Müstəqil Azərbaycan dövlətinin bu gün var olmasında, Cənubi Qafqazın lider dövlətinə çevrilməsində, dünyada böyük nüfuz qazanmasında 1993-cü ilin 15 iyun tarixinin misilsiz rolu var.
Məhz bu tarixdə xalqımızın böyük oğlu Heydər Əliyev xalqın dar günündə onun səsinə səs verib yenidən hakimiyyıtə qayıtmasaydı, bu gün müstəqil Azərbaycanın mövcud olması mümkün deyildi. Çünki həmin dövrdə Azərbaycanın ərazi bütövlüyünə, dövlət müstəqilliyinə həm ölkənin daxilindən, həm də xaricindən çirkli əllər uzanmışdı, o əlləri isə xalqın qəzəbi, inadı və Heydər Əliyevin qətiyyəti kəsdi.
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsində Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib.
Baki-xeber.com xəbər verir ki, paylaşımda ulu öndər Heydər Əliyevin bu sözləri sitat gətirilib: “Müstəqil Azərbaycan dövləti bizim ən böyük sərvətimizdir!”
Prezident 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı təbrikində Heydər Əliyevdən gətirdiyi bir cümləlik sitatla xalqa və dünyaya nə demək istədi, hansı mesajı verdi?
“Müstəqilliyimizi, dövlətimizi, vətənimizi, torpağımızı, bayrağımızı əbədi qoruyacağıq”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Vaqif Abışov baki-xeber.com-a bildirdi ki, Prezident bu iqtibasla Azərbaycanın dövlət müstəqilliyinin əbədi və sarsılmaz olduğunu xalqımıza və dünyaya bir daha bəyan edib. “Düşünürəm ki, Azərbaycanımızın müstəqilliyi yolunda atılan hər bir müsbət addım yüksək dəyərləndirilməlidir. Həqiqətən də Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra keçən 29 illik tarixi boyu dünyaya sübut etdi ki, xalqımız öz müstəqilliyini göz bəbəyi kimi qorumağa hazırdır. Bütün çətinliklərə baxmayaraq, bu gün Azərbaycan xalqı öz müstəqillik yolu ilə inamla irəliləməkdədir. İnşallah, müstəqilliyimizi, dövlətimizi, vətənimizi, torpağımızı, bayrağımızı əbədi qoruyacağıq” - deyə V. Abışov qeyd etdi.
İradə SARIYEVA