Prezident İlham Əliyev Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Emin Zamin oğlu Hüseynov, Ağdam şəhəri də daxil olmaqla, Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Qeyd edək ki, bundan əvvəl Prezident Şuşa şəhərinə özünün xüsusi nümayəndəsini təsdiqləyib. Cəmiyyətdə bu yenilik təqdir edilir. Əksəriyyət bu fikirdədir ki, icra başçılarının hegemonluğu və ən əsası da ruşvətxorluğuna bu cür yenilikləri tətbiq etməklə son qoymaq olar. Ancaq belə düşüncələr də var ki, bu cür yenilik ikihakimiyyətliliyə səbəb ola bilər. Yəni bir rayon üzrə həm xüsusi nümayəndənin, həm də icra başçısının olması bununla bağlı əsas gətirilir. Maraqlıdır, cəmiyyət tərəfindən təqdir edilən bu yeni idarəetmə metodu ilə bağlı ekspertlər nə düşünür?
Beynəlxalq qiymətləndirmə və idarəetmə üzrə ekspert Asif İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan Prezidentinin 4 fevral tarixli Fərmanına əsasən, xüsusi nümayəndəliklər haqqında Əsasnamə təsdiq edilib: “Fərmanda deyilir ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları və dövlət qurumları Prezidentin xüsusi nümayəndəliyi təşkil edilmiş müvafiq ərazilərdə fəaliyyətlərini ölkə başçısı İlham Əliyevin müvafiq ərazidəki xüsusi nümayəndəsi ilə əlaqələndirilmiş qaydada həyata keçirir. Yəni mərkəzi və yerli icra hakimiyyəti orqanları və dövlət qurumları Prezidentin təyin etdiyi xüsusi nümayəndəliklə razılaşdırılmamış heç bir addım ata bilməyəcəklər.
Qeyd edək ki, İlham Əliyev öz çıxışları zamanı bu barədə danışıb. Bildirib ki, həmin nümayəndəliklər ona görə təsis edilib ki, ayrı-ayrı məmurların özbaşınalığına, mənimsəmələrinə, qanunsuz əməllərinə yol verilməsin.
Demək olar ki, bu, Azərbaycanda yeni yerli idarəçilik sisteminin yaradılmasının siqnalıdır. Çox güman, gələcəkdə Azərbaycanda regional idarəçilik Prezidentin xüsusi nümayəndələrinin ixtiyarına veriləcək.
Hökumət nümayəndələri tərəfindən də bununla bağlı mesajlar verilib. Məsələn, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli parlamentdəki çıxışlarından birində bildirdi ki, Prezidentin xüsusi nümayəndələri bu gün yalnız işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərəcək. Bununla yanaşı, o deyib ki, xüsusi nümayəndəlik institutu özünü doğruldarsa, gələcəkdə Azərbaycanın digər ərazilərində də ola bilər. Hazırda təyin edilən xüsusi nümayəndələrlə həmin ərazilər üzrə icra başçılarının səlahiyyətləri kəsişmir”.
Ekspert daha sonra bildirdi ki, işğaldan azad edilən ərazilərdə təkcə infrastruktur layihələrinə milyardlarla vəsaitin ayrılması nəzərdə tutulur: “Ayrılmış maliyyə vəsaitlərinin səmərəli istifadəsi, operativ, keyfiyyətli icrası təmin olunmalıdır. Bu baxımdan hesab edirəm ki, xüsusi nümayəndə institutu özünü tam doğruldacaq. İcra hakimiyyətləri ilə xüsusi nümayəndənin fərqi ondadır ki, ikincilər bilavasitə Prezidentin tabeliyində fəaliyyət göstərəcək və işğal altında olan bölgələrin bərpası ilə bağlı aparılan işlərə nəzarət edəcəklər. İcra başçıları isə Prezidentin təsdiq etdiyi “Yerli icra hakimiyyətləri” haqqında Əsasnaməyə uyğun fəaliyyət göstərir və xüsusi nümayəndələrdən fərqli olaraq, daha çox əhali təbəqəsi ilə işləyirlər”.
Məhəmmədəli QƏRİBLİ