28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevin ünvanına müxtəlif xarici dövlətlərin dövlət və hökumət başçıları tərəfindən təbrik məktubları göndərilir.
Ölkə başçısına ünvanlanan təbriklərdə Azərbaycanın əsasən hansı uğurları vurgulanır, Azərbaycandan hansı gözləntilər qeyd edilir?
“Amerika kimi böyük bir dövlətin prezidenti bayramdan bir neçə gün əvvəl Prezident İlham Əliyevə təbrik ünvanlayıbsa...”
AVCİYA-nın vitse-prezidenti, siyasi şərhçi, tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümü münasibətilə Prezident İlham Əliyevə göndərilən məktubların məzmununda əvvəlki illərlə müqayisədə xeyli fərqliliklər var, builki məktublarda müzəffər Ali Baş Komandana, qalib dövlət başçısına xitab edilir. “Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin 103 illiyi ərəfəsində Azərbaycan Prezidentinə çoxlu sayda təbrik gəlir. Əvvəlki illərdə də Respublika Günü münasibətilə ölkə başçısına çoxlu təbrik gəlmişdi. İndi bu təbriklər xüsusi diqqət, mahiyyət kəsb edir. Çünki 44 günlük müharibədən sonra bəzi Qərb ölkələrinin Azərbaycana qarşı sərgilədikləri qeyri-normal münasibət baxımından biz buna diqqət etsək, hazırda göndərilən təbrik məktubları, təbrik teleqramları Azərbaycan dövlətçiliyinə, Azərbaycan Prezidentinə olan böyük hörmətin göstəricisidir. Xarici ölkə rəhbərləri, dövlət xadimləri təbrik məktublarını qalib bir ölkənin müzəffər dövlət başçısına ünvanlayıblar. Böyük dövlətlərin, Amerika kimi böyük bir dövlətin prezidenti bayramdan bir neçə gün əvvəl Prezident İlham Əliyevə təbrik ünvanlayıbsa, bu, artıq Azərbaycan reallığının qəbul edildiyini və Azərbaycanın güclü bir dövlət olduğunu sübut edir. ABŞ kimi böyük bir dövlət Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsində, bütün sahələr üzrə əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu göstərir. Mənə belə gəlir, bu təbriklərin ən önəmli cəhəti ondan ibarətdir ki, Azərbaycanın haqlı olduğunu artıq dünya qəbul edir. Görünən odur ki, erməni təxribatçıları, erməni mərkəzləri və ermənilərə arxa-dayaq olan qüvvələr nə qədər saxta fikirlər, böhtanlar yağdırsalar da, Prezidentin ünvanına gələn məktublar bir daha sübut edir ki, Azərbaycan düz yoldadır və bu yolda daha inamla addımlamalıdır. Prezident İlham Əliyevin 44 günlük müharibədə Ali Baş Komandan kimi göstərdiyi uğurlar bir daha sübut edir ki, Azərbaycan dövlətinin yürütdüyü siyasət düzgündür”.
M.Zülfüqarlının sözlərinə görə, əvvəlki illərdə Avropa Şurası qarşısında götürülən öhdəliklərə uyğun olaraq, dəfələrlə bəyan edilirdi ki, torpaqlar danışıqlar yolu ilə işğaldan azad edilməsə, bunu Azərbaycan Ordusu öz gücünə edə bilər. M.Zülfüqarlının bildirdiyinə görə, lakin dünya ölkələri, xüsusilə də bizim mənfur qonşular bu fikirlərə elə də ciddi yanaşmırdılar, onlar elə bilirdilər ki, Azərbaycan xalqı işğalla barışıb və Azərbaycan bu məsələni beynəlxalq bəyanatlarda səsləndirməkdən uzağa gedə bilməz. Amma 44 günlük müharibədə Ali Baş Komandanın rəhbərliyilə Azərbaycanın əldə etdiyi böyük uğur, torpaqlarımızın işğaldan azad edilməsi bəşəriyyətin bütün tərəqqipərvər insanları tərəfindən müsbət qarşılanıb. “Öz torpağı uğrunda mübarizə aparmaq, öz torpaqlarını işğaldan azad etmək şərəf işidir. Bu şərəfli işi də hər bir şərəfli insan, şərəfli dövlət başçısı daha da qiymətləndirir. Bu da özünü 28 May - Respublika Günü münasibətilə təbriklərdə bir daha göstərir. Bu məktublarda xarici ölkə rəhbərləri Azərbaycanı qalib bir ölkə olaraq yüksək qiymətləndirir, etibarlı, sədaqətli tərəfdaş olaraq gördüklərini və Azərbaycanla gələcəkdə əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını ifadə edirlər. Azərbaycanın regionda lider dövlət olması və dünyanın nüfuzlu ölkələri pilləsinə yüksəlməsi faktı bu məktublarda da əks olunur” - deyə M.Zülfüqarlı qeyd etdi.
İradə SARIYEVA