“İran və Azərbaycan iki qardaş ölkə olaraq səyləri əlaqələndirməli, regionda bütün bölgə ölkələrinin xeyrinə uzunmüddətli və dayanıqlı sülh şəraitində inkişafa töhfə verməlidir”. Bunu Prezident İlham Əliyev İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edərkən deyib.
Ölkə başçısının sözlərinə görə, iki dövlətin ticarət dövriyyəsində artım var: “Pandemiyaya baxmayaraq, bu, çox müsbətdir. Hazırda iki ölkə arasında əlaqələr bəlkə də əməkdaşlığın tarixində ən yüksək səviyyədədir. Əlbəttə ki, regionda yeni vəziyyətin - münaqişədən sonrakı vəziyyətin yaranması ilə əlaqədar yeni imkanlar, yeni çağırışlar var və sözsüz ki, İran və Azərbaycan iki qardaş ölkə olaraq səyləri əlaqələndirməli, regionda bütün bölgə ölkələrinin xeyrinə uzunmüddətli və dayanıqlı sülh şəraitində inkişafa töhfə verməlidir. Əminəm ki, İran hökuməti də eyni yanaşmanı paylaşır”.
Münaqişədən sonrakı vəziyyətin yaranması ilə əlaqədar yeni imkanların ortaya çıxması fonunda İran nə kimi töhfə verə bilər? Prezidentin bu mesajı nə deməkdir?
“İran bölgədə stabilliyin dayanıqlı olmasına yardım etməli və bununla bağlı imkanlarını əsirgəməməlidir”
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, Prezidentin məlum fikirləri həm siyasi, həm də iqtisadi məqamları özündə ehtiva edir: “Məsələnin siyasi tərəfi ondan ibarətdir ki, tamamilə yeni vəziyyət yaranıb. İranla həmsərhəd olan və uzun illər Ermənistanın işğalı altında olan ərazilər azad edildi. İşğalçı tərəf nəzarətsiz sərhədlərdən müxtəlif məqsədlər üçün istifadə edirdi və bu həm də İrana zərər vururdu. Artıq bu təhlükə aradan qalxıb. Bu baxımdan, İran regionun böyük dövləti olaraq bölgədə sabitliyə və təhlükəsizliyə töhfə verməlidir. Yeni nəqliyyat dəhlizlərinin açılmasına yardım etməlidir. Çünki, nəticə etibarilə, bu, qonşu dövlətin də iqtisadi mənafeyinə xidmət edir. Ona görə ki, yaranan yeni imkanlar bütün region dövlətlərinin, o cümlədən, İranın xeyrinə olacaq. O baxımdan hesab edirəm ki, İran bölgədə stabilliyin dayanıqlı olmasına yardım etməli və bununla bağlı imkanlarını əsirgəməməlidir. Nəzərə almaq lazımdır ki, İran qonşu müsəlman dövləti olmaqla yanaşı, orada 30 milyon soydaşımız yaşayır. Məsələnin iqtisadi tərəfinə gəldikdə isə qeyd edim ki, 30 il ərzində erməni işğalçıları əksər yaşayış məntəqəsini məhv ediblər. Azad olunan ərazilərin bərpası gündəmdədir və artıq bu işə start verilib. Bir sıra ölkələr bərpa prosesində yaxından iştirak edirlər. Fikrimcə, İran şirkətləri də Qarabağın bərpasında yaxından iştirak edib faydalana bilər. Zatən, İran belə bir istəyi olduğunu gizlətmir. Əsas məsələ odur ki, praktiki olaraq, bir sıra addımlar atılsın. Bu baxımdan hesab edirəm ki, Prezident İlham Əliyev çox vacib məqamları qabartdı”.
Şərqşünas onu da qeyd etdi ki, yaranan reallıqlar yeni-yeni imkanları özündə ehtiva etdiyi üçün məsələyə kompleks baxmaq lazımdır.
Vidadi ORDAHALLI