İran artıq açıq formada Ermənistanın İsraildə səfirlik açmasına etiraz edir. Belə ki, Tehranda Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları Ermənistan bayrağını yandırıblar.
Etirazlara rəsmi İrəvanın tezliklə İsraildə Ermənistan səfirliyi açmaq bəyanatı səbəb olub. Aksiya zamanı onlarla İran vətəndaşı Ermənistanın Tehrandakı səfirliyinin qarşısına çıxaraq, İrəvanın bu hərəkətinə etiraz ediblər. İran vətəndaşları bəyan ediblər ki, İran hər zaman Ermənistanın ən ağır günündə qonşu ölkə kimi yanında olub, lakin İrəvanın İranın düşməni olan İsraildə səfirlik açması iki ölkə arasındakı münasibətlərə xələl gətirir və bu xəyanətdir.
Sözügedən aksiyadan sonra Ermənistan səfiri İran XİN-ə çağırılıb, burada İrəvanın İsraildə diplomatik nümayəndəlik açmaq planları ilə bağlı açıqlama verib. İran tərəfi Ermənistanın planlarından narazı olduğunu və bununla barışmaq istəmədiyini gizlətmir. Bəzi ekspertlərin fikrincə, İranın Bakıdakı səfirinin Dağlıq Qarabağın Azərbaycanlı icmasının sədri ilə görüşünü münasibətlərin soyumasının və İrəvana təzyiqin dolayı təsdiqi hesab etmək olar. Bu, İrəvanda İran tərəfin qeyri-dost addımı kimi qarşılanıb. Ermənistanda müşahidəçilər İranla münasibətlərin pisləşməsini Baş nazir Nikol Paşinyanın komandasının xarici siyasətdə uğursuzluğunun dəlili kimi qiymətləndirirlər.
“Paşinyanın bu addımı daha çox Qərbin xoşuna gəlmək məqsədi güdür”
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən siyasi ekspert Ramil Hüseynovun sözlərinə görə, İran tərəfi ilk vaxtlar Ermənistanın belə addım atacağını gözləmirdi: “Daha dəqiq desək, rəsmi Tehran güman edirdi ki, Ermənistan İsraildə səfirlik açmasını bəyan etsə də, proses yubanacaq və yaxud da hansısa mərhələdə təxirə düşəcək. Ancaq onların bu gözləntilərinin əksi baş verməkdədir ki, bu da İranı qıcıqlandırır. Məsələ ondadır ki, Paşinyan Qərbin maraqlarından çıxış edərək prosesi sürətləndirmək istəyir. O ümid edir ki, Ermənistanın bu addımı yəhudi lobbisinin onu dəstəkləməsinə kömək edəcək. Bunun sayəsində Ermənistana siyasi və iqtisadi dəstək veriləcək. Paşinyanın bu addımı daha çox Qərbin xoşuna gəlmək məqsədi güdür. Digər tərəfdən, Rusiyanın İsraillə münasibətləri normal olduğuna görə Kreml Ermənistanın bu addımına qarşı deyil. Ən başlıcası, Ermənistanın hakim dairələrində belə bir rəy var ki, ABŞ tərəfindən İrandakı rejimin devriləcəyi qaçılmazdır. Bu səbəbdən Ermənistanın hazırkı hakimiyyəti prosesləri qabaqlamaq istəyir. Təbii ki, Ermənistanın bu addımı İran tərəfindən xoş qarşılanmamaqla yanaşı, bu ölkə üçün nəqliyyat-kommunikasiya baxımından müəyyən çətinliklər yarada bilər. Yəni bu, Ermənistanın İranla olan siyasi münasibətlərinə mənfi təsir edəcək və nəticədə Tehran müəyyən iqtisadi təzyiq rıçaqlarını işə sala bilər. Ancaq İran buna görə Ermənistanı sərt cəzalandıracaqmı? Nədənsə, bu, real görünmür. Çünki rəsmi Tehran hər zaman öz maraqlarından çıxış edərək bu və ya digər formada işğalçı dövlətə yardımını əsirgəməyib. Bu baxımdan, İran hakimiyyətinin Ermənistan sevgisinin kəskin azalacağı inandırıcı görünmür. Məsələn, işğalçı Ermənistan Qarabağda İslam abidələrinə qarşı vandalizm siyasəti aparsa da, İran buna görə qarşı tərəfə hər hansı bir etiraz etməyib”.
Vidadi ORDAHALLI