Xəbər verildiyi kimi, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda ABŞ Prezidenti bir sıra məsələlərə toxunub. Təbrikdə qeyd edilib ki, bu il Azərbaycanın müstəqilliyinin 1991-ci ildə bərpa edilməsindən 30 il keçir: “Bu müddət ərzində Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası xalqlarımız arasında əlaqələri gücləndirərək təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində birlikdə çalışıblar. Amerika Birləşmiş Ştatları ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir”.
Baydenin İlham Əliyevə Respublika Günü ilə bağlı təbrik məktubunun mətnində Xəzərlə bağlı xüsusi mövqeyi diqqəti cəlb edir. Bu, Vaşinqtonun “Transxəzər” layihəsinə dəstəyinin ifadə edilməsidir. Türkmənistan, ümumilikdə, Mərkəzi Asiya coğrafiyasının enerji resurslarının Avropaya çıxışı üçün irəli sürülən bu layihənin önündə iki praktiki maneə var idi. Birincisi, Xəzərin hüquqi statusunun həll edilməməsi idi. 2019-cu ildə bununla bağlı razılıq əldə edildi. İkincisi, Bakı və Aşqabad arasında yataq mübahisəsinin mövcudluğu idi. Bu da 2021-ci ilin yanvarında Azərbaycan və Türkmənistan arasında imzalanan memorandumla həllini tapdı. Bütün bunlardan sonra belə görünür ki, ABŞ “Transxəzər”in reallaşmasına daha ümidli yanaşdığı üçün bu cür mövqe ortaya qoyur.
Maraqlıdır, bəs ekspertlər bunu necə şərh edirlər?
“Məqsəd Avropa ölkələrinin qaza olan tələbatının bir mərkəzdən asılılığını kəskin şəkildə azaltmaqdır”
Məsələyə münasibət bildirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun sözlərinə görə, Baydenin məktubda Azərbaycanla Türkmənistan arasında Xəzərlə bağlı imzalanan Anlaşma Memorandumuna xüsusi önəm verməsi təsadüfi deyil: “Məsələ ondadır ki, ABŞ Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına xüsusi önəm verir. Məqsəd Avropa ölkələrinin qaza olan tələbatının bir mərkəzdən asılılığını kəskin şəkildə azaltmaqdır. Bunun üçün də ən məqbul variant Türkmənistan qazını Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çıxarmaqdır. ABŞ yaxşı bilir ki, Avropanın qaza artan tələbatının qarşılanmasında Türkmənistan ciddi rol oynaya bilər. Çünki bu ölkənin çox böyük qaz ehtiyatları var. Türkmən qazını Avropaya çıxarmaq üçün, demək olar, hazır infrastruktur var. Bircə qalır Xəzərin dibi ilə qaz kəmərinin çəkilməsinə dair razılıq əldə etmək. Bununla bağlı hüquqi maneə yoxdur. Çünki Xəzərin statusu ilə bağlı razılaşma var. Əsas məsələ Türkmənistanın bu yöndə səylərini artırmasıdır. Hesab edirəm ki, Türkmənistan daha qərarlı olmalıdır”.
Ekspert hesab edir ki, rəsmi Aşqabad bu yöndə səylərini artırsa, proses sürətlənə bilər.
Vidadi ORDAHALLI