Azərbaycanlı icmasının Xankəndidə ofis açması Ermənistanda dərin narahatlıq doğurdu…

Rəşad Bayramov: “Orada tam olaraq Azərbaycanın yurisdiksiyası təmin edilməlidir və Azərbaycan bunda israrlıdır”

img

Bakının rəsmi nümayəndəsinin yaxın vaxtlarda Xankəndidə oturacağı ilə bağlı yayılan məlumatlar Ermənistanda ciddi narazılığa səbəb olub. Söhbət Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin ofisinin orada fəaliyyət göstərəcəyindən gedir.  Hətta bildirilir ki, hazırda Xankəndidə yeni ofis binası üçün mümkün yerlər nəzərdən keçirilir.

Ermənistan mediası, deputatlar böyük təşvişlə bunun baş verəcəyini yazır. Bir neçə həftə öncə Teleqram kanallarında Azərbaycanın Xankəndidə Bakının rəsmi nümayəndəsinin ofisi üçün bina istədiyi haqda xəbərlər yayılmışdı. İlk anda erməni tərəfi bunu inkar etdi, ancaq hazırda ciddi narahatlıqlarını ifadə edirlər. Ermənilərin bu hadisədən təşvişə düşməsinin səbəbi nə ilə bağlıdır?

Politoloq Rəşad Bayramov  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, artıq ərazilərin minalardan təmizlənməsi və işğaldan azad olunan ərazilərdə infrastruktur və tikinti işlərinin aparılması tezliklə keçmiş məcburi köçkünlərin azad olunan rayonlara köçürülməsi məsələsini aktuallaşdırıb: “Azərbaycanlı ailələrin Qarabağa köçürülməsi məsələsi 10 noyabr sazişinə görə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında həyata keçiriləcək. Hər kəsi isə bir sual düşündürür - Xankəndi şəhərinə azərbaycanlıların köçürülməsinə nə zaman başlanacaq?  Bu prosesin gecikməsi Ermənistan tərəfínin qəsdən minalanmış ərazilərin xəritələrini təqdim etməməsilə bağlıdır. Bildiyiniz kimi, ərazilərin uzunmüddətli minalardan təmizlənməsi məskunlaşmanın da gec həyata keçməsinə səbəb ola bilər. Sonrakı mərhələdə isə Xankəndi və sülhməramlılar olan digər ərazilərə qayıtma məsələləri reallaşacaq. Xankəndi və ermənilərin kompakt yaşadığı digər yerlər Azərbaycanın ərazi vahidinə aiddir. Orada tam olaraq Azərbaycanın yurisdiksiyası təmin edilməlidir və Azərbaycan bunda israrlıdır. Bunun da yolu bizim dövlət qurumlarının həmin ərazilərdəki tam fəaliyyətinin bərpasından keçir. Burada qeyri-adi nəsə yoxdur. Azərbaycan yaxın zamanda mütləq bunu təmin etməlidir. Ermənilərin narahatlığı başadüşüləndi. Çünki onlar elə zənn edirdilər ki, Azərbaycan Xankəndi və digər ərazilərdə öz yurisdiksiyasını təmin edə bilməyəcək. Azərbaycan buna olan maneələri tam aradan qaldırıb. Yerdə qalan kiçik maneələri isə, lazım olsa, lokal antiterror əməliyyatları ilə həll edə bilər. Əminik ki, bütün bu kiçik problemlər tezliklə öz müsbət həllini tapmış olacaq”.

Politoloqun sözlərinə görə, ermənilərin qaçqın düşmüş vətəndaşlarımızın Xankəndidə yerləşməsinə və yerli qurumların orada fəaliyyətini bərpa etməsinə heç bir iradı ola bilməz.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər