Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” fraksiyasından deputatı Naira Zöhrabyan Avropa Parlamentinin üç deputatının Qarabağa çəkilməsi planlaşdırılan üçüncü yol barədə verdikləri bəyanatı rəsmi İrəvanın tam diplomatik məğlubiyyəti adlandırıb.
Onun sözlərinə görə, bəyanatda Dağlıq Qarabağ və ona bitişik ərazilər işğal edilmiş ərazilər kimi tanınır, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğu vurğulanır: “Avropa Parlamentinin Ermənistan və Azərbaycan məsələləri üzrə daimi məruzəçiləri, o cümlədən Avropa Parlamenti-Ermənistan parlament əməkdaşlığı üzrə Komitəsinin həmsədri təhlükəli və biabırçı bəyanat yayıblar. Mən Avropa Parlamenti-Ermənistan parlament əməkdaşlığı üzrə Komitəsinin keçmiş həmsədri kimi, həmin komitədən heç vaxt bu cür açıq-aşkar antierməni bəyanata rast gəlməmişdim. Sözügedən bəyanat diplomatik rüsvayçılıqdır, bizim bütün xarici siyasət korpusumuzun sərt məğlubiyyətidir. Bundan daha betər antierməni bəyanatı təsəvvür etmək çətindir”.
N.Zöhrabyan onu da qeyd edib ki, həmin bəyanatla bağlı hakim çoxluğun siyasi komandasında hansısa başadüşülməyən və xaotik hərəkətlər müşahidə olunur, bu biabırçı bəyanata görə günahkar axtarmağa çalışırlar.
Görünən odur ki, məlum baş verənlər ermənilər üçün gözlənilməz zərbə olub. Bununla belə, erməni tərəfi Azərbaycanın uğurunu etiraf etmək məcburiyyətində qalıb.
“Danışıqların dayandığı hazırkı dövrdə bu, Ermənistana endirilən tərs şillədir”
Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, həqiqətən də Avroparlamentin məlum qərarı Ermənistana güclü zərbə oldu: “O üzdən, ermənilər bunu həzm edə bilmirlər. Bu, Azərbaycanın diplomatik qələbəsi idi. Sözügedən mötəbər qurum ortaya ədalətli mövqe qoydu. Avropa Parlamentinin məlum qərarı Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı vəziyyəti ortaya qoydu. Bu, hüquqi bir president yaradır və Azərbaycanın ədalətli mövqeyinin qorunmasını özündə əks edir. Eyni zamanda gələcəkdə işğal olunmuş ərazilərin güc yolu ilə azad edilməsinə siyasi dəstəyi özündə ehtiva edir. Ermənistan tərəfi bundan çox narahatdır. Erməni deputatların timsalında bu özünü çox aydın şəkildə göstərir. Təsadüfü deyil ki, müxalif mövqedən çıxış edən erməni siyasiləri bunu Ermənistanın xarici siyasətinin fiaskosu kimi qiymətləndirirlər. Artıq beynəlxalq təşkilatlar Qarabağ məsələsində Azərbaycanın mövqeyini müdafiə edirlər. BMT səviyyəsində qəbul olunmuş ərazi bütövlüyümüzü dəstəkləyirlər. Ona görə də Avropa Parlamentinin məlum qərarı bizim siyasi uğurumuzdur və qarşı tərəf də bunu etiraf edir. Danışıqların dayandığı hazırkı dövrdə bu, Ermənistana endirilən tərs şillədir”.
Vidadi ORDAHALLI