Azərbaycanlı hakerlər 3500 erməninin koronavirusa yoluxduğu, həmçinin onlarla əlaqədə olanların siyahısı barədə məlumat yayıb. Bu barədə erməni KİV-i media mütəxəssisi Samvel Martirosyanın özünün Facebook səhifəsində yazdığına istinadən məlumat yayıb.
O, məlumatın hələ təsdiqlənmədiyini vurğulayıb, lakin yazıb ki, bu günə qədər hər şey kifayət qədər etibarlı görünür. Mütəxəssisin izah etdiyi kimi, haker Səhiyyə Nazirliyinin elektron poçtunun sındırıldığını elan edib:
“Ancaq haker hər şey deyə bilər. Xahiş edirəm, məndən heç bir siyahı istəməyin, çünki orda şəxsi məlumatlar var” .
O, hər halda fərdi məlumatların yayılmasının hər zaman təhlükəli olduğunu vurğulayıb. Media mütəxəssisi hansı məlumatların səhv əllərə düşdüyünü bilmədiyini deyib.
Ermənistan Təhlükəsizlik Nazirliyi əvvəlcə belə halın mükünsüzlüyünü bəyan edib. Bir gün sonra isə məlumatların kənara sızdığını təsdiqləyib və bu istiqamətdə zəruri araşdırmaların aparıldığını bildirib. Azərbaycana ünvanlanan bu haker ittihamını nə dərəcədə əsaslı saymaq olar?
İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis, VR360.az şirkətinin direktoru Nicat Qasımlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın bu iddiasını əsaslı saymaq olmaz: “Həmin ölkə ilə biz müharibə şəraitində yaşayırıq. Müasir dünyada müharibə deyəndə eyni zamanda virtual aləmdə və İKT sahəsindəki bəzi hücumlar da nəzərdə tutulur. Sualınızın birinci hissəsinə cavab olaraq bildirirəm ki, Azərbaycanın deyilən sahədə olduqca ciddi mütəxəsissləri var və onlar Ermənistana istənilən sahədə dərs verməyə qadirdir. Ancaq inanmıram ki, belə xırda məlumatı əldə etmək bizim maraq dairəmizdə olsun. Ermənistanın özündə vəziyyət olduqca gərgindir. Daxili qruplar arasında amansız mübarizə gedir. Koronavirusla bağlı isə vəziyyət daha acınacaqlıdır. Paşinyanın özü etiraf edir ki, virusla bacara bilmirlər. Ermənistanda koronavirusla bağlı vəziyyətin nə dərəcədə acınacaqlı olduğu açıq polemikalarda qeyd olunur. Hətta onların mediasında hakimiyyətin real rəqəmləri gizlətdiyi də bəyan edilir, konkret rəqəmlər açıqlanır. Görünür, adlarla bağlı konkret siyahını da hakimiyyətə müxalif olan daxili qruplar mediaya sızdırıb. Onlar daxili rəyi sakitləşdirmək üçün bu ittihamı bizim üzərimizə yönəldirlər. Həmin əməlin bizim hakerlər tərəfindən törədildiyini sübut edən heç bir konkret dəlil ortaya qoyulmayıb. Yalnız fərziyyə əsasında deyilənləri isə iddiadan başqa nəsə saymaq olmaz”.
Məhəmmədəli QƏRİBLİ