Ordunun müasir hərbi texnika ilə təmin edilməsi istiqamətində Azərbaycan bu vaxta kimi çoxsaylı mühüm addımlar atıb. Elə bunun nəticəsidir ki, ötən illər ərzində Azərbaycan xaricdən milyardlarla dollar həcmində çoxsaylı müasir hərbi texnikalar alıb. Eyni zamanda, bunlara paralel olaraq yerli istehsal da yaradılıb və indi ölkəmizdə mindən çox çeşiddə müdafiə təyinatlı məhsullar istehsal olunur.
Daha bir maraqlı məqam ondan ibarətdir ki, bu gün bir sıra ölkələr Azərbaycana birgə silah istehsalı ilə bağlı təkliflər də edir. Məsələn, bu günlərdə məlum olub ki, Gürcüstan Su-25 təyyarələrinin istehsalını Azərbaycanla birgə inkişaf etdirə bilər. Bunu hərbi ekspert Vaxtanq Maisaya “Rezonansi” qəzetinə açıqlamasında təsdiq edir. Onun sözlərinə görə, hərbi təyyarələrin istehsalının bərpası hər iki ölkə üçün sərfəlidir. Belə bir vaxtda Azərbaycanın tank istehsalında qardaş Türkiyə ilə birgə addımlar atmasının mümkünlüyü ilə də bağlı maraqlı məqamlar üzə çıxıb. Bunu tanınmış rusiyalı hərbi ekspert Aleksey Xlopotov da təsdiq edir:“Azərbaycan ordusu həm Rusiya, həm də başqa dövlətlərdən çox düzgün şəkildə silah nümunələri alır. Bu ənənəni davam etdirərək, Azərbaycan Silahlı Qüvvələri dost Türkiyədə istehsalı başlamış ən yeni "Altay" tankına diqqət yetirə bilər. Mənim fikrimcə, Azərbaycan bu proqramda iştirak edəcək və öz arsenalına yüzlərlə belə ən müasir və ən güclü tankları daxil edəcək”.
Azərbaycanın "Altay" tankının istehsalında iştirakı, ekspertlərin fikrincə, həm ölkəmizə böyük dividendlər gətirə, həm də bu silahın ucuz qiymətə ordumuzun ixtiyarına verilməsinə səbəb ola bilər. Məlumat üçün qeyd edək ki, “Altay” Cənubi Koreyanın “K2” tankının müasirləşdirilmiş formasıdır. Tankda “Qara panter”in 60% -dək texnologiyalarından istifadə edilib. Tankın dəyəri isə 5 milyon dollardır. Qeyd edək ki, Koreyanın “K2” tankının imkanları asanlıqla Çin, yaxud Şimali Koreyanın döyüş meydanına çıxara biləcəyi istənilən texnikanı geridə qoyur. Tankda istifadə olunan möhkəm zirehin tərkibi naməlum qalır. “K2” tankının qorunma və əks-hücum mexanizmi mükəmməldir. Bir növ M1A2 markalı ABŞ tankına bənzəyir, amma çəkisi qat-qat yüngüldür. Tank özü avtomatik şəkildə insan müdaxiləsi olmadan hədəfi müəyyən edə və vura bilir. Hədəflər sırasına təkcə maşınlar yox, helikopterlər də daxildir. Düşmənin canına qorxu salan "Altay" isə Türkiyənin hazırladığı 3-cü nəsil müharibə tankıdır. Uzun müddət dizayn mərhələsində olub. Hər cür şəraitdə istifadəsi mümkün olan tank NATO hərəkatının standartlarına uyğundur. O, modern tanklardakı ən yeni texnologiyalarla təchiz edilib. Üstün atəş gücü və hədəfi dəqiq vurma, yüksək hərəkət qabiliyyətinə malikdir. "Altay"da tank komandanı, nişangah, sürücü və doldurucu olaraq 4 nəfər çalışır. Onun üzərində bir çox fərqli sursatdan ata bilən 120 millimetrlik 55 kalibrlik top var. Atış nəzarət sistemi sayəsində hərəkətdə olan hədəfləri belə yüksək dəqiqliklə vurur. Bundan başqa, bu hərbi texnikada hər cür təhlükədən qoruyan zireh heyətə kimyəvi, bioloji, radioaktiv və nüvə təhdidlərinin belə olduğu şəraitdə çalışmağa imkan verir. Xatırladaq ki, bir çox ölkələr, o cümlədən Azərbaycan bu tankla yaxından maraqlanıb. Ölkəmizin Türkiyədən silah idxalında hansısa problem yoxdur və bu mənada "Altay" tanklarının da yaxın tezlikdə ordumuzun ixtiyarında olması tamamilə gözləniləndir. Xüsusən də Azərbaycan istehsal prosesində iştirak edəcəyi təqdirdə bu tanklardan kifayət qədər böyük sayda ordumuzun ixtitarında olması tamamilə gözlənilən sayılır. Onu da qeyd edək ki, Azərbaycan indiyədək Türkiyədən 122 millimetr çaplı “T-122 Sakarya" reaktiv atəş sistemləri, “Qasırğa” raketləri, ROKETSAN şirkətinin istehsalı olan TR-107 artırılmış mənzilli raketləri və digər silahlar alıb. Özü də bunlar kifayət qədər mükəmməl silahlardır. Indi onların sırasına Altay" tanklarının da daxil olması gözlənilir.
