Həmyerlilərinin general-mayor rütbəsi alması biləsuvarlıları belə sevindirdi - Prezidentə müraciət...

“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncamınıza əsasən, polkovnik Nizami Ağoğlan oğlu Məmmədova “general-mayor” hərbi rütbəsi verməyiniz bütün Biləsuvar əhalisinə göstərdiyiniz böyük etimaddır. Müstəqil Azərbaycanın ilk günlərindən bu günə kimi biləsuvarlılar respublikanın inkişafında, ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətlər göstərmişlər. Belə ki, Qarabağ döyüşlərində yüzlərlə biləsuvarlı könüllü olaraq Vətənin müdafiəsinə qalxaraq 109 şəhid vermiş, 22 nəfər döyüşlərdə itkin düşmüşdür. Aprel döyüşlərində ordumuzun göstərdiyi o böyük şücaətdə biləsuvarlılar mətinliklə döyüşərək Vətənə və dövlətə olan sədaqətlərini bir daha göstərmişlər. Bu döyüşlərdə 3 nəfər şəhid olmuş, 17 nəfər isə yaralanmışdır.
...Vətənin müdafiəsində iştirak edən oğullara verdiyiniz qiymətə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, biz biləsuvarlılar Vətənin, dövlətin, dövlətçiliyin və şəxsən Sizin yanınızdayıq. Lazım olsa, Vətən yolunda canımızdan keçməyə hazırıq”.
Bu fikirləri Biləsuvar rayonundan Biləsuvar Rayon Veteranlar Təşkilatının sədri, müharibə veteranı Hacı Məhərrəm Kazımlı Prezident İlham Əliyevə yazdığı məktubda bildirib.
Baki-xeber.com