Müstəqil Azərbaycanın mühüm dövlət qurumlarından birinin - cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin olunması kimi məsuliyyətli vəzifələri yerinə yetirən milli polisin tarixi 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin tərkibində asayişi mühafizə dəstələrinin yaradılmasından başlayır. Həmin vaxtdan 102 il keçir.
Hər bir müstəqil dövlətin əsas atributlarından biri onun güc strukturları, hüquq-mühafizə orqanlarıdır. Biz bu gün qürurla daxili işlər orqanlarının yaradılmasının 102 illiyini qeyd edə bilərik. Bu, AXC-dən bizə miras qalan böyük bir töhfədir. 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanın ayrı-ayrı mərkəzi icraetmə strukturlarının yaranma tarixi müxtəlif vaxtlarda qeyd olunurdu. Mərhum prezident Heydər Əliyev məhz Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etməklə iyulun 2-də Azərbaycanda Polis Gününün qeyd olunması ilə bağlı fərman imzalayıb. Bilirsiniz ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra müharibəyə cəlb olundu və torpaqlarımızın bir hissəsi işğal edildi. Elə bu dövrdən başlayaraq polislərimiz şücaətlə xidmət etdilər və ön cəbhədə şəhid olanlar arasında polislərimiz də var. Tarix boyu Azərbaycan polisi ictimai asayişin qorunmasında, vətəndaşların təhlükəsizliyinin təmin olunmasında fədakarlıq nümayiş etdirib. Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən, xüsusən də Heydər Əliyev hakimiyyətə gəldikdən sonra daxili işlər orqanlarının fəaliyyətinin yenidən qurulması sahəsində çox böyük işlər görüldü. Avropa təcrübəsi öyrənildi və müharibə şəraitində yaşamağımıza baxmayaraq, daxili stabillik təmin edildi və bu gün də qorunur. Ona görə də biz bu gün rahat şəkildə deyə bilərik ki, Azərbaycan nəinki MDB məkanında, hətta dünyada kriminal vəziyyətin ən aşağı səviyyədə olduğu ölkələrdən biridir.
Məhz polisin peşəkarlığı nəticəsində ölkəmizdə mütəşəkkil cinayətkar dəstələr yoxdur. İnsanların həyatına heç bir ciddi təhdid qeydə alınmır. Eyni zamanda, törədilən cinayətlərin də üstü operativ şəkildə açılır. Azərbaycan polisinin daha bir fədakarlığını biz dünyanı bürüyən pandemiya ilə mübarizədə görürük. Dövlət pandemiya şəraitində insanların sağlamlığı və rifahının qorunması üçün bütün resurslarını səfərbər edib. Eyni zamanda, koronavirusla mübarizədə ön cəbhədə yer alan polislər, həkimlər böyük fədakarlıq nümunəsi ortaya qoymaqla bu prosesə mühüm töhfə vermiş olurlar. İstər karantin rejimi dövründə, istərsə də son günlər bəzi məhdudiyyətlərin yenidən tətbiq olunduğu hazırkı şəraitdə qaydalara əməl olunması, təhlükəsizliyin təmini istiqamətində uğurla fəaliyyət göstərən Azərbaycan polisi böyük fədakarlıq nümayiş etdirir. Onlar vətəndaşlarımızın sağlamlığı və təhlükəsizliyi naminə xidməti borclarını layiqincə yerinə yetirir, virusa yoluxma risqini azaltmaq üçün xüsusi karantin rejimi qaydalarına ciddi riayət edilməsinə nəzarət edir, qanunla müəyyən olunmuş qaydada öz səlahiyyətləri çərçivəsində müvafiq addımlar atırlar. Buna baxmayaraq, bəzi radikal qüvvələr, çətin xidmət şəraitinə baxmayaraq, hər vəchlə polisi qaralamaqla onları provakasiyaya çəkməyə çalışırlar. Biz Yasamalda ba verən hadisələr zamanı bunun şahidi olduq. Buna baxmayaraq, polis təmkinli davrandı və heç bir provakasiyaya getmədi. Bu vacib amili də polisin əsas müsbət göstəriciləri sırasına əlavə edə bilərik.
Azərbaycan polisinin sadalanan 4 istiqamət üzrə fəaliyyətini ekspertlər necə dəyərləndirir?
“Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan polisi bir əsrdən çox olan tarixi dönəmində doğrudan da şərəfli yol keçib:“Müstəqilliyin ilk illərində polis asayişin ölkədə bərpası ilə yanaşı, həm də ərazi bütövlüyümüzün qorunmasında yaxından iştirak edirdi. Həmin müharibələrdə çoxlu sayda polislərimiz şəhid olub, aralarında qazilərimiz var. Azərbaycanın Milli Qəhrəmanları sırasında kifayət qədər polislərimiz var. Bu illər ərzində cinayətkarlığın qarşısının alınması və törədilən cinayətlərin üstünün açılması istiqamətində də Azərbaycan polisinin fəaliyyətini təqdirəlayiq saymaq olar. Bu qiyməti Azərbaycan polisinə yalnız biz vermirik, bir çox nüfuzlu hesabatlarda da bu qeyd olunur. Pandemiya dönəmində Azərbaycan polisi əsl fədakarlıq göstərir. Yəqin ki, yollardan keçəndə isti havada, günəşin altında xidmət aparan polislərimizin fədakarlığını görürüsünüz. Buna baxmayaraq, polisiə qarşı sosial şəbəkələrdə qarayaxma kampaniyalarının da şahidi olduq. Həmin cəhdlər yalnız polislərə yönəlməmişdi, eyni zamanda polislərimizin yaxınlarını, qohumlarını da narahat edirdi. Amma görünən bu oldu ki, Azərbaycan polisi bu məsələdə də əsl səbr, təmkin nümayiş etdirdi. Bir sözlə, polislərimiz hər cür yaxşı tərifə və təbrikə layiqdirlər. Mən onları Polis Günü münüsibətilə ürəkdən təbrik edirəm”.
Doğrudan da ölkədəki stabilliyin qorunması və dövlətçiliyin möhkəmlənməsində Azərbaycan polisinin rolu danılmazdır. Bacardığımız qədər onlara bu çətin fəaliyyətlərində dəstək verməliyik ki, dövlətimizin təməlləri daha da möhkəm olsun.
Məhəmmədəli QƏRİBLİ