“Müharibə zamanı beynəlxalq mediaya verdiyim çoxsaylı müsahibələrimdə mən bildirmişdim ki, bizim erməni xalqı ilə problemimiz yoxdur. Bizim davamız işğalçılarladır, ərazimizi işğal edən cinayətkarlarladır. Ermənilər isə hazırda ölkəmizin müxtəlif bölgələrində yaşadığı kimi, təhlükəsizlik və ləyaqət şəraitində yaşaya bilərlər. Onların güzəranları da bizim idarəçiliyimiz altında yaxşı olacaq”.
Bunu Prezident İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən bildirib.
“Nəinki Azərbaycan dövlətinin, hətta Azərbaycan xalqının erməni milləti ilə problemi yoxdur”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə şərhində bildirdi ki, cənab Prezident bununla Azərbaycan dövlətinin yürütdüyü siyasəti bir daha beynəlxalq aləmin diqqətinə çatdırıb və dünyanın Azərbaycan vətəndaşları olan ermənilərin taleyindən narahat olmaması barədə açıq mesajlar verib. A.Həsrət qeyd etdi ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onların da hüquqları Azərbaycanın Konstitusiyası ilə qorunur, odur ki, bəzi qüvvələrin əndişələri əsassızdır. “Ümumiyyətlə, Azərbaycan dövlətinin siyasəti hansısa vətəndaşlarımıza, insanlara münasibətdə onların etnik mənsubiyyətini əsas götürmür. Yəni bizim ölkəmiz demokratik, çoxmillətli, multikultural, tolerant bir ölkədir. Milli etnik köklərindən asılı olmayaraq, istənilən insan burada Konstitusiya və qanunlar qarşısında bərabərhüquqludur. Bu nə deməkdir? Bu o deməkdir ki, dövlətin Konstitusiyasında nəzərdə tutulan bütün hüquq və azadlıqlar hamıya bərabər şəkildə tətbiq edilir. Yəni “sən ermənisən, yaxud başqa bir millətin nümayəndəsisən, sənə daha az hüquq tanıyırıq” kimi məsələ Azərbaycanda yoxdur. Ona görə də bizim erməni milləti ilə, ümumiyyətlə, problemimiz yoxdur. Nəinki Azərbaycan dövlətinin, hətta Azərbaycan xalqının erməni milləti ilə problemi yoxdur. Yəni biz adam ermənidir deyə, o, “ikinci sortur”, yaxud “bizdən deyil, bizə qarşıdır” düşüncəsi ilə yaşamırıq ki... Biz, sadəcə olaraq, torpağımızı işğal edənlərlə, bu işğala haqq qazandıranlarla, bu işğalın arxasında duranlarla dava edirik və onlar da böyük hesabla bəli, ermənilərdir. Yəni ermənilərin içindən bəziləri çıxıb deyirlər ki, Qarabağ Azərbaycan torpağıdır, biz Azərbaycan torpaqlarını işğalda saxlamamalıyıq, o adamlarla bizim normal münasibətlərimiz var, biz onlara “sən ermənisən, biz səninlə danışmırıq” demirik. Azərbaycan dövlətinin siyasəti və Azərbaycan xalqının böyük hesabla yanaşması bundan ibarətdir. Ona görə də düşünürəm ki, cənab Prezidentin bunu təkrar-təkrar özəlliklə də bizi durmadan qaralamaqla məşğul olan şəxslərin, qüvvələrin, dövlətlərin, mərkəzlərin diqqətinə çatdırması vacib məqamdır. Ona görə ki, bəzi qüvvələr hesab edirlər ki, Azərbaycan dövlətinin erməni xalqı ilə problemi var. Azərbaycan da açıq şəkildə bəyan edir və örnək olaraq da göstərir ki, Qarabağdan kənarda 30 min erməni vətəndaşımız yaşayır və onlar erməni olduqlarına görə hər hansı bir problem yaşamırlar, onların heç bir problemi yoxdur”.
A.Həsrətin fikrincə, belə olduğu halda, ermənilər nəyə əsaslanıb iddia etməlidirlər ki, Azərbaycan dövlətinin və Azərbaycan xalqının erməni xalqı ilə problemi var? “Problem ermənilərin özündədir. Onlar düşünürlər ki, bütövlükdə türklər ermənilərin düşmənidir. Biz isə daim deyirik ki, siz necə davransanız, biz də sizə münasibətdə o cür davranacağıq. Yəni anlamaq onların öz problemləridir. Əgər bunu özləri, xüsusən də onları idarə edənlər, özəlliklə də siyasəti yönləndirənlər anlamırlarsa, bu, Azərbaycanın problemi deyil. Azərbaycan cənab Prezidentin cızdığı yolla gedir, bizim erməni xalqı ilə problemimiz yoxdur, problem işğalçı Ermənistanladır. Ermənistan nə vaxt daşı ətəyindən tam tökərsə, səhvlərini etiraf edərsə, Azərbaycan torpaqlarına iddiasından birdəfəlik əl çəkərsə, o zaman Azərbaycanın Ermənistanla heç bir problemi qalan deyil, normal münasibətimiz qurula bilər. Necə ki, Gürcüstanla normal münasibətimiz var. Görürsünüz ki, Gürcüstanda azərbaycanlılar yaşayır, heç görün biz bu ölkəyə qarşı torpaq iddiası irəli sürürükmü? Xeyr. Gürcüstanda ermənilər də yaşayırlar, amma Ermənistan Gürcüstana qarşı ərazi iddiası irəli sürür” - deyə A.Həsrət qeyd etdi.
İradə SARIYEVA