Azərbaycanın tarixi-mədəni, dini irsinin çox böyük bir hissəsi Qarabağın payına düşür. İşğaldan azad edilən Qarabağda və ətraf rayonlarda minlərlə maddi-mədəni, dini irs nümunəmiz var ki, onların da çox böyük bir hissəsi işğal dövründə erməni vandalizminə məruz qalıb, müqəddəs and yerlərimiz, inanc ünvanlarımız düşmən tərəfindən murdarlanıb.
Qarabağ mədəniyyətində dini ocaqlarımız, məscidlərimiz xüsusi çəkiyə, yerə malikdir. Ermənilər dini abidələrimizinin başına min bir oyun açsalar da, onların milli və dini indentikliklərini silə bilməyiblər, həmin örnəklər bizim mənəvi dəyərlər sistemimizin ayrılmaz parçası olaraq tanınırlar.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı ordumuzun müstəsna igidliyi nəticəsində artıq torpaqlarımız işğaldan azad edilib və 30 ilə yaxın düşmən tapdağında qalan, dağıdılan, məhv edilən, təhqir olunan, murdarlanan dini abidələrimizin, məscidlərimizin yenidən həyata qaytarılması prosesinə başlanıb. Belə ki, ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın rəhbərliyi ilə fond tərəfindən Qarabağdakı dini abidələrimizin, məscidlərimizin restavrasiyasına başlanıb.
İndiyə qədər minlərlə abidəyə nəfəs verən Heydər Əliyev Fondunun budəfəki layihəsi Qarabağdakı dini irsmizin, məscidlərimizin bərpasına həsr olunub.
Məlum olduğu kimi, artıq Heydər Əliyev Fondu işğaldan azad olunan ərazilərdə dini abidələrin bərpası üçün işlərə başlayıb.
İşğaldan azad edilən abidələrimizin restavrasiyasına start verilib...
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, mütəxəssis qrupu işğaldan azad olunan ərazilərimizdə ermənilər tərəfindən dağıdılan dini abidələr, məscidlərin bərpasına dair layihəsi üzrə işlərə başlayıb.
Avstriyanın “Atelier Erich Pummer GesmbH” şirkətinin rəhbəri, memar Erix Pummer Ağdam məscidində olub və məscidin mövcud vəziyyətinə dair qiymətləndirmə aparılıb.
Qeyd etdiyimiz kimi, Heydər Əliyev Fondu Qarabağ ərazisində Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başlayıb. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcək. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanıb.
“Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm”
Xatırladaq ki, bir neçə gün əvvəl ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində bununla bağlı paylaşım etmişdi. Paylaşımda deyilirdi: “Əziz həmvətənlər!
Bu günlər biz hamımız Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının qürurunu və sevincini yaşayırıq. 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında, qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində azad edilmişdir.
Əlbəttə, işğaldan azad olunmuş torpaqlarımızdakı hazırkı mənzərəni hər birimiz ürək ağrısı ilə seyr edirik. Erməni təcavüzkarları bu illər ərzində şəhər və rayonlarımızı, oradakı yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıtmış, təbii sərvətlərimizi talan etmiş, bu ərazilərdəki dini, tarixi, mədəni abidələrimizi vandalizm aktlarına məruz qoymuşdur. Bir vaxtlar Azərbaycanın dilbər guşəsi olan Qarabağ bölgəsindəki abadlıqdan əsər-əlamət qalmamışdır.
Amma əminliklə bildirmək istəyirəm ki, Prezident İlham Əliyevin rəhbərliyilə bütün Qarabağ bölgəsini Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirəcəyik. Burada yenidən həyat canlanacaq, bütün rayonlarımız bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarında yaşayıb, yaradacaqlar.
Əziz həmvətənlər!
Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəni və dini abidələrin qorunub saxlanması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Bu gün isə qürur hissi ilə sizə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcək. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanmışdır.
Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaq!”
