Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan "Yalana son!" videoseriyasından olan növbəti videoçarxda Paşinyan ailəsinin qanunsuz metal alverini ifşa edib. O bildirib ki, Paşinyan və həyat yoldaşı Anna Hakobyan 50 min ton metal qırıntısını qanunsuz ixrac edib.
M. Minasyan bununla bağlı konkret faktları sadalayıb. Onun sözlərinə görə, səlahiyyətlilər xaricə metal ixracını sərmayənin cəlb edilməsini və iş yerlərinin yaradılmasını nəzərdə tutan “Bir addım at - layihə” şirkəti vasitəsilə təşkil ediblər. O qeyd edib ki, 2014-cü ildə Ermənistandan 200 ton, 2015-ci ildə sıfır ton, 2016-cı ildə 283 ton, 2017-ci ildə 287 ton metal tullantısı ixrac edilib, lakin 2018-ci ildən etibarən ixracın həcmi kəskin şəkildə artıb və iki ildə 50 min ton metal ixrac olunub. M. Minasyan deyib ki, hər ton üçün ixracatçı 80 min dram (təxminən 200 ABŞ dolları) məbləğində dövlət rüsumu ödəməlidir, lakin qırıntılar ixrac şirkətinə məxsus müəssisənin sənaye tullantılarıdırsa, bu halda rüsum tutulmur. Eyni zamanda, M. Minasyanın sözlərinə görə, Paşinyan və həyat yoldaşı Anna Hakobyan, hansılar ki, gömrük orqanlarının işinə birbaşa nəzarət edirlər, büdcəyə 4 milyard dram (8 milyon dollar) ödəməyiblər: “Onlar Rusiyaya 7000 ton metal ixrac ediblər. Bunu elə bir şəkildə təqdim ediblər ki, guya onu Ermənistanın Kotayk bölgəsindəki istehsal ilə məşğul olan dörd fərdi sahibkardan alıblar və bu onların tullantılarıdır. Ermənistan Ticarət Palatası da müvafiq sənədlər təqdim edib. Anlayırsınız ki, bu artıq mafiyadır?!”.
Göründüyü kimi, Paşinyanın qanunsuz siqaret, brilyant, silah ticarəti ifşa edildikdən sonra onun metal ixracı ilə də məşğul olması ortaya çıxıb. Belə getsə, bütün bunlar Paşinyanın axırına çıxacaq.
“Məlum olur ki, sözügedən qanunsuz ticarətin başında onun həyat yoldaşı Anna Hakobyan dayanır”
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, Paşinyanla bağlı ard-arda belə faktların ortaya çıxması onun üçün pis sonluq vəd edir: “Əvvəla M. Minasyan sabiq prezident Serj Sarkisyanın kürəkəni olduğu üçün qisas alır. Digər tərəfdən, onun əlində bununla bağlı ciddi faktlar var. İlk əvvəl Paşinyanın siqaret, brilyant, silah alveri ilə məşğul olmasını ifşa etdi. Məlum olur ki, sözügedən qanunsuz ticarətin başında Paşinyanın həyat yoldaşı Anna Hakobyan dayanır. Bütün bunlar Paşinyanın demokratik imicinin saxta olduğunu ortaya çıxarır. Bu, erməni cəmiyyətində böyük rezonansa səbəb oldu. Digər tərəfdən, Paşinyan ona etiraz edənlərə qarşı güc tətbiq edir. Bu isə ona qarşı etirazları daha da alovlandıra bilər. Hesab edirəm ki, bunun davamı gələcək. Proseslər belə gedərsə, Paşinyanın devrilməsi qaçılmazdır”.
Vidadi ORDAHALLI