“Minsk Qrupu münaqişənin həllində heç bir rol oynamayıb”. Bunu Prezident İlham Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrlərini qəbul edərkən deyib.
Dövlət başçısı qeyd edib ki, həmsədrlərlə son görüşdən uzun müddət keçsə də, bu vaxt ərzində bir çox hadisə baş verib: “Birincisi, pandemiya bütün dünyada vəziyyəti tamamilə dəyişmişdir. Bununla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti dəyişmişdir. Hazırda regionda tamamilə yeni vəziyyət mövcuddur. Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu. Mən həmsədr dövlətlərin başçılarından olan Prezident Putinin dedikləri ilə razılaşıram ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Mən də həmin fikirdəyəm. Təəssüflər olsun ki, Minsk Qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki, bunu etmək üçün Minsk Qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk Qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir. Beləliklə, Azərbaycan bu məsələni özü həll etmişdir”.
Həqiqətən də ötən müddət ərzndə Minsk Qrupu münaqişənin həlli ilə bağlı heç bir iş görməyib. Qurumun ötən müddət ərzində göstərdiyi fəaliyyət boş ideyalar irəli sürmək, problemin dondurulmuş vəziyyətdə saxlanmasına xidmət etməkdən ibarət olub.
“Prezident onların düşdüyü durumu, bir sözlə ifadə etdi: "İndi buyurun, bəlkə deyiləsi sözünüz var”.
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP sədrinin müavini Afsəddin Nəbiyevin sözlərinə görə, Minsk Qrupu ötən 28 ildə səmərəsiz fəaliyyət göstərib: “Bu baxımdan, Prezidentin səsləndirdiyi tənqidi fikirlərlə tam razıyam. ATƏT-in Minsk Qrupu yeni fəaliyyətə başladığı dövrdə münaqişənin ilk illərində xalqımızın bu qrupdan böyük gözləntiləri vardı. Ancaq zaman ötdükcə, bu qrupun həmsədrlərinin bölgədəki missiyaları turist səfərlərinə bənzəməyə başladı. Düzdür, ara-sıra münaqişənin həllinə yönəlik müəyyən təkliflərlə gündəmə gəlməklə öz mövcudluğunu dünyaya göstərmək üçün gündəm yaratmağı da bacarırdı. Ancaq təkliflər paketi münaqişənin həllinə real təsir imkanına malik deyildi. Əslində, həmsədrlik institutunun böyük üçlüyünü təmsil edən ölkələrin işğalçı Ermənistana münaqişənin dinc yollarla həll olunmasına təsir imkanları ola bilərdi. Ancaq bu illər ərzində Ermənistana təzyiq oluna biləcək heç bir addım atılmadı. Əksinə, münaqişə elə bir mərhələyə çatdı ki, işğalçı Ermənistan rəhbərliyi ortaya yeni "tezis" çıxardı: "Yeni müharibə, yeni ərazilər". Bu artıq o demək idi ki, danışıqlar, sadəcə, vaxt itkisidir. Azərbaycan dövlətinin və xalqının dözüm limiti bir qərinədən (33 il) artıq davam edə bilməzdi. Azərbaycan üçün heç bir şans buraxmayan ermənilərlə hesab vaxtı çatdı. Nəhayət, əsrin üçdə biri qədər olan dövrün zəfər təntənəsi Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı”.
A.Nəbiyev onu da qeyd etdi ki, Minsk Qrupu münaqişənin dinc yollarla həll oluması üçün heç bir əməli addım ata bilmədi: “Daha konkret desək, bununla bağlı ciddi iş görmək istəmədi. Nəticədə quruma heç bir inam qalmadı. Minsk Qrupunun adı gələndə hamıda ikrah hissi yaranırdı. Elə onların bu günlərdə Azərbaycana dəvətsiz səfəri heç bir sözlə ifadə olunmayacaq qədər çox sadə bir həqiqətdir. Prezident İlham Əliyev onların düşdüyü durumu bir sözlə ifadə etdi: "İndi buyurun, bəlkə deyiləsi sözünüz var". Əlbəttə, deyiləsi söz yoxdur. Deyiləcək söz budur ki, 28 il fəaliyyətsiz qurum axı hansı üzlə Azərbaycana gəlir? Azərbaycan dövləti şəhidlərimizin canı-qanı bahasına beynəlxalq hüququn aliliyini təmin etdi. Bu ədaləti şəhidlərimiz, Azərbaycanın Müzəffər Ordusu təmin etdi. Biz onlara minnətdarıq”.
Sədr müavini onu da qeyd etdi ki, artıq Minsk Qrupunun heç bir önəmi qalmayıb.
Vidadi ORDAHALLI