Bu günlərdə Ermənistan Müdafiə Nazirliyi bu ölkənin Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərinin guya Kəlbəcər rayonu ərazisindən atəşə tutulması və nəticədə bir hərbi qulluqçunun ölməsi barədə məlumat yayıb. Lakin Azərbaycan tərəfinin yaydığı məlumatdan bəlli olub ki, ermənilər növbəti dəfə dezinformasiyadan istifadə edib.
Dövlət Sərhəd Xidmətinin nümayəndəsi, polkovnik Murad Nağıyev məsələ ilə bağlı bildirib: “Ermənistanla dövlət sərhədində xidmət aparan Azərbaycan sərhədçiləri tərəfindən Ermənistan ərazisinə doğru atəş açılması barədə məlumat həqiqətə uyğun deyildir. Ermənistan tərəfinin yaydığı informasiya ilə əlaqədar saat 14:40 radələrində Rusiya Federasiyasının nümayəndələri tərəfindən bizimlə əlaqə saxlanılıb və Ermənistanın hər iki tərəfin hərbi qulluqçularının guya havaya atəş açmaları nəticəsində bir hərbi qulluqçunun ayaq nahiyəsindən yaralandığını, bu hadisə ilə bağlı Azərbaycan tərəfinə hər hansı etirazlarının olmadığını bildirmələri barədə məlumat veriblər. Bir qədər sonra yaralanmanın qarın nahiyəsindən olduğunu və hərbi qulluqçunun aldığı yaralardan vəfat etdiyini bildiriblər. Daha sonra isə hərbi qulluqçunun guya baş nahiyəsindən aldığı yaradan vəfat etməsi barədə bizə məlumat daxil olub. Təbii ki, qeyd edilənlər həmin hadisənin Azərbaycan tərəfdən açılan atəş nəticəsində baş verməsi haqqında Ermənistan tərəfinin Rusiya nümayəndələrinə bildirdiyi məlumatın, eləcə də erməni KİV-ində bu barədə yazılanların tam cəfəngiyat olmasının və həqiqəti əks etdirməməsinin göstəricisidir. Tam məsuliyyətlə bildirirəm ki, bölmələrimiz tərəfindən Ermənistan ərazisinə atəş açılmayıb.
Ermənistanla dövlət sərhədində vəziyyət sabitdir və nəzarətimiz altındadır. Bizim tərəfimizdən bütün mübahisəli məsələlərin gərginlik olmadan, operativ tənzimlənməsi üçün tədbirlər görülür. Gündəlik olaraq tərəfimizdən Rusiya Federasiyası nümayəndələri ilə əlaqə saxlanılır və qarşıya çıxan bütün məsələlərin həllinə gərginliyin aradan qaldırılması məqsədilə konstruktiv yanaşılır”.
Bütün bunlara rəğmən, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) 4-cü maddə (dövlətə hücum) üzrə müraciət etməyə hazırlaşır. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sərhəddə erməni hərbçisinin “ölümü”ndən danışarkən deyib ki, böhrandan çıxış yolları, diplomatik metodlar tükənir, KTMT-yə 4-cü maddə üzrə müraciət etməkdən başqa çıxış yolu qalmır. KTMT-yə 2-ci maddə (dövlətə hücum təhdidi) ilə müraciət edən Ermənistanın prosesi 4-cü maddəyə uyğunlaşdırmaq üçün təxribatlar törədəcəyi əvvəldən istisna olunmur. KTMT nizamnaməsinin 4-cü maddəsinə görə, üzvlər müraciət edən ölkəyə birmənalı şəkildə dəstək verməlidir. Amma hesab edilir ki, bu dəfə də İrəvan məqsədinə nail olmayacaq.
“Azatutyun” radiosu qeyd edir ki, Rusiya Bakı ilə qarşıdurmada yox, əksinə, Azərbaycanla KTMT çərçivəsində əməkdaşlıqda maraqlıdır: “Bu fonda rəsmi İrəvan Rusiya Xarici işlər nazirinin müavini Andrey Rudenkonun Ermənistanda hay-küyə səbəb olmuş bəyanatına sükutla reaksiya verdiyi bir vaxtda bu məsələ ölkənin ekspert icmasında ciddi müzakirə olunur. Rudenko demişdi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qapıları Azərbaycan üçün də açıq olmalıdır.
