Zəngəzur dəhlizinin açılmasına bu gün xüsusi maraq göstərən tərəflərdən biri qismində Rusiya çıxış etməkdədir. Kremldə belə hesab edilir ki, nəqliyyat kommunikasiyalarının açılması, qarşılıqlı dialoq, etimad mühitinin formalaşması regional təhlükəsizliyin əsas aspektlərindəndir. Bu fonda Rusiya baş nazirinin müavini Aleksey Overçuk Ermənistanı sağlam düşüncəni rəhbər tutmağa və Cənubi Qafqazda nəqliyyat yollarının açılmasına başlamağa çağırıb.
O, "Tver vaqonqayırma zavodu" ASC-nin istehsalı olan yeni vaqonların Ermənistana göndərilməsi mərasimində çıxış edərkən bununla bağlı bildirib: "Biz hamımız çox gözləyirik, ümid edirik ki, burada sağlam düşüncə üstünlük təşkil edəcək və biz tezliklə Zaqafqaziya regionunda nəqliyyat yollarının açılmasına başlaya biləcəyik". Overçukun sözlərinə görə, indiki reallıqlarda regionda nəqliyyat infrastrukturunun inkişafı həmişəkindən daha vacibdir. Bununla yanaşı, Overçuk qeyd edib ki, bu gün bütün regionun inkişafı üçün həm iqtisadiyyat, həm də nəqliyyatın inkişafı baxımından tamamilə yeni şərait yaranır: "Bu, Ermənistanın bütün iqtisadi potensialının açılması üçün unikal şərait yarada bilər, bu, Avrasiya inteqrasiyamızı tam şəkildə reallaşdırmaq üçün unikal, gözəl şərait yarada bilər". Bundan əvvəl Rusiyanın baş naziri Mixail Mişustin də azərbaycanlı həmkarı Əli Əsədovla görüşdə bildirib ki, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməsi, Zəngəzur və digər kommunikasiya marşrutlarının açılması vacibdir: “Rusiya, Azərbaycan və Ermənistan arasında 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanat regionun kompleks inkişafı üçün imkanlar açıb. Əminəm ki, iqtisadi, kommunikasiya, nəqliyyat əlaqələrinin açılması, yeni infrastruktur marşrutlarının yaradılması Cənubi Qafqazın bütün ölkələrinin maraqlarına cavab verir”. Rusiya Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı şərhində deyilir ki, Zəngəzur dəhlizinin açılması, eləcə də Azərbaycan-Ermənistan sərhədlərinin müəyyən edilməsi olduqca mühümdür: “İnsidentlərdən qaçmaq üçün Azərbaycan-Ermənistan sərhədində delimitasiya prosesinin başlaması vacibdir. Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir, gərginliyi azaltmaq üçün Bakı və İrəvanla ən yüksək və ali səviyyədə davamlı təmas saxlayır. Əlaqələr bizim ölkələrimizin hərbi və sərhəd xidmətləri vasitəsilə saxlanılır. Atəşkəs rejiminə ciddi riayət olunmasının, eləcə də Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının digər müddəalarının ciddi şəkildə yerinə yetirilməsinin vacibliyini bir daha təsdiqləyirik. Onu əsas götürürük ki, belə hallar sülh yolu ilə, danışıqlar vasitəsilə həll edilməlidir. Uzunmüddətli həlli Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və daha sonra demarkasiyası prosesinin başlamasında görürük. Rusiya Federasiyası Cənubi Qafqazda vəziyyətin ardıcıl şəkildə normallaşmasına təşviqi davam etdirməyə hazırdır”.
Rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov isə bildirir ki, Zəngəzur dəhlizinin açılmasına Ermənistan mütləq razılıq verməli olacaq. Oleq Kuznetsov qeyd edir ki, Ermənistanın bütün məsələlərdə daim dəyişən mövqeyi erməni cəmiyyətinin böyük əksəriyyətinin sovet və postsovet illərində zehniyyətində formalaşmış illüziyaların əsirliyində qalmağa davam etdiyini göstərir. Onun sözlərinə görə, ermənilərin əksəriyyəti hələ özlərinin uydurduqları nağıllara, öz müstəsna xüsusiyyətlərinə inanır, amma müasir reallıq fonunda nə qədər qüsurlu olduqlarını anlamırlar: "Ötən payızda Ermənistan ordusunu məğlub edən Azərbaycan rəsmi İrəvana dövlətlərarası münasibətlər sistemində yalanlara, qəddarlıqlara və prinsipiallığa yer olmadığını və ola bilməyəcəyini göstərdi. İndi Kreml açıq şəkildə bildirir ki, diplomatik arenada Ermənistanın bu cür davranışına dözməyəcək. Əslində, erməni siyasətçilərdən erməni olmağa son qoymaları və normal insanlar olmağa başlamaları istənildi. Zəngəzur dəhlizi mövzusu müasir İrəvan siyasətinin uyğunluq dərəcəsini təyin edən lakmus testidir. Paşinyan bu gün öz patoloji hiyləgərliyini və qorxaqlıq keyfiyyətini dəf edərək, 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişin tərəfləri ilə tamhüquqlu siyasi dialoq aparmağa çalışan yeganə erməni siyasətçisidir". Kuznetsov bildirib ki, heç vaxt Nikol haqqında illüziyaya düşməyib, hakimiyyətinin ilk günündən Paşinyanı populist adlandırıb və Ermənistan baş nazirinin şəxsiyyəti ilə bağlı fikirləri son üç ildə dəyişməyib: "Ancaq Paşinyan öz etnik davranış stereotiplərini qıraraq Azərbaycan və Rusiya ilə yeni müqavilə imzalamağa gedən bir insandır. Bəli, Moskva seçim qoymamaqla onun qollarını bağlayır, Bakının güc tətbiqinə cavab verilməməsi ilə hədələyir. Paşinyanın başqa yolu yoxdur, rəqibləri də vəziyyətə heç bir şəkildə reaksiya vermirlər, çünki danışıqlar masasına oturdulacaqlarını və Zəngəzurla bağlı yeni müqavilə imzalamağa məcbur ediləcəklərini dəqiq bilirlər. Azərbaycan istəsəydi, Ermənistan dövlətçiliyini toza çevirərdi, çünki Ermənistan onun iradəsinə qarşı hərbi müqavimət göstərmək gücündə deyil. Amma Azərbaycan sülh və əməkdaşlıq təklif edir".
Samirə SƏFƏROVA