.
“İnsan hüquqları və bu kimi digər problemlərlə məşğul olmaq üçün yeni üsullara ehtiyacımız var. Qlobal Bakı Forumu bütün mühüm liderlərin vacib məsələləri müzakirə etdiyi və yeni şeylər öyrəndiyi platformadır”, - deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.