Azərbaycan dövləti hüquqi müstəvidə Azərbaycan xalqına qarşı törədilən hərbi cinayətlərə görə hüquqi təqib addımlarını davam etdirəcək. Bu cinayətlər beynəlxalq platformalarda zəruri qiymətini almalıdır.
Baki-xeber.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, bütün bunların qiymətləndirilməsi üçün hərbi tribunalın yaradılmasına ehtiyac var.
H.Hacıyev qeyd edib ki, bunlar qisas deyil, ədalətin bərpasıdır.
PA rəsmisi əlavə edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində çoxsaylı cinayətlər törədilib. Bu cinayətlər Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən həyata keçirilib. Bu gün hərbi əməliyyatların gedişi onu göstərir ki, Ermənistan Azərbaycana təcavüz həyata keçirir, mülki əhalinin öldürülməsi Ermənistanın məsuliyyətini təsbit edir: “Bu günə qədər Ermənistan danışıqlar prosesinin formatını dəyişməyə çalışıb. Ermənistan bu gün təcavüz həyata keçirən tərəf olaraq, birbaşa bütün cinayətlərə görə məsuliyyət daşıyır”.
H.Hacıyev qeyd edib ki, işğal edilmiş ərazilərdə mədəni abidələrin məhv edilməsi, mədəni irsin qəsdən məhv edilməsi də hərbi cinayətlərdir: “İşğal edilmiş ərazilərimizdə bu günə qədər qanunsuz məskunlaşdırma siyasəti həyata keçirilir, amma buna zəruri adekvat reaksiya verilməyib. İşğal edilmiş ərazilərin qazanc məqsədilə istifadəsi də hərbi cinayətlərdir. İşğal edilmiş ərazilərdə qeyri-qanuni iqtisadi əlaqələr də qurulub. Mineral yataqlar qanunsuz şəkildə istismar edilib və ölkədən kənara çıxarılıb. Bu qanunsuz iqtisadi əlaqələr nəticəsində hasil olunan maddi resurslar Ermənistanın bank hesablarına keçirilib".
Hikmət Hacıyev deyib ki, ölkə Prezidentinin tapşırığı ilə Ermənistanın Azərbaycana vurduğu ziyanların araşdırılması aparılacaq.
Onun sözlərinə görə, bu vaxta kimi də bu proses aparılırdı, sadəcə o zaman bu proses səthi formada gedirdi. Torpaqlar işğaldan azad olunduqca proses daha dəqiq formada aparılacaq.
Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma aparıb. Yaxın Şərqdən olan erməni əsilli şəxslər işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırılıb. Bunların hər biri müharibə cinayətləri kimi təsnif edilməlidir.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərlə bağlı ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların, yerli və beynəlxalq media qurumlarının nümayəndələri üçün oktyabrın 30–da Baş Prokurorluqda təşkil olunan brifinqdə deyib.
Hikmət Hacıyev deyib ki, Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışında işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma məsələsinə toxunub. Bildirib ki, cinayət əməllərində iştirakla bağlı Ermənistan rəhbərliyində olan insanlar məsuliyyət daşıyır. Azərbaycan məsuliyyət daşıyan şəxslərə qarşı fərdi məsuliyyət tədbirlərini davam etdirəcək. Eyni zamanda, beynəlxalq platformalarda da bunun qiymətinin verilməsi üçün addımlar atılacaq. Hər bir fakt üzrə Azərbaycanda konkret cinayət işi açılır.
Prezidentin köməkçisi, həmçinin bildirib ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdəki mədəni abidələrin, mədəni irsin qəsdən məhv edilməsi də müharibə cinayətləridir.
Baki-xeber.com