“Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan-Ermənistan-Rusiya formatında həllinə İranın maraqlarından yan keçməklə nail olunmayıb”. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov İran Dövlət Televiziyası və Radiosuna müsahibəsində deyib.
S.Lavrov münaqişə tərəflərinin özlərinin Rusiyanın vasitəçiliyində maraqlı olduqlarını bildirib. Nazir vurğulayıb ki, burada heç bir “gizli” niyyət yoxdur: “İndi münaqişənin həllinə kimin nə vaxt kömək edə bildiyi və ya kömək edə bilmədiyi haqqında düşünmək lazım deyil. Bir daha vurğulayım ki, formatın seçimi Azərbaycan və Ermənistanın seçimi idi. Üçtərəfli bəyanatda (Dağlıq Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılmasına dair) iştirak edənlərin tərkibi məhz bu cür müəyyən edildi. Bunu İran və Türkiyənin hesabına etmək cəhdləri olmadı”.
Rusiya XİN rəhbəri onu da qeyd edib ki, bu işdə İranın mənafelərindən imtina edilməyib və Moskva Tehranın Azərbaycanla Ermənistan arasındakı münasibətlərin ABŞ-ın sanksiyaları kontekstində xüsusi əhəmiyyət kəsb edən İranın tranzit maraqlarına necə təsir edəcəyi barədə narahatlığını başa düşür: “Uzun illərdir hamı tərəfindən təsdiqlənən əsas prinsipdən imtina etmək mümkün deyil: münaqişənin nəticəsi bütün bölgədəki münasibətlərin normallaşması olmalıdır”.
Maraqlıdır, Lavrovun "Dağlıq Qarabağ münaqişəsinin həllinə İranın maraqlarından yan keçməklə nail olunmayıb" fikirləri nə deməkdir? Burada İranın hansı maraqlarından söhbət gedə bilər?
“Lavrov Tehranı əmin etməyə çalışır ki, İranın maraqları nəzərə alınacaq”
Sözügedən məsələyə aydınlıq gətirən politoloq Elşən Manafov bununla bağlı bir sıra məqamlara toxundu: “Məsələ ondadır ki, İran regional dövlət olduğuna görə bölgədə gedən proseslərdən kənarda qalmaq istəmir. Digər tərəfdən, İran Azərbaycanla münasibətlərə çox ciddi önəm verir. Ən azından ona görə ki, Qərb danışıqlar zamanı Azərbaycana müəyyən təzyiqlər göstərməyə çalışırdı. Sonra müəyyən təkliflərlə çıxış etdilər ki, Azərbaycan məhz öz ərazisində perspektivdə İrana endiriləcək zərbələrə şərait yaratsın. Azərbaycan da indiyə qədər buna razılıq verməyib. Çünki biz mehriban dostluq və qonşuluq münasibətlərinin davamlı olmasında maraqlı olmuşuq. Təbii ki, bu baxımdan da regiondakı münaqişənin həlli İranın marağında idi. Nəzərə alsaq ki, Rusiya və İran arasında regionla bağlı bir sıra layihələr var, o zaman münaqişənin həlli bu ölkələrin maraqlarına uyğundur. Heç şübhəsiz ki, problemin həlli zamanı İranın bölgə ilə bağlı maraqlarının nəzərə alınması da anlaşılandır. Birincisi. ona görə ki, İran geopolitik anlamda Rusiyanın bölgədə müttəfiqidir. Bu iki ölkənin mövqeləri üst-üstə düşür. Ən azından, Qərbin regiona buraxılmaması ilə bağlı tərəflər ortaq mövqedən çıxış edirlər. Təbii ki, bu məsələdə İranın mövqeyi nəzərə alınıb. İkincisi, perspektivdə İranın da regional layihələrdə iştirakı gözləniləndir. Yəni bölgə üçün geostrateji əhəmiyyət kəsb edən layihələrdə adıçəkilən dövlətlərlə əməkdaşlığa razıdır. Regionun perspektivdə stabilliyi və təhlükəsizliyi altılıq formatında əməkdaşlıq çərçivəsində mümkündür. O da məlumdur ki, Mehri dəhlizinin işə düşməsi gözlənir. İran bütün bunların fərqində olduğu üçün kənarda qalmaq istəmir. Bu kontekstdə Lavrov Tehranı əmin etməyə çalışır ki, İranın maraqları nəzərə alınacaq. Ancaq Lavrov o məqama da toxundu ki, İran indiyə qədər Dağlıq Qarabağ probleminin həlli ilə bağlı gedən danışıqlarda ATƏT qədər fəal iştirak etməyib”.
Politoloqun fikrincə, Suriyada əməkdaşlıq və digər məsələlərlə əlaqədar olaraq Rusiya İranın maraqlarını nəzərə alır.
Vidadi ORDAHALLI