Prezident İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şeferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib.
Görünən odur ki, 30 ilə yaxındır münaqişənin nizamlanmasına cavabdeh olan dövlətlər və ATƏT hazırda Cənubi Qafqazda baş verənlər fonunda özünü təcridolunmuş hiss etməsin deyə regiona səfər etmək qərarını verib. Hər halda, çox yaxşı oldu ki, görüş baş tutdu. Prezident İlham Əliyev çox açıq şəkildə masada onun qarşısında əyləşən diplomatları, Minsk Qrupunu və diplomatların təmsil etdiyi dövlətləri tənqid etdi. Prezident diplomatlarla çox sərt danışdı. O, ilk cümləsində son görüşdən çox vaxt keçdiyini, qarşılıqlı dialoqun nə az, nə çox düz 1 il bundan əvvəl baş tutduğunu məqsədli şəkildə xatırladaraq bu qurumu fəaliyyətsizlikdə ittiham etdi: "Son görüşümüzdən uzun müddət keçib, bu, ötən il olmuşdur. Bu vaxt ərzində bir çox hadisələr baş vermişdir. Birincisi, pandemiya bütün dünyada vəziyyəti tamamilə dəyişmişdir. Bununla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti dəyişdirmişdir. Hazırda regionda tamamilə yeni vəziyyət mövcuddur. Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu. Mən həmsədr dövlətlərin başçılarından olan Prezident Putinin dedikləri ilə razılaşıram ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Mən də həmin fikirdəyəm. Təəssüflər olsun ki, Minsk Qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki, bunu etmək üçün Minsk Qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk Qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir. Beləliklə, Azərbaycan bu məsələni özü həll etmişdir. Biz Ermənistanı döyüş meydanında məğlub edərək işğalçını məğlubiyyətini etiraf etməyə və Ermənistanın kapitulyasiyası hesab etdiyimiz Bəyanatı imzalamağa məcbur etdik. Ermənistan iqtidarından başqa ölkənin bütün siyasi qüvvələri də bununla razıdır ki, bu, kapitulyasiyadır və onlar bunu alçaldıcı kapitulyasiya adlandırırlar. Bunun tam məsuliyyəti Paşinyanın diktatura rejiminin üzərinə düşür".
Göründüyü kimi, Prezident İlham Əliyev Minsk Qrupunun indiyə qədər olan yarıtmaz fəaliyyətindən bəhs edib. Həm də onlara mandatı necə daşımağın yollarını öyrətməklə, əsl diplomatiya dərsi verib. Minsk Qrupu bundan hansı nəticələri çıxarmalı və gələcək fəaliyyətlərini necə qurmalıdır?
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov qəzetimizə bildirdi ki, həmsədr ölkələr İlham Əliyevin sözlərindən ciddi nəticə çıxarmalı və Ermənistanın sonrakı davranışlarına təsir göstərməlidir: “Azərbaycan 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsinin həllinə hərbi-siyasi vasitələrlə nail oldu. Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşdu. Müvafiq mandata sahib olan ATƏT-in Minsk Qrupu 28 il ərzində münaqişənin həllində heç bir rol oynamadı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin illərlə dondurulmuş vəziyyətdə saxlanmasına səbəb də məhz həmsədrlərin fəaliyyətsizliyi olub. Əgər həqiqətən də onlar problemin sülh yolu ilə həllinin tərəfdarı olsaydılar, o zaman birtərəf mövqe sərgiləyərdilər. Həmsədrlər status-kvo-nun qorunub saxlanmasında maraqlı idilər. Amma biz sübut etdik ki, münaqişənin hərb yolu və ondan sonra isə siyasi yolu var. Artıq status-kvo, Madrid prinsipləri kimi anlayışlar olmadığı bir dövrdə ATƏT MQ həmsədrləri regionda yeni reallığa uyğun olaraq xalqların sülhə hazırlanması, etimad quruculuğu, etnik barışığın təmin olunması, yol və kommunikasiya xətlərinin açılması kimi məsələlərlə məşğul ola bilər. Buna uyğun olaraq yeni fəaliyyət proqramı ortaya qoymalıdır. Bu yolla regionda davamlı sülhün təmin olunmasına töhfə bilər. Amma fərdi olaraq Minsk Qrupuna üzv dövlətlər, xüsusilə Fransa qərəzli mövqeyini kənara qoymalı və neytral tərəf olduğunu sübut etməlidir”.
Ekspertin sözlərinə görə, bu istiqamətdə fəaliyyətə üstünlük verərlərsə, itirilmiş nüfuzlarını bərpa edə bilərlər.
Məhəmmədəli QƏRİBLİ