11/08/2020 23:46
728 x 90

Radikal müxalifətin “Pandemiya iyunda büdcənin ixtisarına səbəb olacaq” proqnozu da boşa çıxdı

Arzuxan Əlizadə: “Təəssüf ki, müəyyən qüvvələr Azərbaycanda hər şeyi qara görmək istəyirlər”

img

Bir ara radikal müxalifət təmsilçiləri böyük şövqlə və əminliklə bəyan edirdilər ki, koronavirus pandemiyası səbəbindən yaranan iqtisadi çətinliklərlə əlaqədar hökumət iyun ayında büdcəyə yenidən baxmaq məcburiyyətində qalacaq. İsrarla deyirdilər ki, belə vəziyyətin yaranması qaçılmazdır. Nəticədə büdcədə əsaslı ixtisarlar ediləcək. Hətta bir sıra sosial xərclərin belə azaldılacağını iddia edirdilər.

Ancaq bütün çətinliklərə rəğmən, büdcəyə yenidən baxılmadı. Hansı ki, bəzi neft ölkələri büdcəyə yenidən baxıb, müəyyən ixtisarlara gedib. Ancaq Azərbaycan həm valyuta gəlirlərini qorudu, həm də 2020-ci ilin büdcəsinə yenidən baxmağa ehtiyac olmadı. Nəticədə radikal müxalifətin daha bir bədbin proqnozu özünü doğrultmadı.

  • “Ölkə iqtisadiyyatının çətinliklərlə üzləşə biləcəyi ehtimalına sevinənlərin məntiqi heç bir halda başadüşülən deyil”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr əvəzi Arzuxan Əlizadənin sözlərinə görə, o cür bədbin proqnozların əsası yoxdur: “Təəssüf ki, müəyyən qüvvələr Azərbaycanda hər şeyi qara görmək istəyirlər. Ancaq onların belə niyyətləri reallaşmır. 2020-ci il üçün dövlət gəlirlərinin 24 milyard manatdan, büdcə xərclərinin isə 26 milyard manatdan bir qədər artıq olması nəzərdə tutulub. O da məlumdur ki, büdcə gəlirlərinin 56 faizinin neft sektorunun, 44 faizinin isə qeyri-neft sektorunun payına düşəcəyi proqnozlaşdırılır. Neft qiymətlərinin düşməsi, təbii ki, Azərbaycanın dövlət gəlirlərinə təsir etməkdədir. Çünki Azərbaycan neft ölkəsidir və daxil olan valyutanın əhəmiyyətli hissəsi də enerji məhsullarının ixracı hesabına formalaşır. Məlum səbəblərdən dünya bazarında neft qiymətlərinin aşağı düşməsi, həmçinin, koronavirus pandemiyası səbəbilə ölkədə karantin rejiminin tətbiqi, əlbəttə ki, iqtisadiyyata öz mənfi təsirini də göstərməyə bilməz. Lakin, yetkililər birinci yarımilin nəticələrinə əsasən hələlik elə bir ciddi problem olmadığını və vəziyyətə nəzarət olunduğunu bildirirlər. Maliyyə naziri Samir Şərifov deyib ki, 2020-ci ilin dövlət büdcəsinin proqnozlarına yenidən baxılması üçün hökumətə müraciət etməyiblər. Şübhəsiz ki, növbəti aylarda daxilolmalardakı vəziyyət büdcənin xərclər hissəsinin azaldılıb-azaldılmaması ilə bağlı qərarın verilməsinə gətirib çıxara bilər. Hesab edirəm ki, hələlik bu barədə proqnoz vermək tezdir. Çünki növbəti mərhələdə hadisələrin necə cərəyan edəcəyi həm də koronavirusun davametmə müddətindən asılı olacaq. Bütün dünyada pandemiya səbəbilə yaranmış mövcud durumda ölkə iqtisadiyyatının çətinliklərlə üzləşə biləcəyi ehtimalına sevinənlərin məntiqi heç bir halda başadüşülən deyil. Vurğulamaq istəyirəm ki,  iqtisadçıların proqnozlarına görə, qarşıdakı aylarda büdcəyə yenidən baxılıb-baxılmamasından asılı olmayaraq, 2020-ci il üçün nəzərdə tutulan sosial proqramların icrası ilə bağlı çətinlik olmayacaq”.

Radikal müxalifətin istəyi odur ki, büdcə gəlirləri azalsın və ölkədə vəziyyət pisləşsin. Fikirləşmirlər ki, belə vəziyyətin yaranmasından daha çox xalq əziyyət çəkəcək. Budur onların düşüncəsi.

Vidadi ORDAHALLI 

Son xəbərlər