Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayel Minasyan Paşinyanı Rusiyanı tapdayıb, Azərbaycan və Türkiyə ilə yeni danışıqlar aparmaqda ittiham edib. Minasyan yazır ki, Azərbaycan ordusu 13 gündür Ermənistan ərazisindədir:
“Əslində heç kimə mane olmur, problem yaratmır, heç kimin milli ləyaqətinə xələl gətirmir, təhlükəsizlik təhdidi sayılmırlar. Təkrar edirəm, heç kimə. Ermənistanda hər şey normal qəbul olunur. Əgər belə olmasaydı, heç olmasa, yumşaq desək, fikir ayrılığı olardı. Ölkə normal bir ritmdə yaşamağa davam edir, seçkilərə doğru fədakarlıqla irəliləyir. Ancaq yaratdığı vəziyyətdən bir az narahat olan biri var. Söhbət Nikoldan gedir”.
Minasyan deyir ki, Nikol nə addım atırsa uğursuzluğa düçar olur. Yəqin ki, o yenə gizli şəkildə xalqın arxasından yeni bir xain sənəd imzalayacaq. Bunun nəticəsində də Ermənistan “Artsax”dan imtina etməklə qalmadı, həm də yeni əraziləri təslim etdi. Nəticədə Azərbaycan öz qoşunlarını Sünikdən və Gegharkunikdən geri çəkdi:
“Nikol dünən Ermənistanın kapitulyasiyasına dair şərt olan yeni bir sənəd imzalamağa hazır olduğunu bildirdi. Ən azından, seçkilərə qədər düşmən ordusu geri çəkiləcək. Xüsusi bir müqavimət olmadığı üçün hər kəs bununla barışdı. Amma hər kəs yaxınlaşan fəlakət barədə susur. Düşünürəm ki, Nikol Rusiyanı tapdalayaraq, Türkiyə və Azərbaycanla gizli danışıqlar aparır”.
Ermənistandakı müxalif dairələrin Paşinyana Türkiyə və Azərbaycanla gizli danışıqlar aparmaqla bağlı ünvanladığı bu ittihamı nə dərəcədə əsaslı saymaq olar?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bütün bunlar Ermənistandakı seçkiqabağı mühitin gərginliyindən irəli gəlir: “Ermənistan müxalifəti bilir ki, bu seçki Paşinyan üçün ölüm-dirim anlamına gəlir. Paşinyan bu seçkiyə məğlub bir dövlət başçısı kimi girir. Ancaq buna baxmayaraq, onun reytinqi digərlərindən yüksəkdir. Çünki Ermənistan cəmiyyəti müharibə istəmir. Onlar sülh şəraitində yaşamağa meyllidirlər. Artıq Paşinyana qarşı radikal mövqedə olan qüvvələr bunu hiss edir. Bu səbəbdən də müharibədən sonrakı revanşist çağırışları kənara qoyublar. İndi də Paşinyanı Ermənistan ərazilərini güzəştə getməkdə günahlandırırlar. Əslində isə sərhədlərin dəqiqləşməsi prosesi gedir. Bütün bu məsələlərdə Rusiya vasitəçidir. Minasyanın, güya Paşinyan Türkiyə və Azərbaycanla gizli danışıqlar aparır kimi ittihamları tamamilə absurddu. Azərbaycanın gizli danışıq aparmağa ehtiyacı yoxdur. Bizim mövqeyimiz bəllidir. Əldə olunan razılaşmanın bəndlərinə Ermənistanın əməl etməsini istəyirik. Həm İlham Əliyev, həm də Paşinyan bəyan etdi ki, sülh sazişinin üzərində işləyirlər. Güman ki, Ermənistandakı seçkilərdən sonra sənəd masa üstündə olacaq. Ermənistan müxalifəti Paşinyana açıq satqın damğası vurmaqla onu seçkidə məğlub etməyə çalışır. Ancaq mən güman edirəm ki, bütün bunların faydası olmayacaq. Seçkinin favoriti məhz Paşinyandır”.
Məhəmmədəli QƏRİBLİ