11/08/2020 22:55
728 x 90

Qondarma “DQR”-in rəhbəri bundan sonrakı 5 ilin də “separatçılıq proqramını” təqdim etdi - tərəfləri konstruktivliyə çağıran həmsədrlərə meydan oxunur...

Akif Nağı: “Həmin torpaqlardakı bütün strateji planları isə biz özümüz cızacağıq”

img

Qondarma "Artsax prezidenti”  Araik Arutyunyan  “respublikanın” qanunverici və icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə geniş iclas keçirib.

Ermənistan saytları Azərbaycan Respublikasının işğal altındakı 20 faiz torpaqlarında qondarılmış separatçı-terrorçu rejim rəhbərliyinin mətbuat xidmətinə istinadla belə bir məlumat yayıb. Məlumata görə, iclasda Artsax prezidentinin 2020-2025-ci illər üçün proqramı təqdim edilib. Dövlət başçısı çıxışında vurğulayıb ki, proqramda prezidentin və icra hakimiyyətlərinin əsas prioritetləri, həmçinin respublikanın növbəti 5 il üçün inkişafı da yer alır...”

ATƏT-in Minsk Qrupu buna niyə reaksiya vermir? Bu o demək deyil ki, Ermənistan və onun havadarliq etdiyi separatci rejim növbəti 5 ili də qeyri-konstruktiv olmağı düşünür?

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələdə biz kimdənsə münasibət gözləməməliyik: “İllərdir bu münasibəti gözləyirik, ortada heç nə yoxdur. Ermənilərin yaratdığı qondarma rejim və beynəlxalq qurumlar da gözəl bilirlər ki, həmin torpaq Azərbaycana məxsusdur. Şükürlər olsun ki, artıq beynəlxalq təşkilatlarda da bu fikirlər səslənir. BMT-də britaniyalı professorun məruzəsi paylandı ki, oralar Azərbaycan torpağıdır, ermənilər Qarabağda oyuncaq bir rejim yaradıblar. Beynəlxalq təşkilatlar bunu başa düşsələr də, ümumi xətdə Ermənistana təəssübkeşlik edirlər. Həqiqəti hərdən bir dillərinə gətirsələr də, ümumi anlamda Ermənistanın tərəfini saxlamaqdan geri çəkilmirlər. Burda xristian təəssübkeşliyi və başqa amillərin də təsiri var. Bəziləri Ermənistan vasitəsilə regionda möhkəmlənməyə çalışır. Dağlıq Qarabağdakı ermənilər çox gözəl bilirlər ki, tez bir zamanda rədd olub ordan gedəcəklər. Çünki cinayət törədiblər. Bununla yanaşı həm də böyük xəyanət ediblər. Azərbaycan onlara həmin torpağı yaşamaq üçün verdi. Onlar isə xəyanət yolunu tutdular. Azərbaycan onlara birgə yaşayış zamanı heç bir cəza tədbiri tətbiq etməyəcək. Yol verdikləri xəyanətə görə oranı özləri tərk edəcəklər. Məhz bu qorxu onları vadar edir ki, müvəqqəti özünütəbliğlə məşğul olsunlar. Birini çağırıb kino çəkdirirlər, başqa bir yandan 5 illik strategiya qəbul edirlər. Bunların hamısı mənasız addımlardı. Azərbaycan tez bir zamanda öz ərazi bütövlüyünü və süverenliyini təmin edəcək. Həmin torpaqlardakı bütün strateji planları isə biz özümüz cızacağıq. Buna heç kimin şübhəsi olmasın. Bizim müharibədən başqa yolumuz qalmayıb. Yalnız bu yolla biz öz istəyimizə çata bilərik. Səbrsizliklə ölkə başçısının verəcəyi müharibə qərarını gözləyirik”.

İstənilən halda, tərəflərdən konstruktivlik tələb edən ATƏT vasitəçiləri separatçıların bu addımlarına etirazlarını bildirməlidirlər. Çünki belə mövqe ilə xalqları sülhə hazırlamaq qeyri-mümkündür.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər