Ermənistanda gələn ay keçiriləcək kritik parlament seçkiləri tək ölkədə deyil, onun hüdudlarından kənarda da maraqla izlənir. Seçkilərin favoritinin bəlli olmasına baxmayaraq, hələ qarşıda xeyli müddət var və bu gün favorit olan namizəd sabah seçkidən məğlub, perspektivsiz olan isə qalib çıxa bilər. İstənilən nəticə ilə də erməni cəmiyyəti barışmalı olacaq.
Bu arada Rusiya mətbuatı yazır ki, Paşinyanı xəyanətdə və təslimçilikdə ittiham etmək iki səbəbdən rezonans doğurmur: “Birincisi, cəmiyyətdə Paşinyanın Rusiyanın təklif etdiyi atəşkəsi qəbul etməkdən başqa çarəsi olmadığı barədə dərin bir fikir hökm sürür. Bəli, Paşinyan tərəfindən məsuliyyətin olmamasından danışa bilərik, amma müxalifətin tənqidləri də həddən artıqdır. İkinci səbəb bəlkə də daha vacibdir: müxalifət nə edəcəklərini fərqli şəkildə izah edə bilmir. Etibarlı alternativ təklif yoxdur. Bəzi müxalifət qüvvələri əvvəllər əraziləri hərbi yolla geri qaytarmaq lazım olduğuna işarə etsələr də, son zamanlar ritorikalarını dəyişdirərək yalnız siyasi və diplomatik vasitələrə etibar edəcəklərini vurğuladılar. Məsələn, Vanetsyan iddia edir ki, həm Şuşa, həm də Hadrutu geri diplomatik yolla qaytarmaq üçün bir fürsət var. Bunu isə seçicilər gülüşlə qarşılayırlar. Çünki bu da yalnız seçiciləri ələ almaq vasitəsi kimi götürülür”.
Belə məlum olur ki, müxalifətin əsaslı alternativ arqument ortaya qoya bilməməsi həm seçicilərin, həm də ölkə xaricindəki qüvvələrin diqqətindən yayınmır. Bu isə son nəticədə Paşinyanın xeyrinə işləyir.
“...revanşistlərin arqumentləri erməni cəmiyyəti tərəfindən dəstəklənmir”
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun fikrincə, Ermənistanda cəmiyyət get-gedə bir sıra məsələlərin fərqindədir: “Paşinyanı o zaman kütləvi şəkildə xəyanətdə ittiham edərdilər ki, o, müharibə olmadan əraziləri tərk etsin. Paşinyan müharibəyə qədər deyirdi ki, bir qarış da olsa torpaq verilməyəcək. Bununla yanaşı, Ermənistan ordusunun ciddi ərazi və canlı qüvvə itkilərinə rəğmən, Paşinyan oktyabrın 20-də Putinin vasitəçiliyilə aparılan danışıqlarda təslim olmadı. Hansı ki, onda razılığı gəlsəydi, bu dərəcədə rəzil duruma düşməzdi. Şuşa işğaldan azad ediləndən sonra vəziyyətin kritik olduğunu anladı və kapitulyasiyaya razı oldu. Bu baxımdan, revanşistlərin arqumentləri erməni cəmiyyəti tərəfindən dəstəklənmir. Ancaq bunlara rəğmən, bütün hallarda, Paşinyan çabalayır. Baxmayaraq ki, onun reytinqi rəqiblərindən üstündür. Bununla belə, Paşinyanın Rusiyadan asılılığı əhəmiyyətli dərəcədə artıb. İki il əvvəl olduğu kimi, siyasi manevrlər edə bilmir. Revanşistlər isə vəziyyətdən çıxmaq üçün alternativ variant ortaya qoya bilmirlər. Çünki əvvəlki status-kvonu bərpa etmək üçün Ermənistanın nə hərbi, nə də iqtisadi və digər resursları yoxdur. Geosiyasi vəziyyət də tamam fərqlidir. Erməni cəmiyyəti bunun mümkünsüz olduğunun fərqindədir. Hətta Rusiya da bunu yaxşı bilir. Ona görə də Ermənistan cəmiyyəti Qarabağdakı məğlubiyyətə görə Paşinyanı xəyanətdə ittiham etmir”.
Politoloq onu da qeyd etdi ki, bu səbəbdən 20 iyun seçkilərində hansısa sürprizlərin olacağı real görünmür.
Vidadi ORDAHALLI