01/12/2020 18:51
728 x 90

Rusiyadakı erməni əsilli iş adamları arasında Paşinyana qarşı güclü hərəkat yetişir - ilk əlamətlər...

Şakir Ağayev: “...düşmən ölkənin acı durumda olması faktının qabardılması...”

img

Ermənistanın Baş naziri Nikol Paşinyanın öz ölkəsindəki dayaqlarının hamısı artıq çürüyüb, ona qarşı cəmiyyətdə böyük inamsızlıq, etimadsızlıq hökm sürür. Paşinyan işğalçı siyasəti davam etdirdikcə, erməni xalqı ilə onun arasındakı uçurum daha da genişlənir. Əvvəllər sadə vətəndaşlar Paşinyanı sərt şəkildə tənqid edirdilərsə, onun istefası tələbini ortaya qoyurdularsa, indi bu sıraya Ermənistanın yerli və xarici iş adamları, tanınmış şəxsləri də qoşulub.    

Rusiyanın “Monarx” şirkətlər qrupunun baş direktoru, erməni əsilli iş adamı Sergey Ambartsumyan N.Paşinyana açıq məktub ünvanlayıb. Məktubdan da açıq görünür ki, Ermənistanda Baş nazir N.Paşinyanın istefasını tələb edən müraciətlərin sayı artır.

Paşinyana açıq məktub ünvanlayan erməni biznesmenin məktubunda qeyd olunur ki, 2018-ci ildə xalqın inamını qazanaraq hakimiyyətə gələn nazir bu müddət ərzində qarşıya qoyulan tapşırıqların öhdəsindən gələ bilməyib və ölkəni bu gün çıxılmaz vəziyyətə gətirib çıxarıb: “2018-ci ildə erməni xalqı sizə inanaraq daha ədalətli və perspektivli ölkədə yaşayacağı ümidi ilə ardınızca getdi. Amma siz özünüz də inkar etməzsiniz ki, biz indi daha da çıxılmaz vəziyyətdəyik, ümidsiz halda uçurumun kənarında dayanmışıq. Bu vəziyyətdə yeganə çıxış yolu sizin hakimiyyəti ölkəni bu cür böhrandan çıxara biləcək şəxsə təhvil verməkdir. Bu, dalandan yeganə çıxış yoludur”.

  • “...onlar Ermənistanın bir dövlət kimi xilasını Paşinyanın istefasında görürlər”

“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev bizimlə söhbətində bildirdi ki, son bir ayda cəbhədə baş verənlər Ermənistanın və Paşinyan hakimiyyətinin iç üzünü açaraq bütün ermənilərə, o cümlədən də bütün dünyaya göstərdi. “Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları, qazandığı qalibiyyətlər, bir-birinin ardınca ərazilərimizin işğaldan azad edilməsi və digər bütün bu məsələlər Paşinyan hakimiyyətinin sonu ilə nəticələnməli idi. Yəni artıq Paşinyan hakimiyyətinin sonu gəlib, o, hakimiyyətdən getməlidir. 2018-ci ildə Sorosun uşaqları kimi küçədən hakimiyyətə gələn Paşinyan və onun komandası elə bilirdilər ki, hakimiyyəti küçə qanunları ilə idarə etmək olar. Son iki ildə Ermənistanda daha dərinləşən sosial-iqtisadi problemlər bu ölkədə siyasi böhranın daha da kəskinləşməsinə gətirib çıxardı. Ermənistanın cəbhədə gözlənilən ağır məğlubiyyəti düşmən ölkənin istefasını daha da yaxınlaşdırdı. İstər Rusiyadakı erməni əsilli iş adamları, istərsə də yerli iş adamları, başqa vəziyyəti yaxşı anlayan qüvvələr gözəl bilirlər ki, Ermənistanın dövlət kimi mövcudluğunun saxlanmasının yeganə çıxış yolu Paşinyanın hakimiyyətdən getməsidir və o, hakimiyyəti daha anlaqlı bir adama verməlidir. Rusiyadakı iş adamlarının, eləcə də başqa ölkələrdəki ermənilərin Paşinyan qarşısında bu cür tələb qoyacağı gözlənilən idi. Çünki bu gün  Ermənistanın işğal etdiyi Azərbaycan ərazisində qalmasından söhbət getmir, Ermənistanın bir dövlət kimi mövcudluğundan, yaşayıb-yaşamamasından söhbət gedir. Ermənistanda həqiqətən də ağıllı adamlar varsa, onlar tezliklə Paşinyanın istefasına nail olmalıdırlar, danışıqlar masasına oturmalıdırlar və Ermənistanın işğalçı silahlı birləşmələrini Azərbaycan torpaqlarından çıxarmalıdırlar. Yalnız bundan sonra Ermənistanın mövcudluğunu bir dövlət kimi qoruyub saxlaya bilərlər. Paşinyanın apardığı səhv siyasət onu ən yaxın müttəfiqlərindən də təcrid edib. Bu gün artıq Paşinyanın sərsəm idarəetməsinə heç kim şərik olmaq istəmir”.

Ş.Ağayevin fikrincə, Paşinyanın yürütdüyü işğalçılıq siyasətinin mahiyyətini artıq erməni xalqı da, xaricdəki erməni əsilli iş adamları da, başqaları da hiss edir, anlayır və onlar bunun Ermənistanı bir dövlət kimi məhvə apardığını dərk edirlər. “Rusiyadakı erməni əsilli iş adamının da Paşinyana açıq məktubla müraciət etməsi və məktubda düşmən ölkənin acı durumda olması faktının qabardılması Paşinyanı istefaya məcbur edəcək. Artıq xaricdəki iş adamları da Ermənistan vətəndaşları kimi düşünür və onlar Ermənistanın bir dövlət kimi xilasını Paşinyanın istefasında görürlər. Paşinyanın hakimiyyətdən getməsinə sayılı günlər qalıb, bunu özü də yaxşı bilir. Ona görə də son tryuklarından istifadə edərək hakimiyyətinin ömrünü uzatmaq istəyir. Bu, uzun çəkə bilməz. Çünki Ermənistanın artıq hərbi gücü də, insan resursları da tükənib, nəinki beynəlxalq təşkilatlardan, həmçinin də xaricdəki erməni lobbisindən, bu ölkəyə maliyyə ayıran iş adamlarından dəstək ala bilmir. Paşinyanın acı sonluğu yaxındadır, o, hakimiyyətdən gedəcək, bəlkə bundan sonra hakimiyyətə ağlı başında olan adamlar gələ və qonşularla münasibətləri qaydaya sala, işğalçı silahlı birləşmələrini torpaqlarımızdan çəkə. Bundan sonra bəlkə Ermənistanın bir dövlət kimi mövcudluğu qalar” - deyə Ş.Ağayev vurğuladı.

İradə SARIYEVA

Son xəbərlər