Prezident İlham Əliyev ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şeferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən maraqlı fikirlər səsləndirib.
Prezident bildirib ki, Minsk Qrupunu ölkəyə dəvət etməyib: “Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk Qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk Qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. İyulda ilk erməni təxribatına cavab vermədik, yəni dövlət sərhədini keçmədik, halbuki, bunu edə bilərdik. Biz avqustdakı ikinci erməni təxribatına səbrlə yanaşdıq. O vaxt onlar insanlarımızı qətlə yetirmək üçün diversiya dəstəsi göndərdilər. Lakin üçüncü dəfə, sentyabrda biz cavab tədbirlərinə keçdik. Elə cavab verdik ki, onların Ermənistan ordusunu və demək olar ki, erməni dövlətini məhv etdik və ərazimizdə cinayət rejiminə son qoyduq, erməni millətçilərinin üzdəniraq “artsax” xülyalarını dağıtdıq. O mövcud deyil. Paşinyan deyirdi ki, “Qarabağ Ermənistandır”. O səhv etdi və layiqli cəzasını aldı. O bu alçaltmaya layiqdir. Xalqımız, ölkəmiz qələbə qazandı, çünki həqiqət və beynəlxalq hüquq bizim tərəfimizdə idi.
Bununla mən sözlərimi yekunlaşdırıram ki, sizi dinləyim, çünki buraya gəlmək sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk Qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk Qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim getsinlər".
Maraqlıdır ki, Prezidentin bu fikirlərindən sonra fransalı həmsədr bildirdi ki, onlar ölkəyə dəvət əsasında gəlib. Təbiidir ki, cənab İlham Əliyev təsdiqini tapmayan fikirləri ictimayyətə açıqlamaz. Belə olan halda, fransalı həmsədrin dəvətlə bağlı blef cəhdinə hansı adı vermək olar?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Prezident İlham Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşdə ifadə etdiyi mövqeni qurumun 28 illik fəaliyyətinə verilən obyektiv qiymət kimi dəyərləndirə bilərik: “Prezident bildirdi ki, Minsk Qrupu münaqişənin həllində heç bir rol oynamayıb, halbuki, bunu etmək üçün Minsk Qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Minsk Qrupu bu illər ərzində müxtəlif ideyalar təklif etsə də, bunlar heç bir nəticə vermədi. Reallıq bundan ibarətdir ki, Azərbaycan bu məsələni özü həll etdi. Prezident həmçinin bilidrdi ki, Minsk Qrupunu Bakıya səfərə dəvət etməyib. Amma burda qeyd etmək istədiyim bir məqam var. ATƏT-in Minsk Qrupunun aktivliyi ilə erməni terror birləşmələrinin Qarabağdakı aktivliyi qəribə tərzdə üst-üstə düşür.
ATƏT-in Minsk Qrupu həmsədrləri Bakıda səfərdə olarkən bu aktivlik onlara “Rusiya sülhməramlıları işinin öhdəsindən gəlmir, biz də qoşulaq” arqumenti vermək üçün cəhdlərə oxşayırdı. Ancaq Azərbaycan Prezidenti, onların söyləyə biləcəkləri bütün arqumentlərini bəri başdan blokladı. Sonunda da “müharibə Rusiyanın təşəbbüsü, hər üç ölkə rəhbərinin razılığı ilə dayandı, sizin yox”, deməklə ATƏT-in Minsk Qrupuna ehtiyac olmadığı fikrini ifadə etdi. “Kəlbəcərdən çıxmaq üçün artıq 10 gün vaxtı Putinin xahişi ilə verdik, özlərini necə apardıqları göz önündədir”, deməklə isə heç bir güzəşt olmayacağını ifadə etmiş oldu. Prezidentin ATƏT-in Minsk Qrupunu dəvət etməmişəm fikrinə fransalı nümayəndə Stefan Viskontinin “biz dəvət əsasında gəlmişik” cavabı isə təxribat xarakterli idi. Azərbaycandan belə bir dəvətin olması mümkün deyil. Çünki bu o demək olardı ki, Azərbaycan Prezidentinin xəbəri olmadan ATƏT-in Mİnsk Qrupunu kimsə dəvət etməklə proseslərin fərqli istiqamətdə davam etməsi üçün zəmin hazırlayıb. Burada onu da qeyd etməliyəm ki, eyni gündə Azərbəycanda fəaliyyət göstərən bəzi qərbyönümlü KİV-lərdə də danışıqların ATƏT-in Minsk Qrupu formatına qaytarılması ilə bağlı informasiyalar getmişdi.
Dağlıq Qarabağla bütün danışıqların təşəbbüskarı və qərarverəni Azərbaycan Prezidentidir. Onun dəvət etmədiyi ATƏT-in Minsk Qrupunu Bakıya kimlərsə dəvət etmişsə, bu araşdırılmalıdır. Yekun olaraq onu da qeyd edim ki, ATƏT-in Minsk Qrupunun iki həmsədri - Endryu Şefferin (ABŞ) və Stefan Viskontinin (Fransa) İrəvandakı görüşləri haqqında erməni mediası onların Qarabağdakı terrorçularının başçısı Araik Arutyunyanla da görüş planlaşdıqları haqda məlumatlar gedir”.
Ekspertin sözlərinə görə, belə bir görüş baş verəcəyi halda bu, ATƏT-in Minsk Qrupunun onsuz da yararsız olan imicini daha da yerlə bir etmiş olacaq.
Məhəmmədəli QƏRİBLİ