15/08/2020 14:54
728 x 90

Baş Prokurorluğun DİN-ə peşə təbriki - Azərbaycanda mühüm dövlət orqanları arasında sağlam işgüzar münasibətlərə əvəzsiz sübut faktı

Şəmsəddin Əliyev: “Bu, dövlətin cinayətkarlıqla mübarizə siyasətinin formalaşdırılmasında hüquq-mühafizə orqanlarının koordinasion qaydada işləməsinin bariz nümunəsidir”

img

2 iyul onların - dövlətimizin təhlükəsizliyində gecə-gündüz ayıq-sayıq, qüsursuz dayanan, bütövlükdə isə hər birimizin qarantı olan, cəmiyyətin asayişini qoruyan, nizamda saxlayan Azərbaycan polisinin günüdür.

Azərbaycan dövlətçiliyinin memarı, xalqımızın böyük oğlu Heydər Əliyev tərəfindən imzalanmış 29 may 1998-ci il tarixli Fərmanla iyulun 2-si ölkəmizdə Azərbaycan Polisi Günü kimi qeyd edilir.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Baş Prokurorluğu 2 iyul - Azərbaycan Polisi Günü münasibətilə Daxili İşlər Nazirliyinin (DİN) şəxsi heyətini təbrik edib. “2 iyul Azərbaycan Polisi Günü - Azərbaycan polisinin yaradılmasının 102-ci ildönümüdür.

Xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən imzalanmış 29 may 1998-ci il tarixli Fərmanla iyulun 2-nin Azərbaycan Polisi Günü elan olunması milli polisin çoxillik tarixi və peşə ənənələrinin davam etdirilməsinə təkan verməklə yanaşı, həm də polis əməkdaşlarının əməyinə verilən yüksək qiymətin məntiqi nəticəsi idi.

Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan mütərəqqi islahatlar nəticəsində dövlətçiliyin möhkəmləndirilməsində, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlıqla mübarizədə müstəsna xidmətləri olan Daxili İşlər Nazirliyi orqanları bu gün nüfuzlu dövlət təsisatına çevrilib.

Azərbaycan Respublikasının prokurorluq orqanlarının kollektivi adından peşə bayramı münasibətlə Daxili İşlər Nazirliyinin şəxsi heyətini səmimi-qəlbdən təbrik edir, onlara məsuliyyətli, fədakar və şərəfli işlərində uğurlar arzu edirik” - deyə Baş Prokurorluğun DİN-ə təbrik məktubunda qeyd edilir.

Polis Günü münasibətilə Baş Prokurorluğun DİN əməkdaşlarını təbrik etməsi mühüm dövlət orqanları arasında zəruri olan işgüzar səmimi münasibətdən xəbər verən faktdır. Açıq deyək ki, Azərbaycanda bu praktikaya çox nadir rast gəlinir və bu olduqca dəyərli faktdır. Hesab edirik ki, digər dövlət qurumları arasında da belə münasibət olarsa, çox yaxşı olar. Bu fakt həm də indiki halda polisin fəaliyyətinə prokurorluq orqanlarının müsbət münasibətinin və polisə dəstəyin bir ifadəsidir.

  • “…dövlətə, Vətənə, xalqa, Prezidentin siyasi kursuna sədaqətin canlı təzahürüdür”

“Polisə Dəstək” İctimai Birliyinin rəhbəri, tanınmış hüquqşünas Şəmsəddin Əliyev bizimlə söhbətində qeyd etdi ki, Baş Prokurorluğun DİN əməkdaşlarını təbrik etməsi başqa qurumlar üçün də vacib örnəkdir. “Bu olduqca müsbət haldır və bu qurumlar arasındakı sıx əməkdaşlığın, zəruru, səmimi münasibətin örnəyidir. Əvvəla bu, dövlətin cinayətkarlıqla mübarizə siyasətinin formalaşdırılmasında hüquq-mühafizə orqanlarının

koordinasion qaydada işləməsinin bariz nümunəsidir. Bu gün həm hüquq-mühafizə orqanları, həm prokurorluq orqanları, həm də Dövlət Təhlükəsizliyi Xidməti doğrudan da bu istiqamətdə vahid məqsədlə birləşiblər və bu da öz effektini verir. Hesab edirəm ki, bu, eyni zamanda, dövlətə, Vətənə, xalqa, Prezidentin siyasi kursuna sədaqətin canlı təzahürüdür. Bu yolda bu qurumların hər birinə müvəffəqiyyətlər arzulayıram. Təbii ki, güc birlikdə olanda, məqsəd bir olanda səmərəsi də olur” - deyə Ş.Əliyev vurğuladı.

İradə SARIYEVA  

Son xəbərlər