Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef R.Baydendən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Amerika xalqı adından Prezidenti və Azərbaycan xalqını 28 May – Respublika Günü münasibətilə səmimi salamlamlayan ABŞ prezidenti diqqəti ölkəmizin uğurlarına yönəldir.
Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdarlığını ifadə edən Baydenin məktubunda diqqət çəkən bir məqam da var: “Münaqişə və koronavirus pandemiyası ilə yadda qalan bir ildən sonra Azərbaycanın bu çətinliklərdən insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməklə və qonşuları ilə sülh içində yaşamaqla daha da firavan bir dövlət kimi çıxmasına ümid edirəm”.
Göründüyü kimi, Bayden Azərbaycanı pandemiya ilə bağlı mübarizədə insan haqlarının qorunmasına çağırır. Bir daha aydın olur ki, Bayden hər fürsətdə Azərbaycanı qaralamağa çalışan bəzi qərəzli beynəlxalq təşkilatların və lobbilərin təsiri altındadır. Çünki bu fikri onlar da dəfələrlə inkişaf etdirirdi ki, güya Azərbaycan pandemiya ilə mübarizə adı ilə insan azadlıqlarını məhdudlaşdırır. Bununla Baydenin də bəzi dairələrin səsləndirdiyi qərəzli fikirlərin təsiri altına düşdüyü qənaətinə gələ bilərikmi?
Milli Qeyri Hökumət Forumunun Prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ABŞ prezidentinin təbrik məktubunda müəyyən sətiraltı ifadələrə rast gəlinir: “Əslində bu, təbrik məktubunun ruhuna uyğun deyil. Bu məzmunlu məktubda irad olmamalıdır. Görünür ki, Bayden anti-Azərbaycan mövqeyində olan insanların təsiri altında bu sözü deyir. Çünki pandemiya ilə mübarizədə Azərbaycan insan haqlarını düşündüyü üçün lazımi tədbirləri görüb. Görülən tədbirlər insanların rifahının yaxşılaşmasına, virusdan qorunmasına hesablanıb. Digər məsələlərlə əlaqədar olaraq da biz iradları səmimi qəbul etmirik. Azərbaycanı istəməyən dairələr daima belə edir. Onlar ölkədə görülən bütün gözəl işlərə öz rakurslarından yanaşmağa çalışırlar. Hansısa detalı qabardaraq, müsbət işləri qaralayırlar. Ancaq Bayden belə dairələrin təsirinə düşüb danışmamalıdır. Çünki o, hansısa QHT-ni təmsil etmir, böyük bir ölkənin başçısıdır. Pandemiya ilə mübarizədə Azərbaycan bütün dünyaya örnək ola biləcək bir nəticə ortaya qoydu. Biz hətta başqa ölkələrə bununla bağlı maddi və mənəvi yardımlar etdik. Bu baxımdan da, Azərbaycanı virusla mübarizə dönəmində hər hansı insan haqlarını pozmaqda ittiham etmək böyük haqsızlıqdır. Hesab edirəm ki, Bayden və digər dairələr pandemiya ilə mübarizə sahəsindəki nailiyyətlərə görə Azərbaycanı başqa ölkələrə örnək kimi göstərməlidir”.
Məhəmmədəli QƏRİBLİ