Ermənistan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərinin guya Kəlbəcər rayonu ərazisindən atəşə tutulması barədə növbəti dəfə yalan məlumat yayıb.
Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
Bildirilir ki, mayın 25-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətlə dolu yeddi yük maşını sərhədin qeyd olunan sahəsinə yaxınlaşmağa cəhd edib. Bölmələrimiz tərəfindən görülən xəbərdarlıq tədbirləri nəticəsində qarşı tərəfin hərəkətinin qarşısı alınıb.
Birmənalı şəkildə bildiririk ki, bölmələrimiz tərəfindən qarşı tərəf istiqamətində heç bir atəş açılmayıb.