Dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlər yaşanır, COVID-19 infeksiyası hələ də dünya dövlətlərini təhdid içərisində saxlamaqda davam edir.
Azərbaycan da dünyanın bir parçasıdır. Qeyd etdiyimiz kimi, koronavirus sərhəd tanımadan sürətlə yayılır. Son zamanlar isə virusa yoluxanların sayı sürətlə artır. Artıq virusa yoluxma sayı 1000-i keçib. Bu səbəbdən insanların daha məsuliyyətli olması üçün Daxili İşlər Nazirliyi ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərə müraciət ünvanlayıb. Müraciətdə deyilir: “Son vaxtlar paytaxt ərazisində fəaliyyət göstərən şəhərdaxili avtobus marşrutlarında bəzi sürücü və sərnişinlərin tənəffüs yollarını qoruyan tibbi maskalardan lazımi qaydada istifadə etməmələri, eləcə də avtobuslarda həddən artıq sərnişin sıxlığının yaşanması müşahidə edilir. Sərnişinlərin sosial məsafə gözləmədən bir-birilə yaxın təmasda olmaları, qoruyucu tibbi maskalardan istifadə etməmələri onların koronavirus (COVID-19) infeksiyasına kütləvi şəkildə yoluxma risqini artırır. Son bir neçə gündə ölkə ərazisində yoluxma sayının yüksəlmə səbəblərinin daha çox məhz bu faktorlarla əlaqəli olması ehtimal edilir ki, bu da ictimai nəqliyyatda təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə sanitariya-gigiyena qaydalarının pozulması hallarına qarşı inzibati təsir tədbirlərinin daha ciddi şəkildə tətbiqini zəruri edir.
Qeyd olunanlarla əlaqədar xüsusi karantin rejimi qaydalarına riayət etməyən hərəkət iştirakçılarını inzibati məsuliyyətə cəlb olunacaqları barədə xəbərdar edir və ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərdən bir daha xahiş edirik ki, özlərinin və yaxınlarının sağlamlığının qorunması naminə avtobuslarda sosial məsafə saxlamaqla mütləq qaydada tibbi maskalardan istifadə etsinlər”.
Karantin qaydalarına əməl etməyənlər inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar.
“Karantin qaydalarına əməl etməyənlər məsuliyyətə cəlb olunmalıdırlar”
Psixoloq Könül İsmayılova təəssüf hissilə bildirdi ki, bəzi məhdudiyyətlərin aradan qaldırılması, vətəndaşların Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara, sosial izolyasiya tədbirlərinə əməl etməməsi sayəsində koronavirus infeksiyasına yoluxma hallarının sayında artım müşahidə edilir: “Virus təhlükəsindən yan keçdiyimizi düşünən vətəndaşlar qaydalara əməl etməməklə vəziyyəti bir qədər gərginləşdirdilər. Bu da vətəndaşların sağlamlığını qorumaq məqsədilə həftə sonları karantin rejiminin sərtləşdirilməsini zəruri etdi. Vətəndaşlar, ilk növbədə, sosial məsuliyyət hisslərini artırmalı, özləri ilə yanaşı, ətrafdakıların da sağlamlığını fikirləşməlidirlər. Bu səbəbdən də karantin qaydalarına əməl etməyənlərin məsuliyyətə cəlb olunması düzgün qərardır. Belə olarsa, insanlar məsuliyyətini dərk edib, yaxınlarının sağlamlıqlarını təhlükəyə atmazlar.
Onu da qeyd edim ki, artıq biz vətəndaşların maska taxmamasının, məsafə saxlamamasının ölkədə koronavirusla bağlı ab-havanın dəyişməsinin səbəb olduğunun şahidi olduq. Gəlin, özümüzün və ətrafımızdakı insanların sağlamlığı, əvvəlki günlərə yenidən qayıtmaq üçün karantin rejimi ilə bağlı Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edək”.
Günel CƏLİLOVA