Dünya mediasında Ermənistanın II Qarabağ müharibəsində muzdlulardan istifadə etməsi ilə bağlı yeni faktlar əldə olunub. STJ təşkilatının (Həqiqət və Ədalət üçün suriyalılar) əldə etdiyi məlumatlar nəticəsində ortaya çıxıb ki, yüzlərlə suriyalı Vətən müharibəsində hərbçilərimizə qarşı vuruşub.
Məlum olub ki, onların Qarabağda döyüşünü təşkil edən isə Rusiya olub. Belə ki, Rusiya Suriya hökumətinin yardımı ilə yüzlərlə suriyalını pul ilə şirnikləndirərək hiylə yolu ilə Qarabağda Ermənistan tərəfindən bizə qarşı döyüşünü reallaşdırıb. Faktlara görə, bu ilin sentyabr və oktyabr aylarında Suriyanın Aralıq dənizi sahilində yerləşən Cəbləh şəhərindən yüzlərlə muzdlu Ermənistana göndərilib. Muzdlular əsasən 5-ci legionun üzvləri olublar. Onların çoxu Homs və Deyr ez Zor şəhərinin sakinləridir. Bu barədə məlumatlar döyüşdə iştirak edənlərin ifadəsi nəticəsində məlum olub. Muzdluların Liviyaya gedəcəyi deyilsə də, bu bölgədəki münaqişənin zəifləməsindən istifadə edən ruslar onları Dağlıq Qarabağa yönləndirərək, azərbaycanlılara qarşı döyüşdürüblər. Hətta ifadələrdən belə məlum olub ki, muzdlular plan dəyişdiyindən, onların Liviyaya deyil, Ermənistana, oradan da Qarabağ ərazisinə göndərildiklərindən xəbərsiz olublar.
STJ-nin araşdırmalarına görə, suriyalı muzdlulardan ibarət azı 5 dəstəlik qrupdan cəmi 10 nəfərin meyiti ailələrinə təhvil verilib. 40 nəfər isə yaralanıb. Yaralılar Ermənistandan birbaşa Homs şəhərinə göndərilib və oradakı hospitallara yatırılıblar. Həmçinin, muzdluların Dəməşq və Beyrut hava limanlarından İrəvana daşınması barədə də faktlar əldə olunub. Bu gizli əməliyyatların həyata keçirilməsində Suriyaya və Ermənistana Rusiyanın böyük köməyi dəyib. Onlar proseslərin asanlaşması, gizliliyin qorunması və başqa bu kimi məsələlərdə təşkilatçılıq ediblər. 5-ci legionun kapitanı ifadəsində deyib ki, Ermənistana göndərilən muzdlular baş verəcək proseslər barədə məlumatlandırılmayıblar: “Onlar pul müqabilində Liviyada döyüşmək üçün sənəd imzalasalar da, buradakı gərginliyin zəifləməsindən istifadə edən şəxslər onları Ermənistana göndəriblər".
O bildirib ki, muzdlulara 1000-2000 dollar maaş verilib. Onlar adi vətəndaşlar deyil, döyüş üçün xüsusi təlim keçmiş şəxslər olublar. Kapitanın dediyinə görə, döyüşdə yaralanan şəxslər üçün hər hansı kompensasiya nəzərdə tutulmayıb və onların itkin düşənləri axtarmasına icazə verilmir.
Bütün bunlar onu göstərir ki, Ermənistan Rusiyanın köməkliyilə müharibəyə əvvəlcədən hazırlaşıb və hər zamankı kimi hiyləyə əl atıb. Qarabağ döyüşlərinə yüzlərlə muzdlunu cəlb edən Ermənistan onların meyitlərini ölkələrinə göndərməməklə yanaşı, hətta əsgərlərinin belə hamısının cəsədlərini döyüş meydanından götürməyib. Onlar saxta rəqəmlərlə erməni xalqının başını qatmaqda davam edirlər.
“İndi məlum olur ki, Ermənistan hakimiyyəti II Qarabağ müharibəsində həqiqi itkilərini necə gizlədirmiş”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən siyasi ekspert Ramil Hüseynovun fikrincə, belə bir məlumatın həqiqətə uyğun olması ehtimalı böyükdür: “Məsələ ondadır ki, Əsəd rejiminin Ermənistanla münasibətləri çox yaxındır. Üstəlik, hər iki tərəf Türkiyəyə düşmən münasibət bəsləyir. Onlar Türkiyənin müttəfiqi olan Azərbaycana qarşı ortaq mövqedən çıxış edirlər. Suriyada mərkəzi hakimiyyətin bütün ölkəyə nəzarət etmədiyini, ölkənin parçalanmış vəziyyətdə olduğunu nəzərə alsaq, muzdlulardan bu məqsədlə istifadə edilməsi ehtimalı böyükdür. Üstəlik, Rusiyanın Suriyada hərbi bazalarının olduğuunu da bura əlavə etdikdə bunun üçün hərtərəfli şərait yaranır. Nəzərə alsaq ki, Rusiya Ermənistanın Azərbaycan qarşısında tamamilə aciz duruma düşməsində maraqlı deyil, o zaman bunun inandırıcı olmasına şübhə etmirəm. İndi məlum olur ki, Ermənistan hakimiyyəti II Qarabağ müharibəsində həqiqi itkilərini necə gizlədirmiş. Görünən odur ki, ölən muzdlular siyahıya salınmayıb. Hesab edirəm ki, sözügedən məlumatlar təsdiqini tam tapsa, bu, Rusiyanın nüfuzuna güclü zərbə olacaq”.
Siyasi ekspert hesab edir ki, Azərbaycan bu məlumatları araşdırmalıdır.
Vidadi ORDAHALLI