COVID-ə qarşı qlobal səyləri səfərbər edən ilk ölkə olmaq nə deməkdir - Prezidentin fikirlərinin sübutları...

Musa Quliyev: “COVID-19-la ən uğurlu mübarizə aparan ölkələrdən biri Azərbaycandır”

img

"Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub". Bu fikirləri Prezident İlham Əliyev aprelin 6-da Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil-qərargahında təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə təqdim olunan videomüraciətində bildirib:

“Bizim təşəbbüsümüzlə 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadiq olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırıb. Biz, həmçinin, 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərmişik".

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biridir.

  • “İlham Əliyev bütün dünyanı gücləri səfərbər etməyə və COVID-19-la mübarizədə ədalətli siyasət yürütməyə çağırıb”

Millət vəkili Musa Quliyev bildirdi ki, COVID-19 pandemiyası 1 ildən artıqdır ki, dünyanı narahat edən ən ciddi məsələdir. Hər bir ölkə də pandemiya ilə mübarizə sahəsində öz strategiyasını hazırlayır, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələri əsasında mübarizə aparır. COVID-19-la ən uğurlu mübarizə aparan ölkələrdən biri Azərbaycandır: “Azərbaycan 30-a yaxın ölkəyə humanitar yardım göstərib. ÜST-lə əməkdaşlıq çərçivəsində iki dəfə hər dəfə 5 milyon dollar olmaqla, COVID-19-la mübarizədə kasıb ölkələrə dəstək məqsədilə ÜST-ə 10 milyon dollar ianə edilib. Eyni zamanda, Azərbaycan COVID-19-la beynəlxalq səviyyədə mübarizə aparılması, bütün güclərin birləşdirilməsi ilə də bağlı öndə gedən ölkələrdən biridir. Prezident İlham Əliyev Türk Şurasının sədri, həm də Qoşulmama Hərəkatının sədri kimi təşəbbüslərlə çıxış edib və onun sədrliyi ilə keçən il bu iki qurumun COVID-19-la mübarizəyə həsr olunmuş videokonfrans formatında Zirvə görüşləri keçirilib. Prezident İlham Əliyevin sədrliyi ilə Qoşulmama Hərəkatının Zirvə görüşündə BMT-yə müraciət də qəbul olunub. Bu müraciət əsasında BMT Baş Assambleyasının COVID-19-la mübarizəyə həsr olunmuş xüsusi sessiyası da keçirilib. Keçən il 3-4 dekabr tarixlərində BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən xüsusi sessiyasında çıxış edən azsaylı dövlət və hökumət başçısından biri məhz Prezident İlham Əliyev idi. Dövlət başçısı bir daha bütün dünyanı gücləri səfərbər etməyə və COVID-19-la mübarizədə ədalətli siyasət yürütməyə çağırdı”.

Günel CƏLİLOVA

Son xəbərlər