12/08/2020 00:12
728 x 90

Polisin işini cəmiyyətimizə daha da doğmalaşdırmaq məqsədi - DİN Mətbuat xidmətinin videosu hədəfə necə yetişir...

Əziz Qəmbərov: “Yüksək peşəkarlıqla çəkilən bu videoçarxların Azərbaycan polisini cəmiyyətə, insanlara sevdirmək baxımından əhəmiyyəti böyükdür”

img

Gecəsini gündüzünə qatıb, yorulmadan, usanmadan asayişimizin, təhlükəsizliyimizin keşiyində duran Azərbaycan polisinin dəyərini, qiymətini sözlə ifadə etmək çox çətindir.

2 iyul həmişə yanımızda hiss etdiyimiz asayiş keşikçilərinin peşə bayramı idi. Daxili İşlər Nazirliyi Azərbaycan polisinin 102 illiyi ilə bağlı ictimaiyyətə iki video təqdim edib. Videolardan birini DİN-in Mətbuat xidməti hazırlayıb. Azərbaycan polisinin 102 illiyinə həsr edilən videolarda polisimizin gündəlik fəaliyyət proqramı ifadə olunub. Hər iki videonun  polisin peşəkarlıq fəaliyyətinin dərin və real cizgilərlə göstərilməsində mühüm rolu var.

DİN-in ərsəyə gətirdiyi “Azərbaycan polisi-102” sloqanlı videoçarx cəmi 3 dəqiqə, 35 saniyədən ibarət olsa da, cəsur, cəsarətli, həyatını vətəndaşın sağlamlığı, dövlətin və dövlətçiliyin sabitliyi, təhlükəsizliyi və müdafiəsi uğrunda fəda etməkdən çəkinməyən milli polisimizin canlı obrazına ayna tutub. 

DİN-in Mətbuat xidmətinin təqdim etdiyi 13 dəqiqə, 32 saniyəlik “Azərbaycan polisi-102” videoçarxında isə, sözün həqiqi mənasında, 102 illik şərəfli və məsuliyyətli yol keçən və bu gün də fəaliyyətini uğurla davam etdirən Azərbaycan polisinin tam obrazı canlandırılıb, daşıdığı missiya videolentin dili ilə vətəndaşlarımıza, cəmiyyətə çatdırılıb.

102 il əvvəl 2 iyul tarixində Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirliyinin nəzdində ilk milli polis orqanları yaradılıb. Bu günədək polislərin əsas təyinatı vətəndaşlarımızın təhlükəsizliyinin, onların rahat şəkildə yaşamasının təmin olunmasıdır. Bu gün Azərbaycan cəmiyyəti polisə güvənir və ona etibar edir. Peşəkar kadrların hazırlanmasında əsas rolu xüsusi təyinatlı ali təhsil müəssisələri oynayır.

  • “Bu, gözəl nümunədir və uşaqların, gənclərin gələcəkdə öz taleyini polislik fəaliyyəti ilə bağlamasına, onların bu vacib sahəyə meyl göstərməsinə səbəb olacaq”

Tanınmış hüquqşünas Əziz Qəmbərov “Bakı-Xəbər”ə bildirdi ki, hər iki videoçarx ictimaiyyətdə böyük rezonans yaradıb. Ə.Qəmbərov vurğuladı ki, bu gün izləmə sayına görə də üstün olan bu videoçarxlarda Azərbaycan polisinin əsas missiyası, vətəndaşların sağlamlığı, asayişi, dövlətin təhlükəsizliyi uğrunda verdiyi mücadilə tam əks olunub. O qeyd etdi ki, DİN-in çəkdiyi videoçarxda polisin iş fəaliyyəti real və işıqlı boyalarla təsvir edilib və videonun süjeti vətəndaşın(ların) polisə yazdığı “Azərbaycan polisinə” məktubu ilə başlayır və məktubda Azərbaycan xalqının polisə verdiyi dəyər, ona bəslədiyi güvən, inam, etibar öz əksini tapır. “Hər iki videoçarxa baxanda çox duyğulandım və burada Azərbaycan polisinin əsl obrazını gördüm. Biz polisi həmişə yanımızda bizə dəstək olan, dayaq duran, ümid və güvən yerimiz bilirik. İnanın ki, insanlar polisə çox güvənirlər. Bu videoçarxlar polisin peşəkar fəaliyyətinin, gərgin iş qrafikinin, yorulmadan, usanmadan asayişimizin, təhlükəsizliyimizin keşiyində hansı əzab-əziyyətlər, çətinliklər hesabına dayandığını əyani şəkildə göstərir. Bu, film deyil, polisin işini, peşə fəaliyyətini özündə canlandıran bir salnamədir.    

Hesab edirəm ki, yüksək peşəkarlıqla çəkilən bu videoçarxların Azərbaycan polisini cəmiyyətə, insanlara sevdirmək baxımından əhəmiyyəti böyükdür. Onsuz da cəmiyyətimiz polisi sevir, onu qiymətləndirir. Polisə məhəbbət, polisə hörmət hissi həmişə olub, bu gün də var. Çünki vətəndaş həyatının hər anında polisin qayğısını görür.  “Azərbaycan polisinə” məktubunda bu tam olaraq əks olunub. Deyim ki, koronavirusla mübarizə dövründə Azərbaycan polisinin humanistliyi, cəsarəti və vətəndaşı qorumaq kimi nəcib keyfiyyətləri bir daha üzə çıxdı, biz bunun şahidi olduq. Mən çox istərdim ki, Azərbaycan polisinin bədii obrazı nəhayət ki, çağdaş Azərbaycan kinosuna gətirilsin və polislərimizin peşəkar fəaliyyəti o filmlərdə tam olaraq əks olunsun. Təəssüf ki, bu gün kino işilə məşğul olanlar bunu görməzdən gəlirlər” - deyə Ə.Qəmbərov vurğuladı.

O qeyd etdi ki, bu videoçarxlara baxan gənclər, uşaqlar polisin gerçək obrazından güc alaraq ölkəmizin, dövlətimizin keşiyində duran polislərimizə bənzəmək istəyəcəklər. “Bu, gözəl nümunədir və uşaqların, gənclərin gələcəkdə öz taleyini polislik fəaliyyəti ilə bağlamasına, onların bu vacib sahəyə meyl göstərməsinə səbəb olacaq” - deyə müsahibimiz bildirdi. 

İradə SARIYEVA 

Son xəbərlər