Rusiya Baş nazirinin müavini Aleksey Overçuk açıq formada Ermənistanı “Zəngəzur dəhlizi”nin açılmasına başlamağa çağırıb. Belə ki, o, Ermənistanı sağlam düşüncəni rəhbər tutmağa və Cənubi Qafqazda nəqliyyat yollarının açılmasına başlamağa çağırıb.
Bu bəyanatla Overçuk “Tver vaqonqayırma zavodu” (TVZ) ASC-nin istehsalı olan yeni vaqonların Ermənistana göndərilməsi mərasimində çıxış edərkən deyib: “Biz hamımız çox gözləyirik və ümid edirik ki, burada sağlam düşüncə üstünlük təşkil edəcək və biz tezliklə Zaqafqaziya regionunda nəqliyyat yollarının açılmasına başlaya biləcəyik”.
Onun sözlərinə görə, indiki reallıqlarda regionda nəqliyyat infrastrukturunun inkişafı həmişəkindən daha vacibdir. Overçuk qeyd edib ki, bu gün bütün regionun inkişafı üçün - həm iqtisadiyyat, həm də nəqliyyatın inkişafı baxımından tamamilə yeni şərait yaranır: “Bu, Ermənistanın bütün iqtisadi potensialının açılması üçün unikal şərait yarada bilər. Bu, Avrasiya inteqrasiyamızı tam şəkildə reallaşdırmaq üçün unikal, gözəl şərait yarada bilər”.
Görünən odur ki, Rusiya kommunikasiya xətlərinin daha tez açılmasında, bu istiqamətdə proseslərin sürətləndirilməsində maraqlıdır.
“...dünya üçün kifayət qədər önəm kəsb edən layihədir”
Məsələyə münasibət bildirən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə A.Overçukun məlum çağırışına müsbət prizmadan yanaşdı. Onun sözlərinə görə, “Zəngəzur dəhlizi” təkcə region üçün deyil, ümumiyyətlə, dünya üçün kifayət qədər önəm kəsb edən layihədir: “Ona görə də Ermənistan yersiz ərazi iddialarını kənara qoyub, bu istiqamətdə işləri sürətləndirməlidir. Çünki kommunikasiya xətlərinin açılması bütün tərəflərin, o cümlədən, Ermənistanın mənafeyinə uyğundur. Söhbət Asiya ilə Avropanı birləşdirəcək çox önəmli bir dəhlizdən gedir. Hansı ki, Çin kimi böyük ölkə bu layihənin həyata keçirilməsində maraqlıdır. Çünki “Zəngəzur dəhlizi” kifayət qədər strateji əhəmiyyət kəsb edən və böyük dividendlər gətirəcək layihədir. Rusiya böyük region dövləti olaraq nəqliyyat xətlərinin açılmasında maraqlıdır. Bununla belə, kommunikasiya xətlərinin açılması 10 noyabr razılaşmasında da öz əksini tapıb. Ona görə də bu dəhlizin açılması vacibdir. Əminəm ki, dəhlizin açılması reallaşacaq. Sadəcə, Ermənistan bu istiqamətdə gedən prosesin yubadılmasından əl çəkməlidir. Fikrimcə, A.Overçukun çağırışında bu mesaj da var. Yəni prosesi yubatmağın bir anlamı yoxdur. Ermənistan üzləşdiyi bərbad iqtisadi vəziyyətdən çıxmaq istəyirsə, o zaman bu istiqamətdə işləri sürətləndirməlidir. Hesab edirəm ki, Ermənistanda 20 iyun seçkilərindən sonra dəhlizlə bağlı işlər sürətlənəcək”.
V.Rəhimzadə hesab edir ki, dəhlizlərin açılması qaçılmazdır.
Vidadi ORDAHALLI