Rusiyalı hərbi ekspert Aleksey Xlopotov isə bildirir ki, Azərbaycan Tükiyə ilə yanaşı, digər ölkələrdən də müasir silah alışını davam etdirəcək:“Hazırda Azərbaycan Silahlı Qüvvələri prezident İlham Əliyevin sayəsində ən müasir və effektiv ordulardan biridir. Özü də təkcə regionda deyil, dünyada... Amma necə deyərlər, silah heç vaxt artıq olmur. Azərbaycanın Qarabağ bölgəsini işğal etmiş Ermənistanın açıq-aydın düşmən davranışını nəzərə alsaq, silah satınalmaları bütün istiqamətlərdə davam etdirilməlidir. O bildirib ki, ilk növbədə rabitə və avtomatlaşdırılmış idarə olunan qoşun vasitələrinin inkişafına diqqət yetirilməsi təqdirəlayiqdir:“Düşünürəm ki, burada İsrail və Fransa kimi ənənəvi tərəfdaşlar Azərbaycana kömək edə bilər. Bura hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi də aiddir. Yadda saxlamaq lazımdır ki, hava hücumundan keyfiyyətli qorunmanı təmin etməyənə qədər heç bir hücum uğurlu olmayacaq. Eyni zamanda, öz hava qüvvələrini və ilk növbədə taktiki zərbə aviasiyasını genişləndirmək prioritetdir. Həm pilotlu, həm də pilotsuz aparatlardan istifadə edərək, Azərbaycan Ordusu Qarabağda üstünlüyü tam təmin etmək üçün idarəolunan raket və bombalardan ibarət zərbə komplekslərini işə sala bilər. Bu komplekslərin arasında Bakının əldə edə biləcəyi Türkiyə istehsalı olan “Bayraqdar-TB2”-ni qeyd etmək olar ki, Suriyada Rusiya istehsalı “Pansir-1S”-ləri məhv etmişdi. Yüngül, çoxfunksiyalı helikopterlər və eləcə də yeni trendə çevrilən yüngül qırıcılara da ehtiyac duyulur. Məsələn, Türkiyə istehsalı olan “Hürkuş-S”. Bu qırıcı ilə Azərbaycan ordusu dağların arasında erməni yaraqlılarının kiçik qruplarını asanlıqla təqib və məhv edə biləcək”. Xlopotov qeyd edib ki, Azərbaycanın arsenalında artıq Rusiya istehsalı olan TOC-1A kompleksləri var:“Ancaq onlar kifayət qədər ağır maşınlardır. Mənə elə gəlir ki, manevr və mobilliyi təmin etmək üçün Azərbaycana Rusiyanın yeni hərbi sənaye kompleksinə – onlar iyun ayının 24-də Moskvada paradda nümayiş olunacaq, - xüsusilə TOS-2-yə diqqət yetirməlidir. Düşmənin zirehli texnikasına qarşı mübarizə aparmaq üçün İsrail və Amerika istehsalı olan “Spayk” və “Javelin” raketləri də mühümdür”. Bütün bunlar ordumuzun malik olduğu müasir hərbi texnikaların çeşid və həcminin daha da artacağı deməkdir.
Nahid SALAYEV