Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı səfirliyindən “Bakı-Xəbər”ə verilən məlumata görə, cari ilin 29 0ktyabr tarixində Braziliyanın Parana əyalətinin “İSEPE” universitetində siyasi elmlər namizədi, Dağlıq Qarabağ münaqişəsi üzrə mütəxəssis JoaoXavierin təşkilatçılığı ilə səfir E.Poluxovun “Dağlıq Qarabağ münaqişəsi haqqında müzakirələr – beynəlxalq qanunvericilik” mövzulu onlayn mühazirəsi baş tutub.
Facebook vasitəsilə yayımlanan mühazirəyə universitetin çoxsaylı müəllim və tələbələri və digər iştirakçılar qatılaraq, səfirin təqdimatı ilə tanış olublar. Öz çıxışında E.Poluxov münaqişənin tarixi, hazırki durum, Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrinə qarşı törədilən erməni vəhşilikləri, erməni terrorçularının Azərbaycan və Türkiyəyə qarşı fəaliyyəti və döyüş zonasında muzdluların istifadə edilməsi məsələlərinə dair ətraflı məlumatlar verib. Səfir E.Poluxov münaqişənin həllinə dair ölkəmizin mövqeyini iştirakçıların diqqətinə çatdıraraq, beynəlxalq qanunvericiliyin norma və prinsiplərinin aliliyi, onlara hörmət və şərtsiz yerinə yetirilməsinin başlıca tələb olduğunu bildirib. 27 il BMT-in 4 qətnaməsinə əməl etməyən Ermənistanın ölkəmizi bu məsələnin həllini öz üzərinə götürməyə məcbur etdiyini və müzəffər ordumuzun bunu yerinə yetirdiyini dinləyicilərin nəzərinə çatdırıb. Ölkə rəhbəri, Ali Baş Kamandandın İlham Əliyevin rəhbərliyi altında bütün Azərbaycan xalqı səfərbər olaraq müstəqilliyimizin bərpasının ilk günlərindən ən ağrılı problemi olan Dağlıq Qarabağ probleminin həllinə dair aparılan mübarizənin qələbə ilə bitəcəyi vurğulanıb. Sonda E.Poluxov Braziliya ictimaiyyətini ölkəmizin ədalətli mövqeyini dəstəkləməyə çağırıb və regionda gedən proseslərin elmi tədqiqatının aparılmasının vacib olduğunu deyib.
Öz növbəsində, cənab J.Xavier uzun müddətdir Dağlıq Qarabağ münaqişəsinin elmi araşdırılmalarının aparıldığını, Azərbaycanın mövqeyinin beynəlxalq qanunvericiliyə əsaslandığını və tam ədalətli olduğunu deyib.
Sonda hər iki mühazirəçi çoxsaylı, o cümlədən erməni izləyicilərin suallarını cavablandırıb.
Tədbirin tam yazısı ilə verilən linkdə tanış olmaq olar: https://www.facebook.com/faculdadeisepe/