Rusiya, Azərbaycan və Ermənistan arasında Qarabağla bağlı razılaşmalar uğurla icra olunur. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov müsahibəsində deyib.
Nazir bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının icrası uğurla davam edir: "Bu, əsasən münaqişənin humanitar və sosial-iqtisadi fəsadlarının aradan qaldırılması, Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunmasına aiddir".
S.Lavrov vurğulayıb ki, yanvarın 30-dan etibarən bölgədə türkiyəli tərəfdaşlarla birgə atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət üzrə birgə mərkəz fəaliyyət göstərir. Lavrovun üçtərəfli razılaşmaların uğurla icra olunduğuna dair fikirlərini nə dərəcədə əsaslı saymaq olar?
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan razılaşmaların bir sıra maddələrinə əməl etməyib: “Qanunsuz erməni silahlı birləşmələri hələ də Qarabağdan çıxarılmayıb. Sərhədlərin demarkasiya və delimitasiyası prosesinə Ermənistan hər vəchlə maneçilik törədir. Qarabağdakı separatçıların qalıqları hələ də öz fəaliyyətlərini davam etdirir və sülhməramlılar buna mane olmur. Razılaşmanın 4-cü bəndindəki Qazaxın işğal altında olan 7, Naxçıvanın bir kəndi hələ də bizə qaytarılmayıb. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan sülh istəmir. Çünki minalanmış ərazilərin xəritəsini gizlətməklə birinci növbədə sülhə mane olur. İkincisi isə bu, bütün beynəlxalq qanunlara, prinsiplərə zidd olmaqla hərbi cinayət hesab olunur. Ermənistandan fərqli olaraq, Azərbaycan tərəfi 10 noyabr razılaşmasına tam əməl edir, hətta bir sıra məsələlərdə humanistlik nümayiş etdirir. Məsələn, Ermənistan Kəlbəcərin boşaldılmasına əlavə 10 gün vaxt istədi və Azərbaycan tərəfi humanistlik göstərərək bu vaxtı verdi. Lakin eyni humanist addımları Ermənistan tərəfindən görmürük. Əksinə, Ermənistan tərəfi minalanməş ərazilərin xəritəsini gizlətməklə həm daha çox insanın həlak olmasına səbəb olur, həm də işğaldan azad edilmiş ərazilərin bərpasını ləngitməyə çalışır. Bu istiqamətdə işlərin sürətlə aparılmasına baxmayaraq, minalanmış ərazilərin xəritəsinin olmaması prosesi olduqca çətinləşdirir və qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmasını ləngidir. Odur ki, dünya dövlətləri və beynəlxalq təşkilatlar ən qısa zamanda Ermənistana təzyiqlər göstərməli və minalanmış sahələrin xəritələrinin Azərbaycana verilməsinə nail olunmalıdır. Bu baxımdan da, Lavrovun razılaşmanın şərtlərinə əməl olunması ilə bağlı məmnunluğu real vəziyyətlə uzlaşmır”.
Məhəmmədəli QƏRİBLİ