“Putinin müdaxiləsi və səyləri olmasaydı, bu gün, ehtimal ki, vəziyyət başqa cür olardı”. Bunu Prezident İlham Əliyev ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən deyib.
Ölkə başçısının sözlərinə görə, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edildi: “Onlar bunu heç vaxt könüllü imzalamazdılar. Biz onları məcbur etdik, Minsk Qrupu yox! Biz və Prezident Putin. Bu, reallıqdır. Prezident Putinin müdaxiləsi və səyləri olmasaydı, bu gün, ehtimal ki, vəziyyət başqa cür olardı. Lakin biz planlaşdırdığımıza nail olduq. Biz işğal olunmuş bütün yeddi rayonumuzu qaytardıq. Biz qədim Azərbaycan şəhəri Şuşanı qaytardıq. Biz Hadrut qəsəbəsini qaytardıq. Xocavəndin bir hissəsini qaytardıq. Suqovuşanı və digərlərini qaytardıq. Əslində, planlaşdırdığımıza nail olduq”.
Prezident onu da qeyd edib ki, bir çox siyasətçi sülhün qorunması üçün yeganə yolun status-kvonun qalmasından keçdiyini hesab edirdi: “Biz isə bunu dəyişdik. Biz göstərdik ki, status-kvo güc yolu ilə, şücaət, müdriklik, siyasət, səylərin səfərbər olunması, Azərbaycan xalqının həmrəyliyi, Azərbaycan hökumətinin iradəsi, Azərbaycan xalqının əzmkarlığı, Azərbaycan əsgərinin müzəffərliyi sayəsində dəyişdirilə bilər. Haqlı olduğumuzu göstərdik”.
Görünən odur ki, Rusiya prezidentinin müdaxiləsi olmasaydı, ermənilərin vəziyyəti daha pis olardı.
Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirirlər? Rusiya prezidentinin müdaxiləsi olmasaydı, nə baş verərdi?
“Həlledici rolu Azərbaycan Prezidenti və ordusu oynayıb”
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, Putinin müdaxiləsi olmasaydı, daha çox qan axacaqdı: “Bununla yanaşı, biz olan-qalan erməni birləşmələrini məhv edəcəkdik. Bütün hallarda həlledici rolu Azərbaycan Prezidenti və ordusu oynayıb. Biz güc yolu ilə işğal altında olan torpaqların böyük hissəsini azad edə bildik. Düşməni məcbur etdik ki, müəyyən şərtləri qəbul etsin. Təbii ki, proseslərin gedişində Rusiya da öz mövqeyini bildirdi və sözünü dedi. Putinin rolu ondan ibarət oldu ki, çoxlu qan axmasın. Bu da məlum 10 noyabr bəyanatının imzalanması ilə nəticələndi. Bütün bunlar müəyyən dərəcədə yeni qanların tökülməsinin qarşısını aldı. Ancaq ATƏT-in Minsk Qrupu mənasız formada prosesləri izlədi. Ermənistanın təcavüzkarlıq fəaliyyəti ilə bağlı konkret hansısa addımlar atmadı. Rusiya isə proseslərə müdaxilə etdi. Nəzərə almaq lazımdır ki, Rusiya böyük və qonşu dövlətdir. O cümlədən, Ermənistanla da yaxın müttəfiq dövlətdir. Regionda müharibənin dayandırılması Rusiyanın da maraqlarına cavab verir. Çünki Rusiyanın da regionda maraqları var. O baxımdan Rusiyanın rolunu inkar etmək mümkün deyil”.
Politoloq hesab edir ki, Azərbaycan Ordusunun gücü Ermənistanı bizimlə hesablaşmağa məcbur etdi.
Vidadi ORDAHALLI