Bakıdan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova Prezident İlham Əliyevə müraciət ünvanlayıb:
“Sizi Azərbaycanın bütövlüyünü, müstəqilliyimizin tam bərqərar olmasını təmin etmiş Vətən müharibəsində qazandığınız misilsiz tarixi Qələbə münasibətilə səmimiyyətlə təbrik edirik!
Siz ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələrini ləyaqətlə qoruyaraq, onun müstəqillik arzularını şərəflə yerinə yetirdiniz. Siz Vətənə sevginiz, mürəkkəb geosiyasi durumda nümayiş etdirdiyiniz siyasi peşəkarlığınız, əzminiz və qətiyyətinizlə Prezident, Xalq və Ordunun vəhdətinə nail oldunuz. Bunlar çox çətin müharibədə böyük Qələbəmizi təmin etdi.
44 çətin və tarixi gün ərzində ABŞ, Türkiyə, Fransa, Rusiya, Almaniya, Böyük Britaniya, İtaliya, Əlcəzair və digər ölkələrin jurnalistlərinə, teleaparıcılarına verdiyiniz müsahibələr 2020-ci il sentyabrın 27-dən başlanan ən yeni Azərbaycan tarixinin dövlətçilik təməlidir. Bu müsahibələr Sizin milli lider kimi yüksək diplomatik hazırlığınızı, dövlət başçısı kimi beynəlxalq nüfuzunuzu, məntiqli düşüncənizi, şəxsiyyət kimi ədalətli qətiyyətinizi bütün dünyaya sübut etdi.
Siz təkcə Ermənistana deyil, bütün dünyada əsrlərlə kök atmış mənfur erməni faşizminə qalib gəldiniz. Onun anti-insani və anti-əxlaqi mahiyyətini bütün dünyaya açıb göstərdiniz.
...Siz mənfur düşmənin qurduğu bütün sədləri, siyasi maneələri və istehkamları, eləcə də, erməni diasporunun dünyada yaratdığı “məğlubedilməz" erməni mifini 44 gündə darmadağın etdiniz. Sizin uzaqgörən rəhbərliyiniz, hərbi taktika və strategiyanız sayəsində müzəffər ordumuz bütün dünyaya yeni müharibə nümunəsi göstərdi.
Siz Vətən müharibəsinin tarixi məna baxımından hərəsi bir ilə bərabər 44 günü ərzində xalqa daha da yaxınlaşdınız. Əbədi olaraq millətimizin məhəbbətini qazandınız. Hər dəfə Qələbə ilə bağlı müraciətiniz bayram kimi qarşılandı, öz xalqına, millətinə yaxın və doğma olan, vətəninə bağlı olan adları qızıl hərflərlə tarixə yazılmış nadir dövlət başçılarının sırasında haqq etdiyiniz yeri tutmusunuz.
Xalq Sizi sevir və Sizinlə fəxr edir, qürur duyur. Xüsusən işğaldan azad olunmuş və xalqımız üçün milli rəmz olan Xudafərin körpüsünə, Ağdam məscidinə ziyarətiniz bütün dünyaya mənəvi ucalığınızı əks etdirən bir mesaj oldu, xalqımızı riqqətə gətirdi.
...Sizin əzminiz və qətiyyətiniz, mənfur düşmənə, onun dünyadakı havadarlarına verdiyiniz tarixi dərs böyük Qələbəmizin rəhni oldu. Bu tarixi Qələbə münasibətilə Sizi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professor-müəllim və tələbə heyəti adından təbrik edir, bütün xalqımızla birgə Sizinlə fəxr edirik”.
Baki-xeber.com