Sosial şəbəkələrdə və saytlarda millət vəkili Şahin İsmayılovun seçiciləri ilə görüşdə insident yaşandığını əks etdirən videogörüntülər yayılıb.
Məlumata görə, insident Beyləqan rayonunun Kəbirli kəndində baş verib. Sakinlər kəndin girişində onlarla görüşə gələn deputat Ş.İsmayılovun qarşısını kəsiblər. Vətən müharibəsində Kəbirli kəndinin 17 şəhid verdiyini dilə gətirən sakinlər Ş.İsmayılovun həmin şəhidlərin heç birinin dəfnində iştirak etmədiyini əsas gətirərək, ondan kəndi tərk etməsini istəyiblər.
Millət vəkili Vətən müharibəsi şəhidlərinin dəfnində hansı səbəbdən iştirak etməyib?
Müşfiq Səfərov: “Bu bir təxribat idi”
Şahin İsmayılovun köməkçisi Müşfiq Səfərov “Bakı-Xəbər”ə bildirdi ki, Ş.İsmayılov Kəbirli kəndindən qovulmayıb, baş verənlər, sadəcə, təxribat xarakterli olub və bunu məqsədli şəkildə ediblər: “Bu bir təxribat idi. Şahin müəllim qovulmayıb, tədbir baş tutub”.
Ş.İsmayılovun 17 Kəbirli şəhidinin dəfn mərasimində iştirak etməməsinə gəlincə, M.Səfərov qeyd etdi ki, millət vəkilinin köməkçisi kimi Beyləqan rayonunda olan bütün şəhidlərin dəfnində iştirak edib: “Həmin ərəfədə Milli Məclisdə qanunlar qəbul olunurdu deyə iştirak edə bilməyib. Amma sonradan Şahin müəllim ev-ev gəzib, bütün şəhid ailələrinə baş çəkib. Kəbirli zonasına da növbə indi çatıb. Gedib bütün şəhidlərin evində olacaq. Bütün şəhidlərimizin dəfnində Şahin müəllimin nümayəndəsi kimi iştirak etmişəm. Mənim yerim Beyləqan rayonudur, burada oluram. Bu, təxribatçıların xeyrinə olduğu üçün videonun bu hissəsini göstərirlər, qalanları yox. Sonra hər şey qaydasına düşdü, tədbir baş tutdu” - deyə M.Səfərov qeyd etdi.
Azər Həsrət: “Şahin İsmayılov da, başqaları da nə qədər özlərinə haqq qazandırmaq istəsələr də...”
Siyasi şərhçi Azər Həsrətin fikrincə isə hər bir millət vəkili xalqın yanında olmalıdır, amma çox təəssüf ki, 44 günlük Vətən müharibəsində deputatların çoxunu kənarda gördük. “Siz çox yaralı yerimə toxundunuz. 44 günlük müharibə dövründə mən deputatlarla bağlı bu məsələni gündəmə gətirirdim. Müharibədən sonrakı dönəmdə (əslində, informasiya sahəsində müharibə indi də davam edir - A.H.) yenə də gündəmə gətirirəm. Həqiqətən də bu Milli Məclis üz qarası oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev o müharibə günlərində, ondan öncə də, ondan sonra da 24 saat nədi, bəlkə də 24 saatlıq sutkada 48 saat işlədi. Yəni indi işləyir, adam hər yerdə hər şeyi də çatdırır, bütün ölkəni idarə edir, ordunu idarə edir, informasiya siyasətini idarə edir, hamısını da çatdırır. İndi bu deputatlar Prezident İlham Əliyevdən daha məşğul adamlardırlar ki, şəhidlərin dəfnində iştirak etməyə vaxt tapmırlar? Yəni bu məsələni vaxtilə gündəmə gətirmişəm, indi də fikrimdə qalıram. Parlamentin indiki tərkibi İlham Əliyev siyasəti ilə daban-dabana ziddir. Tək-tük deputatları çıxmaq şərtilə. İstisnalar var, amma çox azdır. Demişəm, elə deputatlar var ki, müharibə günlərində nəinki şəhidlərin dəfnində iştirak etməyiblər, zalım balaları heç olmasa sosial media üzərindən informasiya müharibəsinə bir töhfə verməyiblər, nə feysbukda, nə tvitterdə bir paylaşım etməyiblər. Bunu görməmişik. Vətəndaş da ona görə əsəbləşir ki, mənim ən ağır günümdə yanımda olmamısansa, indi nə üzlə gəlirsən. Parlamentdə bu cür yanaşmaya layiq olan azı 90-100 nəfərdir. 90-100 nəfəri bu gündə olan parlament niyə buraxılmasın? Niyə bu tərkib kürsülərində oturub rahat-rahat maaş alsın, dövlətin imtiyazlarından istifadə etsin. Niyə?
Bu günlərdə Avropa Parlamenti bizə qarşı qətnamə qəbul etdi. Niyə? Yenə də bu deputatların üzündən. Bu adamların daxildə və xaricdə əlaqələri yoxdur, vətəndaşla işləmirlər, beynəlxalq platformalarda yoxdurlar. Bu adamlar görünmürlər. Niyə görünmürlər, çünki ona qabiliyyətləri, bacarıqları çatmır. Kimlər vasitəsiləsə parlamentə gəliblər. İndi də vətəndaşlar belə deputatları qovurlar. İnsanların çoxu Prezident İlham Əliyevin xətrinə o deputatlara heç nə demir. Cənab Prezident işarə versə ki, bunların üstündən əlimi çəkdim, sizi inandırım ki, deputatların 90-nı, 100-nü dairələrdən qovacaqlar, həmin ərazilərə girməklərinə vətəndaş yasaq qoyacaq. Ona görə də çıxış yolu odur ki, Azərbaycan parlamentini Prezident İlham Əliyevin çevik siyasətinə uyğunlaşdırmaq üçün parlamenti buraxıb yenidən seçki keçirmək lazımdır. Yoxsa, biabır olacağıq. Şahin İsmayılov da, başqaları da nə qədər özlərinə haqq qazandırmaq istəsələr də, camaat inanmır.
Bizim Xaçmazın deputatları da var, arada gəlib şəkil çəkdirib gedirlər. Biri var şəhidlərin dəfnində iştirak etməyib, indi gəlib guya şəhid ailələrini ziyarət edir. Geyiminə baxırsan, adamın turist kimi gəldiyi, yeyib içməyə gəldiyi geyimindən bəllidir. Hiss olunur ki, harasa yeyib içməyə gedirmiş, yoldan keçəndə buna deyiblər ki, bu kənddə şəhid olan var, o da gedib şəhid qəbrinin yanında şəkil çəkdirir, ya da ailəsinə gedir. Deputatın da geyim tərzi olmalıdır. Belə deputatlarla uzağa getmək olmaz” - deyə A.Həsrət qeyd etdi.
İradə SARIYEVA