12/08/2020 00:01
728 x 90

Britaniya hakimiyyəti Azərbaycana bu düşmənçilikdən xəbərdardırmı – qondarma “DQR” “universiteti” Oksford rektorlar klubunun üzvlüyündə...

Məhərrəm Zülfüqarlı: “Bütün hallarda, separatçı qurumun hansısa formada orada təmsil olunması beynəlxalq hüquqa ziddir”

img

2005-ci ildə Oksford şəhərində yaradılmış “Avropa Rektorlar klubu” (CRE) Avropa universitetləri arasında elmi-metodiki, tədqiqat və mədəni-maarifçilik sahəsində əməkdaşlığı, inteqrasiyanı dərinləşdirməyə, Boloniya konvensiyası əsasında tədris proqramlarının təkmilləşdirilməsinə xidmət etmək üçün yaradılıb. “Avropa Rektorlar klubu” Azərbaycanda da kifayət qədər tanınr. Klub Azərbaycanın bir sıra universitetlərində elmi konfransların təşkilində aktiv iştirak edib.

Bu arada məlum olub ki, Xankəndi şəhərində yaradılmış və heç bir hüquqi statusu olmayan qondarma “Mesrop Maştots adına universitet” “Avropa Rektorlar klubu”nun üzvüdür. Bu üzvlük sayəsində Dağlıq Qarabağdan olan müəllim-professor heyəti Avropa universitetləri ilə mübadilə proqramlarına cəlb olunur və bundan faydalanırlar. Hələ 2007-ci il mayın 12-14-ü tarixlərində Bolqarıstanın Varna şəhərində keçirilən “Avropa Turizm və Rifah Naminə Akademik Əməkdaşlıq” adlı beynəlxalq foruma qatılan “universitetin rektoru” Donara Qabrileyan “Rektorlar klubu”nun üzvü seçilib və müvafiq sertifikat alıb. Bu çox xoşagəlməyan haldır. Xüsusən də separatçı qurumun təbliğ edilməsində ermənilər bu kimi vasitələrdən geniş istifadə edirlər. Nəzərə alsaq ki, Azərbaycan sözügedən klubla geniş əlaqələrə malikdir, o baxımdan bunu necə aradan qaldırmaq olar?

  • “Bunun da qarşısını əsasən həmin klubla əməkdaşlıq edən Azərbaycan ali məktəbləri ala bilər”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən tarix üzrə elmlər doktoru, professor Məhərrəm Zülfüqarlı bununla bağlı bir sıra məqamlara toxundu: “Ermənilər Dağlıq Qarabağdakı separarçı qurumu, onun qondarma təsisatlarını əsasən qeyri-rəsmi qurumlarda təbliğ edirlər. Xüsusən də Avropa ölkələrində olan ictimai təşkilatlar vasitəsilə bu işi aparırlar. “Avropa Rektorlar klubu” da məhz belə ictimai təşkilatlardan biridir. Yəni bunlar dövlət qurumları deyil. Sadəcə, rektorlar arasında fikir və təcrübə mübadiləsi üçün bir ictimai təşkilatdır. Hərdən toplaşırlar, bir-birilə fikir mübadiləsi aparırlar. Ancaq, bütün hallarda, separatçı qurumun hansısa formada orada təmsil olunması beynəlxalq hüquqa ziddir. Bunun da qarşısını əsasən “Avropa Rektorlar klubu” ilə əməkdaşlıq edən Azərbaycan ali məktəbləri ala bilər. Həmin ali məktəblərin rektorları “Avropa Rektorlar klubu”na müraciət etməklə bunun qarşısını ala bilər. Hesab edirəm ki, onlar buna etiraz etməlidirlər. O üzdən, bunun üzərinə getmək lazımdır. Həmin klub qeyri-hökumət təşkilatı olsa da, bununla bağlı səyləri artırmaq vacibdir. Azərbaycanın Böyük Britaniya ilə çox yaxın münasibətləri var. Bütün imkanları səfərbər edib qondarma bir “universitetin” oradakı təmsilçiliyinə son qoymaq lazımdır. Adətən, ermənilər ilk mərhələdə Ermənistan adı ilə belə klublara yol tapırlar. Sonra isə separatçı qurumu təmsil etdiklərini bəyan edirlər”.

İstənilən halda, Qarabağdakı separatçı qurumun təbliğinə xidmət edən bu kimi halların qarşısı alınmalıdır.

Vidadi ORDAHALLI

Son xəbərlər