Məlum olduğu kimi, 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən, işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistanla həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ona aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir. Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan KTMT-yə müraciət etsə də, nəticə əldə edilmədi. Ermənistanın “Məlumatlı vətəndaşlar birliyi” təşkilatının nümayəndəsi Vahe Qukasyan KTMT-ni kollektiv məqsədlər və dəyərləri olmayan ittifaq adlandırıb: “KTMT mayın 24-nə olan vəziyyətə əsasən hələlik heç bir praktik müdaxilə etməyib və ya ünvanlı bəyanat verməyib. KTMT Azərbaycana qarşı münaqişədə Ermənistan üçün səmərəsizdir”.
Məqalədə deyilir ki, Ermənistanın əksər ekspertlərinin fikrincə, istər 44 günlük müharibə ərzində, istərsə də indi Rusiyanın fəaliyyətsizliyində məqsəd Azərbaycanın Kremlin rəhbərliyi altında olan bu hərbi bloka cəlb edilməsi olub: “Ermənistanın tanınmış şərhçilərindən Ruben Mehrabyanın iddiasına görə, Rusiyanın, münaqişənin tənzimlənməməsinə, 200-dək erməni əsirin hələ də Azərbaycanda olmasına baxmayaraq Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyasına dair sənədə qol çəkilməsini təklif etməsində məqsəd Azərbaycana KTMT üzvlüyünün təklif olunmasıdır: “Bu gün ruslar bizim nominal müttəfiqimiz ola-ola Azərbaycan gündəliyini formalaşdırırlar, bu gündəliklə razılaşırlar və bu gündəliyi bizim ziyanımıza reallaşdırırlar. İkincisi, onlar Ermənistan Respublikasının beynəlxalq arenadakı mövqelərini sarsıdır, bizim xarici aləmlə təmasımızı məhdudlaşdırırlar”. Son beş ildə Ermənistan Azərbaycanla üç dəfə müharibə aparıb. Söhbət 2016-cı ildəki 4 günlük müharibədən, Tavuş rayonu ilə sərhəddə ötənilki toqquşmalardan və 44 günlük müharibədən gedir. Ekspertlər bildirir ki, bu müharibələrin hamısında həm də KTMT-nin üzvü olan Ermənistanın ərazisinə mərmi atılıb və artilleriya zərbələri endirilib. Lakin bütün bunlara baxmayaraq, hazırkı sərhəd gərginliyi vaxtında da Rusiya və KTMT-nin başqa üzvləri Ermənistana birbaşa dəstək verməkdən boyun qaçırıb, əvəzində Azərbaycana iri həcmdə hücum silahları satıblar. Kremlin hazırkı sükutu mayın 12-dən davam edir. İddia edilir ki, həmin gündən etibarən Azərbaycan Silahlı Qüvvələri azı üç istiqamətdən Ermənistan ərazisinə daxil olub və həmin əraziləri tərk etməkdən imtina edirlər. Bu da qeyd olunur ki, 44 günlük müharibədən yarım il keçməsinə və bu barədə Vladimir Putinin vasitəçiliyi ilə imzalanmış 10 noyabr 2020-ci il üçtərəfli bəyanatında müddəa olmasına baxmayaraq, Azərbaycan erməni əsirləri də qaytarmaqdan imtina edir. Belə bir ab-havada Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko “İzvestiya” qəzetində dərc olunmuş müsahibəsində deyib: “Azərbaycan da daxil, başqa ölkələrə gəlincə isə, KTMT-nin qapıları hamı üçün açıq olmalıdır. Üzvlüyə daxil olmağa, təşkilatın nizamnaməsinə görə, yalnız üzvlər arasında diplomatik münasibətlərin olmaması mane ola bilər. Hələ ki, Azərbaycan və Ermənistan arasında belə münasibətlər yoxdur. Bu münasibətlər qurulanda, biz ümid edirik ki, bu gec-tez baş verəcək, bu məsələ də bu və ya digər şəkildə praktik müstəviyə çıxa bilər”.
Nahid SALAYEV