“Heydər Əliyev Fondunun həyata keçirdiyi bu tarixi əhəmiyyət kəsb edən layihəni...”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, fond tərəfindən həyata keçirilən bu layihə Qarabağın maddi-mədəni irsinin bir parçası olan dini abidələrimizin bərpası baxımından təqdirəlayiqdir. F.Quliyev qeyd etdi ki, indiyə qədər ölkəmizdə Heydər Əliyev Fondu tərəfindən onlarla dini abidə, məscid və ziyarətgah bərpa edilərək xalqımızın ixtiyarına verilib. Qarabağın dini abidələrinin bərpa edilərək yenidən həyatımıza qaytarılmasının fond tərəfindən gerçəkləşdirilən mühüm layihələrdən biri olduğunu deyən F.Quliyevin fikrincə, bu həm də dünyaya bir mesajdır ki, biz öz tarixi, mədəni, dini irsimizə sahib dururuq, onları ən ağır vəziyyətdən xilas edirik.“Torpaqlarımız işğal altında olduğu illərdə buradakı dini abidələrimiz ermənilər tərəfindən mütəmadi olaraq vandalcasına dağıdılıb, qəsdən məhv edilib. Bu gün həmin torpaqlarımız işğaldan azad olunduğu üçün oradakı abidələrin bərpa edilərək yenidən xalqımıza qaytarılması çox əhəmiyyətlidir. Heydər Əliyev Fondunun həyata keçirdiyi bu layihə ilə həmin abidələrimiz bərpa edilir. Faktiki olaraq, Qarabağdakı dini abidələrimizin bərpa edilməsi prosesinin başlanması Azərbaycan tərəfindən tarixi gerçəklik missiyasının, ədalətin bərpası deməkdir. Heydər Əliyev Fondunun rəhbəri, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu tarixi müqəddəs işə rəhbəlik etməsi onu deməyə əsas verir ki, bu layihə çox böyük uğurla həyata keçiriləcək. İşğaldan azad edilən ərazilərimizdəki dini abidələrimizin bərpa edilməsi prosesinə xarici mütəxəssislərin cəlb edilməsi, artıq onların ilkin qiymətləndirmələr aparması təqdirəlayiq haldır. İşğaldan azad edilən ərazilərimizdə ermənilərin dini abidələrimizi, məscidlərimizi vandalcasına dağıdıb məhv etməsi cinayətlərinə dünyanın bütün aidiyyəti təşkilatları sərt reaksiyalar verməlidirlər. Düzdür, İslam Əməkdaşlıq Təşkilatı, Rusiya Müsəlmanları Ruhani İdarəsi, eləcə də dünyanın başqa ölkələrindəki digər müsəlman icmaları bu fakta öz kəskin etirazlarını bildiriblər, erməni vandalizm aktını pisləyiblər. Biz erməni vandalizmi ilə bağlı bu faktları meydana çıxarmaqla bütün dünyaya sübut etdik ki, ermənilər işğal dövründə bizim ərazilərimizdə abidələrimizi dağıdıb, məhv ediblər. Bu da yalançı erməni təxribatına ağır zərbə oldu. Bilirik ki, Azərbaycan torpaqları işğal olunmamışdan əvvəl oradakı bütün xristian abidələri qorunub saxlanmışdı, lakin işğal dövründə ermənilər onların bir qismini məhv edib, bir qismini isə erməniləşdirməyə cəhdlər edib, öz adlarına qələmə veriblər. Amma onların bu yalançı təbliğatı da iflasa uğradı və artıq ermənilərə heç kəs inanmır.
Qeyd edildiyi kimi, artıq Heydər Əliyev Fondu Qarabağın dini irsinin bərpası istiqamətində işlərə başlayıb. Faktiki olaraq, Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu işğaldan azad edilən ərazilərimizdəki bütün dini abidələrimizi bərpa etməklə, onlara yeni nəfəs bəxş etməklə gələcək nəsillər üçün çox tərbiyəvi, çox əhəmiyyətli bir mühitin formalaşdırılmasını təmin edir ki, xalq heç vaxt öz keçmişini, öz dəyərlərini unutmamalıdır. Ermənilər tərəfindən dağıdılan dini abidələrimizin bərpa edilməsi siyasəti gələcəkdə Azərbaycan xalqının etno-psixologiyasında çox müsbət bir setotip kimi formalaşacaq. Bütün elm adamları Heydər Əliyev Fondunun həyata keçirdiyi bu tarixi əhəmiyyət kəsb edən layihəni dəstəkləyir və bu istiqamətdə çalışan mütəxəssislərimiz də bu yöndə öz əməklərini əsirgəməyəcəklər. Bu layihə çox möhtəşəm, genişmiqyaslı layihədir”.
“Tarixi-dini irsimizin, məscidlərimizin bərpa edilməsi çox mühüm hadisədir”
F.Quliyev qeyd etdi ki, ermənilər Ağdam məscidində, sözün həqiqi mənasında, barbarlıq törədib, Şuşadakı Yuxarı Gövhər ağa məscidini qanunsuz olaraq təmir ediblər, özü də milli indentikliyi pozaraq, bu cinayətləri həyata keçiriblər. Ermənilərin Gövhər ağa məscidinə qarşı kütləvi saxtakarlıqlar həyata keçirdiklərini bildirən F.Quliyevin sözlərinə görə, fond tərəfindən bu məscid də əvvəlki tarixi görkəminə qaytarılacaq. “Şuşadakı Yuxarı Gövhər ağa məscidini ermənilər qanunsuz olaraq təmir edərək, bu abidədən bizim izlərimizi silməyə çalışıblar. Amma bu məscid də Heydər Əliyev Fondunun bu möhtəşəm layihəsi çərçivəsində əsaslı şəkildə bərpa ediləcək və bununla da erməni saxtakarlığının bütün izləri silinəcək. Tarixi-dini irsimizin, məscidlərimizin bərpa edilməsi çox mühüm hadisədir” - deyə F.Quliyev vurğuladı.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.