Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, oktyabrın 29-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iştirakı, ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyilə 30 erməni hərbçisinin meyiti birtərəfli qaydada Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində Ermənistan tərəfinə təhvil verilib.
Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, bir neçə gün öncə isə döyüş bölgəsində köməksiz buraxılıb gedilən mülki şəxs, 85 yaşlı Yevgeniya Babayan Gürcüstan-Ermənistan sərhədində qarşı tərəfə təhvil verilib.
Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə və humanizm prinsiplərindən çıxış edərək birtərəfli qaydada atılan bu addımlar Azərbaycanın xoş niyyətinin, eləcə də beynəlxalq humanitar hüquq və insani dəyərlərə verdiyi dəyərin göstəricisidir.
Öz növbəsində, Ermənistan tərəfi erməni mülki şəxs, 84 yaşlı Mişa Melkumyanı son anda təhvil almaqdan imtina edərək, növbəti dəfə qeyri-insani davranışını nümayiş etdirib.
Ermənistan öz vətəndaşı, mülki şəxs, 84 yaşlı Mişa Melkumyanı Azərbaycandan təhvil almaqdan imtina etməsini qeyri-adi bəhanə ilə əsaslandırıb.
Ermənistanın hüquq müdafiəçisi Arman Tatoyan xarici mətbuata açıqlamasında bildirib ki, o, Azərbaycan tərəfinin açıqlamasından sonra ölkəsinin müvafiq orqanlara sorğu göndərib. Onun sözlərinə görə, alınan cavablara əsasən, guya bu, M.Melkumyanın səhhəti ilə əlaqədar olub. Qarşı tərəf M.Melkumyanın xəstə olması ilə əlaqədar onu qəbul etməkdən imtina edib.
“…işğalçı ölkə bununla öz vətəndaşlarına qeyri-insani mövqe nümayiş etdirdi”
Hərbi ekspert Rasim İsgəndərov bildirdi ki, Ermənistan hakimiyyətinə qoca, yaşlı, xəstə insanlar lazım deyil: “Bu səbəbdən də düşmən ölkə qoca, xəstə vətəndaşına qarşı qeyri-insani davranışını nümayiş etdirdi. Onlarda səhhətində hər hansı problem yaranan erməni artıq ölkəsi üçün lazımsız hesab edilir. Ermənistanın qoca, xəstə insanan sahib çıxmaması bütün dünyaya bəyan oldu. Bununla dünya ictimaiyyəti İrəvanın öz vətəndaşına sahib çıxmadığını gördü”.
Həmsöhbətimiz hesab edir ki, bu fakt Ermənistanın öz vətəndaşlarına göstərdiyi münasibətin göstəricisidir. Səhhətində hər hansı problem olan şəxs Ermənistana lazım deyil və dərhal həmin şəxsdən imtina etməyə hazırdır. İşğalçı ölkə bununla öz vətəndaşlarına qeyri-insani mövqe nümayiş etdirdi.
Günel CƏLİLOVA