09/08/2020 11:59
728 x 90

Əliyevin Trampa məktubunda Qarabağ proseslərini dəyişdirə biləcək məqam – ABŞ öz səylərini artırsa...

Elman Nəsirov: “Qloballaşan dünyada regionun təhlükəli olması digər regionlar üçün də ciddi problemlər yaradır”

img

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa təbrik məktubu göndərib.

Ölkə başçısı 4 iyul – Müstəqillik Günü münasibətilə Trampı, dost Amerika xalqını öz adından və Azərbaycan xalqı adından təbrik edib. Qeyd edib ki, 30 ilə yaxındır iki ölkə arasında uğurlu əməkdaşlıq münasibətləri mövcuddur: “Bu illər ərzində ABŞ şirkətləri ölkəmizdə enerji sektorunun, informasiya-kommunikasiya texnologiyalarının və digər vacib sahələrin inkişafında mühüm rol oynayıblar.

Eyni zamanda, beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi və terrorizmlə mübarizə sahəsində də ölkələrimiz nümunəvi əməkdaşlıq əlaqələri qurublar. Əminəm ki, Azərbaycan-ABŞ dostluq və tərəfdaşlıq münasibətləri birgə səylərimizlə bundan sonra daha da genişlənəcəkdir.

Ümid edirik ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Amerika Birləşmiş Ştatları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktının prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində tezliklə ədalətli həlli istiqamətində səylərini daha da artıracaqdır.

Dünyanın COVID-19 pandemiyası ilə üzləşdiyi bu çətin zamanda Azərbaycan xalqının Amerika xalqı ilə həmrəy olduğunu bir daha qeyd etmək istəyirəm”.

Prezidentin Trampa ünvanladığı məktubda Qarabağla bağlı qeyd etdiyi fikirlər çox önəmli mesajdır. ABŞ-ın həmsədr olaraq münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsində səylərini artırmasına ehtiyac var. Maraqlıdır, sözügedən prinsiplər əsasında Birləşmiş Ştatların səylərini artırması münaqişənin həllində necə rol oynaya bilər?

  • “Birləşmiş Ştatlar həlledici addımlar atmaq iradəsini ortaya qoysa, bu, nəticə etibarilə, münaqişənin həllində yeni imkanlar aça bilər”

Məsələyə münasibət bildirən millət vəkili, politoloq Elman Nəsirov bununla bağlı bir sıra məqamlara toxundu: “Sözügedən məktubda Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərə məhz strateji tərəfdaşlıq kontekstindən qiymət verib. Bir çox fundamental məsələdə hər iki dövlətin ortaq mövqedən çıxış etdiyi qeyd olunub. Xüsusilə də enerji təhlükəsizliyi, beynəlxalq terrorizmə qarşı mübarizə məsələlərində hər iki dövlətin strateji tərəfdaş olaraq birgə səylər ortaya qoyduğu qeyd edilib. O cümlədən, Qarabağ münaqişəsinin qeyd olunan prinsiplər əsasında həlli prosesinə ABŞ-ın dəstəyinin daha da artacağı ilə bağlı inam ifadə olunub. Birləşmiş Ştatlar dünyanın fövqəl dövlətidir. ABŞ münaqişənin həlli ilə bağlı Helsinki Yekun Aktının prinsiplərini əlində bayraq edib bu istiqamətdə həlledici addımlar atmaq iradəsini ortaya qoysa, bu, nəticə etibarilə, münaqişənin həllində yeni imkanlar aça bilər. Prosesin ölü nöqtədən irəli getməsini şərtləndirə bilər. Eyni zamanda, bu, prosesə mane olan Ermənistana qarşı müəyyən təzyiq mexanizmlərinin işə salınmasını şərtləndirə bilər. Ermənistan bu gün görəndə ki, törətdiyi cinayətlər cəzasız qalır, o zaman bu ölkədə arxayınçılıq sindromu formalaşır. Ermənistan Helsinki Yekun Aktı prinsiplərini ayaq altına salıb tapdalayır və buna görə cəzalandırılmır. Ona görə də cənab Prezident bu prinsipləri bir daha dünyanın fövqəl dövlətinə, eyni zamanda, Minsk Qrupunun həmsədrinə çatdırır ki, sözügedən prinsiplərdən istifadə edərək münaqişənin həlli ilə bağlı qətiyyətli bir mövqe ortaya qoymağın vaxtı gəlib çatıb. Bu, nəticə etibarilə, regionda sülhə və təhlükəsizliyə xidmət edə bilər. Qloballaşan dünyada regionun təhlükəli olması digər regionlar üçün də ciddi problemlər yaradır. Ona görə də qloballaşan dünyada Cənubi Qafqazda Ermənistanın yaratdığı bu gərginlik ocağının aradan qaldırılmasında Birləşmiş Ştatlar səylərini artırmalıdır”.

Fövqəl güc olaraq ABŞ imkanlarını səfərbər etsə, o zaman Qarabağ münaqişəsinin həlli sürətlənə bilər.

Vidadi ORDAHALLI

Son xəbərlər